Rəşad Sadıqov: “Bu, mənim əlçatmaz arzum idi” MÜSAHİBƏ

23:35 - 5 Oktyabr 2017

Milli komandamız DÇ-2018-in seçmə mərhələsində Çexiyaya 1:2 hesabı ilə uduzub.

 

Sportal.az xəbər verir ki, oyundan sonra yığmada son matçını keçirən Rəşad Sadıqov jurnalistlərə müsahibə verib.

 

- Millidə sonuncu oyununda məğlubiyyətlə üzləşdin. Matç barədə təəssüratlarını bölüşərdin...

- Oyundan qabaq da qeyd etmişdim ki, yaxşı rəqibdirlər. Baxmayaraq ki, bizdən geridə idilər, amma yaxşı komandadırlar. Mən fikrimin üstündə qalıram ki, Çexiya Şimali İrlandiyada qat-qat üstün komandadır. Rəqib səviyyəsini ortaya qoydu və qalib gəldi.

 

- Komandanın üzvləri bildirmişdi ki, Rəşad Sadıqova görə bu oyunda qalib gəlməyə hazırıq. Bəlkə həddən artıq motivasiya olmaq “yanmağa” səbəb oldu?

- Mən həddən artıq motivasiya görmədim. “Yanmağlıq” bir şey görmədim. Rəqib bizdən üstün idi. Düşünürəm ki, daha yaxşı oynama bilərdik. Bu, yaxşı oyunumuz deyildi. Qol fürsətlərimiz oldu. 1 xalla bəlkə də ayrıla bilrdik, amma alınmadı.

 

- Hesab bərabərləşdikdən sonra nə düşünürdün?

- Düşündük ki, oyunun axarını dəyişə bilərdik. Ancaq bu baş vermədi.

 

- Millinin heyətində son matçını keçirdin. Yığmada nələri əldə etdin, nələrə nail ola bilmədin. Yığma karyeran haqda danışardın…

- Hər bir idmançının arzusudur ki, böyük turnirdə çıxış etsin. Bu da mənim əlçatmaz arzum idi. Bu tsikldə buna yaxın idik. Amma Şimali İrlandiya ilə matçda bunu əldən verdik. Buna görə təəssüf hissi keçirirəm. Amma 16 il yığmanın üzvü oldum. Bunu hər oyunçu arzu edə bilər. Hamıya təşəkkür edirəm: məşqçilərə, futbolçulara, azarkeşlərə, federasiyaya. Hamı haqqını halal etsin. Düşünürəm ki, milliyə daha yaxşı xeyir verə bilərdim.

 

- Sirr deyilsə, xəyal etdiyin sonluq var idi?

- Qələbə qazansaydıq, qrupda 3-cü ola bilərdik. Çexiya və Norveç kimi milliləri qabaqlamaq yaxşı nəticə sayılır.

 

- Millini kənardan izləmək sənin üçün necə olacaq?

- Əlbəttə, bu, çətin olacaq. Hər bir işin sonu olduğu kimi, mən bununla barışmalıyam.

 

- Almaniya qarşısında oyanamasan da, səfərə yollanacaqsan?

- Bəli.

 

- Robert Prosineçki Dəniz Yılmazı Almaniya ilə oyuna start heyətdə çıxarmaq istəyib, amma milliləşdirilmiş forvard mövqeyindən narazı olduğu üçün bundan imtina edib. Bu haqda məlumatın var idi?

- Bu, baş məşqçi və futbolçu arasında olan problemdir. Biz bu məsələdən xəbərdar deyilik.

 

- Elə bil sakit getdin… 16 il yığmada oynayan futbolçunun gedişi başqa cür olmalı idi…

- Məğlubiyyəti həzm edə bilmirəm. Bu gün qələbə istəyirdim. Alınmadı. Ona görə məyusam.

 

- Azarkeşlər səni ürəyincə yola saldı?

- Əlbəttə. Hamısına təşəkkür edirəm.

Xəbər xətti