Uqo Barqas: "Oyunumuzda artım var" MÜSAHİBƏ

00:05 - 16 Oktyabr 2017

Topaz Premyer Liqasında 8-ci turun son matçında “Neftçi” - “Səbail” oyunu "ağ-qaralar"ın qələbəsi ilə başa çatdı - 4:0.

 

Sportal.az xəbər verir ki, matçdan sonra “Neftçi”nin futbolçusu Uqo Barqas jurnalistlərin suallarını cavablandırıb:

 

- Uzun müddətdən sonra böyükhesablı qələbə qazandınız. Matçla bağlı fikirlərin necədi?
- Oyunun əvvəlində istədiyimiz oyunu sərgiləyə bilmədik. Çünki adi epizodlar zamanı ötürmə səhvləri edirdik, topu itirirdik. Lakin ilk 10 dəqiqədən sonra komanda özünə gəldi və öz oyunumuzu tapdıq. Düşünürəm ki, oyundan-oyuna vəziyyətimiz yaxşıya doğru gedir. Fikrimcə, bu gün rəqib komandanın qarşısında təhlükəli vəziyyətlər yaratdıq və bunlardan yararlandıq. Amma daha çox qol vura bilərdik. "Neftçi" azarkeşlərini və bütün klub rəsmilərini qələbə münasibəti ilə təbrik edirəm.

 

- "Neftçi"nin heyətində ilk dəfə dubl etdin. Şəxsi nəticə sənin üçün nə dərəcədə önəmlidi?
- İlk dublumu rəsmiləşdirdiyim üçün çox sevinirəm. İnanıram ki, bundan sonra daha çox qol vurub komandama xeyir verəcəyəm. Ötən mövsüm az şans qazanırdım, davamiyyət olmurdu və bu, oyunumda eniş yaradırdı. Son 3 oyunda məşqçimiz mənə inanır və bu mənə əlavə motivasiya verir. Oyundan-oyuna daha yaxşı oynamağa çalışacağam.

 

- İlk dövrədə "Səbail"ə məğlub olmuşdunuz, bu gün isə darmadağınla qələbə qazandınız. Maraqlıdı, oyuna hazırlaşan zaman yeni baş məşqçi sizə necə motivasiya verir?
- Ola bilər ki, komandada fiziki cəhətdən axsaqlıq var idi. Milli komandaların oyunlarına görə yararan fasilə zamanı bu çatışmazlığı aradan qaldırmağa çalışdıq, öz üzərimizdə işlədik və bunun nəticəsini oyun zamanı gördük. Nəinki fiziki durum, oyunumuzda da artım var. Bütün bunlar komandanın istəkli olmasından irəli gəlir. Biz döyüşçülərik və hamımız yumruğu bir nöqtəyə vurmağa çalışırıq.

 

- 3 qolla "Neftçi"nin bombardirisən və azarkeşlər səndən daha çox qol gözləyirlər. Necə düşünürsən, "Kəpəz"lə oyunda fərqlənə biləcəksənmi?
- Sabahdan "Kəpəz"lə oyunun hazırlıqlarına başlayacağıq. Ümumiyyətlə, oyuna komanda şəkilində yaxşı hazırlaşmalıyıq. Bizi Gəncədə çətin oyun gözləyir və azarkeşlərimizə demək istəyirəm ki, həmin oyunda əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam.

Xəbər xətti