Şəmsəddin Abbasov: "Bu gün kanalımız sevilir də, baxılır da, tənqid də olunur" MÜSAHİBƏ

13:45 - 1 Oktyabr 2017

Bu gün “CBC Sport” telekanalının 2 yaşı tamam olur. Ölkə idmanına yeni nəfəs gətirən kanal bir çox yeniliklərlə tamaşaçılarının rəğbətini qazanmağı bacardı. “CBC Sport”un ilk günündən iş başında olan “Xəbərlər”in baş redaktoru Şəmsəddin Abbasov Sport24.az-a verdiyi müsahibədə arxada qalan müddəti və kanalın qarşıdakı planları barədə danışıb.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- İki yaşınız mübarək. “Körpə” böyüyür, “valideynlər”i “tərbiyə”sindən razıdı?
- Buna bizim qiymət verməyimiz doğru olmazdı. Qoy, tamaşaçılarımız qiymətləndirsin. Əlbəttə, daim istəmişik onların zövqünü oxşayaq. Bəzən uğurlu alınıb, bəzən tam istədiklərimizi həyata keçirə bilməmişik. Ancaq daim işimizə məsuliyyətlə yanaşmışıq.

 

- “CBC Sport”un yaranmasını necə xatırlayırsınız?
- Çox çətin idi. Lisenziyanı “Asan radio” ilə eyni gündə aldıq. Lakin qarşımıza hədəf qoyuldu ki, olduqca qısa müddətdə efirə çıxmalıyıq. Elə də oldu. Bir neçə gün ərzində test yayımına start verdik. Əlbəttə, dərhal qüsurlar üzə çıxmağa başladı. Çünki kimin nəyə qadir olduğuna işin gedişatında aydınlıq gəlməli idi. Test rejimində 1 ay çalışdıq və noyabrın 1-dən tamrejimli işə başladıq. “CBC Sport”un yaranmasında bir çox insanın əməyi olub. Ancaq daim bunu demişik ki, ilk baş direktor İlham Rüstəmov kanalın ərsəyə gəlməsi üçün böyük zəhmət çəkdi. Bunu indiki baş direktorumuz Volkan Üst də dəfələrlə daxili iclaslarımızda vurğulayıb. Bu gün kanalımız sevilir də, baxılır da, tənqid də olunur. Kiçik bir ağacdı, kök atır və ümid edirik ki, keyfiyyətli bar verəcək. 

 

- Arxaya boylananda ən uğurlu layihə kimi hansını göstərərdiniz?
- Sevindiricidi ki, uğurlu layihələrimiz çox olub. Başqa cür başa düşülməsini istəmirəm, ancaq hesab edirəm ki, idman xəbərlərinin təqdimatı  ən uğurlu layihəmizdi. Efirə xanım aparıcılar cəlb olundu, əməkdaşlarımız xarici ölkələrdə olanda canlı bağlantılar yaratdıq, daim yeniliklərə can atırıq. Bundan əlavə futbol üzrə Avropa çempionatının final mərhələsindən “Paris gündəliyi”, Əminə Kzımovanın “İmza” verilişini xüsusi qeyd etmək istəyərdim. Bir də regionda NBA-nı yayımlayan yeganə kanal olmağımızı vurğulamaq istəyərdim. Bütün bu uğurların sirri təcrübəli jurnalist və redaktorlardan ibarət heyət toplamağımızdı. Məhz onların sayəsində kanalımıza cəlb olunan gənclər püxtələşir, inkişaf edir. İki il uzun müddət deyil. Deməli, görüləsi işlər daha çoxdu. Sevindirici haldı ki, yaranan gündən bəri iki baş direktorumuz olub və hər ikisi zəngin beynəlxalq təcrübəyə sahib olublar. Həm əvvəlki rəhbər İlham Rüstəmov, həm də indiki baş direktorumuz Volkan Üst bu baxımdan demokratik mühitə olduqca meyllidirlər. Onları birləşdirən əsas xüsusiyyət, istənilən əməkdaşın fikrinə hörmətlə yanaşma, tənqidi qəbul etmələridi.

 

- Sonda tamaşaçıları nə kimi yeniliklərin gözləməsinə dair anons verməyinizi xahiş edərdik...
- Topaz Premyer Liqasının oyunlarını fərqli kameralarla nümayiş etdirəcəyik. Bizdən asılı olmayan texniki məsələlərə görə yubanma olsa da, tezliklə bu problemlər həllini tapacaq. Daha bir layihəmiz ölkəmizdə uzun müddət oynayan əcnəbilərin gözündə Azərbaycanın təsviri, peşəkar karyeralarına aid olmayan mövzularda verilişin hazırlanmasıdı. Nəhayət, tarixi günlərə - "Neftçi"-66, Türyiyə-2002 və s. - nostalji ekskurslar, həmin idmançıların taleyi, müxtəlif peşə sahiblərinin həmin günlə bağlı xatirələri də yeni bir üslubda tamaşaçılara təqdim olunacaq. Əlbəttə, bütün bunlar bir günün içərisində olmayacaq. Ancaq yaxın zamanlarda dediklərimi həyata keçirməyə planlaşdırırıq.

Xəbər xətti