Emin Mahmudov: "Azərbaycana üz tutduğuma görə üzülmürəm"

“Bizim üçün çətin oyun oldu. “Kəpəz” yeni stadionund ilk oyununu keçirirdi. Mən özüm də ilk dəfə idi Gəncədə idim, atmosfer xoşuma gəldi”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Emin Mahmudov deyib. “Ağ-qaralar” Topaz Premyer Liqasının IX turunda səfərdə “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib. Oyundan sonra Gəncəyə ezam olunan əməkdaşımızın suallarını cavablandıran təcrübəli yarımmüdafiəçi fikirlərini bildirib: “Əvvəlki oyunlarda tribunalarda bu qədər azarkeş görməmişdim. Bizim üçün səfər oyununun çətin keçəcəyini bilirdik”.

 

Mahmudov komandanın uğurlu çıxış etməsində baş məşqçi Tərlan Əhmədovun rolunun olduğunu deyib: “Əlbəttə, biz yerdə işləyirik, öz üzərimizdə çox çalışırıq. Əslində, məşqçimizin gördüyü iş hiss olunur. Düşünürəm ki, “Neftçi” kimi komanda aşağı pillələrdə olmamalıdı. Biz bu qələbə ilə kifayətlənməməli və növbəti oyunlarda yaxşı çıxış etməliyik”.

 

Yarımmüdafiəçi “Neftçi”də əvvəlki formasını bərpa edə biləcəyinə inanır: “Əlbəttə ki, kollektivimiz və məşqçimiz mənə çox kömək edir. “Boavişta”da çox oynamırdım, oyun praktikasından əziyyət çəkirdim. Fikrimcə, “Neftçi”də əvvəlki formamı bərpa edə biləcəyəm”.

 

Millimizin üzvü Portuqaliyanın “Boavişta” klubundan ayrılmasından da söz açıb: “Mənə nəyə görə şans verilmədiyini bilmirdim. Komandanın heyətində qol vurduqdan sonra da şans qazanmadım və düşündüm ki, dəyişiklik etmək lazımdı”.

 

Oyunçu Portuqaliya klubunu “Neftçi”yə dəyişdiyinə görə üzülmür: “Sözün düzü, buna üzülmürəm. Bu, mənim seçimimdi və seçimimdə yanılmamışam. Yalnız inkişaf etmək niyyətindəyəm”.

 

Emin son iki qarşılaşmada millidən kənarda qalmasına da münasibət bildirib: “Təəccüblənmədim. Çünki fiziki cəhətdən hazır deyildim. Dəvət almamağımdan istifadə edib, özümə gəldim. İnanırm ki, bundan sonra milliyə dəvət alacağam”.

 

O, millimizin baş məşqçisi Robert Prosineçkidən də danışıb: “Əlbəttə, baş məşqçimiz qalsa yaxşı olar. Amma getməyinə heç nə deyə bilmərəm. Əsas odu ki, hər şey milli üçün yaxşı olsun”.

Tarix: 22 Oktyabr [00:03]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Noyabr 2017
23  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio