Liderlərin məğlubiyyətsizliyinə son qoyuldu

13:30 - 23 Oktyabr 2017

Topaz Premyer Liqasının ilk 8 turunu məğlubiyyətsiz arxada qoyan hər iki komanda həftəsonu keçirilən görüşlərdə seriyasının qırılmasına üzülüb.

 

Sportal.az xəbər verir ki, IX turadək ilk 2 pillədə qərarlaşan “Qarabağ”la “Zirə” səfər görüşlərində uduzmaqla mövsümdə ilk məğlubiyyətini alıb.

 

Sumqayıtda meydan sahiblərinə 1:2 hesabı ilə yenilən zirəlilər 14 matçlıq seriyanı davam etdirə bilməyib. Ayxan Abbasovun yetirmələri sonuncu dəfə 222 gün öncə uduzmuşdu. Bu il martın 13-də səfərdə “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olduqdan sonra bakılılar ötən mövsümün 6, cari mövsümün 8 matçından xalsız ayrılmamışdı.

 

“Qəbələ”yə rəqib meydanında 0:1 hesabı ilə uduzan “Qarabağ”ın seriyası daha uzun sürüb. Ötən mövsüm son 8, cari mövsümdə isə 7 qarşılaşmada uduzmayan Qurban Qurbanovun yetirmələri 15 matçlıq seriya ilə vidalaşıb. 236 gündən sonra xalsız qalan ağdamlılar sonuncu dəfə fevralın 28-də “İnter”lə ev oyununda yenilmişdi – 0:1.

Xəbər xətti