Aqil Nəbiyev: "Səbail"dən geri qalan komanda deyilik" MÜSAHİBƏ

00:49 - 9 Oktyabr 2017

I Divizionun 2-ci turunda "Şüvəlan" öz meydanında "Ağsu"nu 3:0 hesabı ilə məğlub edib.

 

Qarşılaşmadan sonra meydan sahiblərinin baş məşqçisi Aqil Nəbiyev Sportal.az-a müsahibə verib:

 

- Matç haqda fikirlərinizi bildirərdiz...

- Bilirdik ki, oyun çətin keçəcək. Çünki, "Ağsu"nun oturuşmuş heyəti var. Neçə ildir futbolçular bir yerdə oynayırlar. Deyərdim ki, çempionatın ən çətin oyunlarından birini keçirdik. İlk oyunda şanssız şəkildə məğlub olmuşduq. "Ağsu"yla oyunda həmin məğlubiyyəti unutdurmaq istəyirdik. Çalışırdıq ki, qələbə qazanaq. Həqiqətən çox ağır oyun oldu. Əsas odur ki, komanda istəkli oldu, əzmkarlıq göstərdi və 3:0 hesablı qələbə qazandı. Qarşıda daha da çətin oyunlarımız var. Ona görə də bu oyunu yaddan çıxarıb, qarşıdakı matçlara hazırlaşmalıyıq. 

 

- Komandanızın oyunu sizi qane etdi?

- Demək olar ki, yox. Komandamdan 60 faiz razı qaldım. Çünki bəzi boşluqlar, yersiz hərəkətlərimiz, bəzi səhvlərimiz var. Çalışacağıq ki, bu səhvləri aradan qaldırıb, daha da irəli gedək. Biz yeni formalaşmış komandayıq. Hələ belə şeyləri komandadman gözləyirəm.

 

- İlk turla ikinci tur arasında 4 gün fasilənin olması çətinlik yaratdı?

- Bu, tək bizim üçün deyil. Digər rəqiblər də bizimlə eyni gündə oynayırlar. Ümumiyyətlə belə oyunlar futbolçu üçün daha yaxşıdır. Çünki, komanda formalaşır, həm fiziki durum, həm də praktika baxımından yaxşıdır. Amma çempionata yeni başladığımız üçün bəzi fiziki problemlər ola bilərdi. Buna baxmayaraq 3 gün ərzində komandanı düzgün hazırlaya bildik ki, oyuna hazır olsun.

 

- Hakimin idarəçiliyindən razı qaldız?

- Mən heç vaxt hakimlər barədə danışmaq istəmirəm. Fariz Yusifov təcrübəli hakimdi. Təbii ki, həyatda hamımız səhv edirik. Gördüyü qərarları verdi. Bir-iki epizodda bəlkə bir az aqressivlik etdim. Amma hakimlər haqda artıq söz deyə bilmərəm. Çünki onların hamısı mənim dostlarım, yaxınlarımdır.

 

- Azərbaycan kubokunun püşkü atıldı. Bu haqda fikirləriniz necədir?

- Biz mübarizəyə 1/8 finaldan başlayacağıq. "Səbail"lə öz meydanımızda oynayacağıq. Çalışıb mərhələ keçən tərəf biz olacağıq. Evimizdə oynayacağıq. "Səbail" də yeni yaranmış komandadır. Premyer Liqa təmsilçisidir. Amma biz də onlardan geri qalan komanda deyilik.

Xəbər xətti