Elxan Məmmədov: "Rəşad Sadıqovun qərarına təəssüflənməmək mümkün deyil"

12:12 - 3 Oktyabr 2017

AFFA-nın baş katibi Elxan Məmmədov Rəşad Sadıqovun Azərbaycan milli komandasında karyerasını başa vurması ilə bağlı qərarına münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, Qol.az saytına açıqlamasında o deyib ki, Rəşad Sadıqov qərarına barədə ona məlumat verəndə xeyli təəssüflənib: “Çünki təəssüflənməmək mümkün deyil. Axı biz onu millinin oyunlarında görməyə adət etmişdik. Hər oyundan əvvəl və sonra onunla mütləq komanda, oyun haqda söhbətimiz olur. 16 ildir millinin formasını geyinən bir futbolçunu Çexiya ilə qarşılaşmadan sonra yola salmaq... Həqiqətən də çətin qərardır. Rəşad millinin formasını ən çox geyinən futbolçudur. 110 dəfə ölkənin əsas komandasının heyətində meydana çıxıb.

 

Bu rəqəmin özü onun milli üçün nə qədər böyük sima olduğunu göstərir.  Son 10 ildə onunla birgə fəaliyyət göstərməyimizlə fəxr edirəm. Bilirəm ki, azarkeşlər də onu axtaracaqlar. Çünki o, həm də komandanın lideridir, ən çətin anlarda futbolçuları ətrafında toplamağı bacarırdı”.

 

E.Məmmədov bildirib ki, bu gün Rəşad həm futbolçu, həm də şəxsiyyət kimi bir çox gəncin kumiridir: “Onun bu qərarına hörmətlə yanaşır və gələcək işlərində də uğurlar arzulayırıq. Sadıqovun gələcəkdə məşqçi kimi də futbolumuza xeyir verəcəyinə əminik”.

 

Xatırladaq ki, Rəşad Sadıqovun kapitanı olduğu milli komandamızda vida oyunu oktyabrın 5-i, Çexiya DÇ-2018-in seçmə matçında olacaq.

Xəbər xətti