Ayxan Abbasov: "O, bu hərəkətinə görə cəzalanacaq"

19:36 - 21 Oktyabr 2017

“Gərgin oyun oldu. “Sumqayıt”dan belə oyun gözləyirdik”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abasov deyib. “Qartallar” Topaz Premyer Liqasının IX turunda səfərdə “Sumqayıt”a 1:2 hesabı ilə məğlub olub. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib:

 

- Oyuna hazır idik, erkən qol da vurduq. Lakin qoldan sonra səhvlər etdik. İkinci qolu vura bilsəydik, daha yaxşı olacaqdı. Deyərdim ki, bu gün çox zəif etdik. Bəzi futbolçularımız zədəli-zədəli meydana çıxmışdılar. Düşünürəm ki, məğlubiyyət bizim üçün faciə olmayacaq. Çalışacağıq ki, növbəti oyunlarda özümüzü yaxşı tərəfdən göstərək.

 

- Kamal Bayramov bu gün çox yaxşı oynadı. Onu növbəti oyunlarda da meydanda görə bilərik?

- Keçən mövsüm də Kamala şans vermişdik. Bu gün Kamalı start heyətə layiq gördüm və ona inandım. Bundan başqa, Anar Nəzirovun kiçik zədəsi var.

 

- Qabriel Matey əvəzlənən zaman etiraz etdi. Nə baş vermişdi?

- Futbolçulara tapşırmışıq ki, etirazlarını özlərində saxlasınlar, amma Matey bunu bacarmadı. Mən Mateyin narazılığına etirazımı bildirdim. Ümumiyyətlə, yerli və legioner futbolçular arasında fərq qoymuruq. Matey bu hərəkətinə görə cəzalanacaq.

 

- Təmkin Xəlilzadə və Riçard Qadzenin adı “Qarabağ”la birgə hallanır. Bu  məsələ gündəmdədi?

- Bu məsələ ilə bağlı rəsmi söhbət olmayıb. Əlbəttə, futbolçumuza təklif gəlirsə, bu, bizi sevindirir. Təkliflər klubun xeyrinə olsa, fikirləşə bilərik.

 

- Sizin fikrinizcə, Təmkin "Qarabağ"da oynamaq gücündədi?

- Bəli, Azərbaycanın əın perspektivli futbolçularından biridir. Amma Təmkin öz üzərində çox işləməlidi. Bu gün “Sumqayıt”da da gənc oyunçular var, Samir Abasovun gördüyü iş göz qabağındadı. İnanıram ki, gələcəkdə həm “Sumqayıt”da, həm də “Zirə”də perpektivli futbolçular çox olacaq. (Futbol11.az)

Xəbər xətti