Rəşad Sadıqov: "Düşünürəm ki, artıq millidən getməyimin vaxtıdı" MÜSAHİBƏ

21:13 - 4 Oktyabr 2017

“Bizi ciddi rəqib gözləyir. Çexiya yığmasının son 2 matçını izləmişik. Rəqib çox yaxşı formadadı”.

 

Sportal.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov deyib.
 
Millimiz DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sonuncu ev oyununu sabah Çexiyaya qarşı keçirəcək.
 
Bu görüş Sadıqovun yığmanın heyətində keçirəcəyi sonuncu matç olacaq. Matçdan öncə keçirilən mətbuat konfransında Rəşad əvvəlcə bununla bağlı danışıb: “Çexiya yığması hazırda turnir cədvəlində qərarlaşdığı yerə layiq deyil. Şəxsi fikrimdi ki, Şimali İrlandiya millisindən iki baş üstün oyun göstərirlər. Biz də matça yaxşı hazırlaşmışıq. Sonuncu ev matçımızdı. Əlimizdən gələni edəcəyik ki, bütün azarkeşlərimizi və futbol ictimaiyyətimizi yaxşı nəticə ilə sevindirək”.
 
- Millidə 16 il ərzində 110 oyun keçirmisiz. Sabah isə yığmada sonuncu matça çıxacaqsız...
- Bu haqda çox danışmaq olar. Sadəcə, sabah bizi oyun gözləyir. Fikrimin dağılmasını istəmirəm. Komanda şəklində matça köklənmişəm. Birinci gündən əlimdən gələni etmişəm. Nə qədər yaxşı və ya pis alındığına azarkeşlər, futbol ictimaiyyəti qərar verə bilər. Fikrimcə, bu haqda matçdan sonra danışmağa vaxtımız olacaq. Asan qərar deyil. Milli həmişə döyünən ürəyim olub. Amma hər şeyin sonu olur. Əsas odu ki, son vaxtında olsun. Mən də düşünürəm ki, artıq millidən getməyimin vaxtıdı.
 
- Millidə yaxın gələcəkdə rekordlarınızı yeniləyəcək futbolçu görürsüzmü?
- Əvvəla onu deyim ki, penaltini digər futbolçu daha yaxşı vurursa, sabah da o yerinə yetirməlidi. Mənim bu məsələyə yanaşmam belədi. Rekorda gəlincə, elə futbolçularımız var ki, 25-26 yaşında yığmada 60-70 oyun keçiriblər. Mənim rekordum yalnız oyun sayı ilə bağlıdı. Bəzi futbolçularımız var ki, 5-6 il sonra bu rekordumu yeniləyə bilərlər.
 
- Davamçınız olaraq kimi görürsüz?
- Bu sual mənə dəfələrlə verilib. Amma buna konkret cavab vermək olmur. Bəli, namizədlər var. Növbəti seçmə mərhələyə kimi 1 il vaxt qalıb. Yoldaşlıq oyunlarında futbolçuların özlərini necə göstərməsindən çox şey asılı olacaq. Baş məşqçimiz Robert Prosineçkiyə minnətdarlığımı bildirmək istəyirəm. Xorvatiyaya 0:6 hesablı məğlubiyyətdən sonra yığma karyeramı bitirmək istəyirdim. Mahmud Qurbanov mənə tələsməməyi məsləhət gördü. Çıxdım otaqdan, amma mətbuatdan heç kim yox idi. Sanki Allahın qisməti idi. Sonra Prosineçki yığmaya gəldi. Mən bir az “sönmüşdüm”, amma o, məni çox motivasiya etdi. Yığmada 100 oyun keçirmək arzum var idi. İtaliya ilə görüşdən öncə məşqçiyə dedim ki, milli karyeramı bitirmək istəyirəm. Amma o, yenə məni fikrimdən daşındırdı. Buna görə peşman deyiləm. Yığmada ən maraqlı seçmə mərhələni keçirdim. Yaxın ətrafıma demişdim ki, dünya çempionatına çıxmaq şansımız nə vaxt bitsə, karyeramı bitirəcəm. Amma Şimali İrlandiyaya məğlubiyyətdən sonra yenə Prosineçki ilə danışdım. Ona dedim ki, artıq missiyam başa çatıb, yığma isə AÇ-2020-nin final mərhələsinə çıxmağı hədəfləməlidi. Lakin yenə məni fikrimdən daşındırdı. Bu dəfə isə qərarım qətidi. Özünə də dedim ki, sənin icazənlə artıq yığma karyeramı bitirmək istəyirəm. Çünki həm milli, həm də özüm üçün ən doğru qərar budu. Bundan sonra yığmada kapitanlıq sarğısını Rahid Əmirquliyev daşıyacaq. Onun bu missiyanın öhdəsindən layiqincə gələcəyini düşünürəm. Həm Rahidə, həm baş məşqçiyə, həm də millimizə uğurlar arzulayıram. (Apasport.az)

Xəbər xətti