"Xanımlarımız çoxdan bu səddi aşıblar" MÜSAHİBƏ

14:57 - 26 Oktyabr 2017

“CBC Sport” telekanalının aparıcısı, “Kəpəz”in sadiq azarkeşi kimi tanınan Vəfa Ağabalayeva Gəncə klubunun rəsmi saytına müsahibə verib.

 

Sportal.az sizi həmin müsahibə ilə tanış edir:
 
- Azərbaycanda xanımların futbola münasibəti fərqlidir. Ona görə Vəfa xanımın futbola sevgisi haradan yaranıb deyə sorusmaq istərdik.
- Futbola sevgim 2002-ci ildə keçirilən dünya çempionatında yaranıb. Braziliya – Türkiyə oyunu mənə maraqlı və gərgin anlar bəxş etmişdi. Sambaçılara azarkeşlik edirdim, bütün məhəllə isə türklərin tərəfində idi. Hətta buna görə məni vətən xaini çıxarmışdılar  (gülür). O illərdən dünyanın bir nömrəli idman növünə daha çox bağlanmışam. “Sarılar”a qarşı  həssasam.

 

- “Kəpəz”in də formasında sarı rəng var...
- Doğma klubumuza hər şeydən öncə bir gəncəli kimi azarkeşlik edirəm. Doğma şəhərimizin komandasıdır.

 

- Xanım azarkeş olmaq çətin deyil?
- Azərbaycanda kişilər qadın azarkeşləri nədənsə qəbul etmək istəmirlər. Baxırsan ki, stadiona zərif cinsin nümayəndələri gələndə başqa cür münasibət bəsləyirlər. Mənə elə gəlir ki, xanımların tribunalarda görünməyinin çoxdan vaxtı yetişib. Artıq bu yolda müəyyən irəliləyiş var. Oyunlara gedənlərin sayında artım hiss olunur.

 

- Siz nə vaxtdan oyunlara gedirsiz?
- “CBC Sport” yarandığı gündən bu telekanalda işə başlamışam və oyunlara aktiv şəkildə getməyim də bundan sonra yaranıb. Amma əvvəllər də matçlar izləmişəm. “Barselona”nın oyununda olmuşam.    

 

- Bəs “Kəpəz”in oyunları nə vaxtdan izləyirsiz?
- “Kəpəz” ilə çoxdan tanışam. Babam komandanın fanatı olub, elə uşaqlıqdan da stadiona gedəndə məni özü ilə aparıb. Son illlərdə isə özüm oyunlara gəlirəm. Demək olar ki, 2015-ci ildən başlayaraq “sarı-göylər”i daha fəal şəkildə izləyirəm.

 

- Ötən tur sizi Gəncədə “Neftçi” ilə oyunda gördük...
- Dostlarla Bakıdan yığışıb Gəncəyə oyuna gəlmişdik. Paytaxtdakı oyunları mütamadi izləyirəm, Nizami yurduna isə işlə bağlı hər saat gəlmək olmur. Stadionda əla atmosfer vardı, azarkeşlər derbidə komandaya dəstək olmağa gəlmişdilər. Təəssüf ki, uduzduq. Məğlub olacağımızı heç gözləmirdim. Özümlə arenaya qonaqlar da gətirmişdim. Oyundan sonra uduzduğumuza mənə atmacalar atdılar (gülümsəyir). Düzü, uzun yol qət edib gəlmişdim deyə lap məyus oldum. Amma bu, futboldur. Gələn dəfə mütləq qələbə bizimlə olacaq.“Kəpəz” hələ öz sözünü deyəcək, Şahin Diniyev komandanı irəli aparacaq.

 

- Hərə bir yolla “Kəpəz”ə dəstək olmağa çalışır. Elə siz də komandanı çalışdığınız televiziyada diqqət mərkəzində saxlayırsız.
- “Kəpəz”in fanatıyam. Televiziya işçisi kimi işimi görürəm. Gəncə şəhər stadionunda çəkilişdə də olmuşam. İşimlə bərabər “Kəpəz”i təbliğ etdiyimi də düşünürəm.

 

- Televizor önündə futbola azarkeşlik edib amma stadionlara gəlməkdə kompleksi olan xanımlara nə demək istərdiz?
- Məncə, xanımlarımız çoxdan bu səddi aşıblar, indi birbaşa tribunadan sevimli komandalarına dəstək olmağın vaxtıdır. Çempionlar Liqasında “Qarabağ”ın ev oyunları zamanı çoxlu sayda xanımları görürük. Deməli, onlar çempionat oyunlarına da gələ bilərlər. Əvvəlki illərdən fərqli indi gələnlər var.  

 

- Bir də sizdən eşidək, əsl azarkeş necə olmalıdır?
- Tamaşaçı fanat olmağı bacarmalıdır. Komandasını nəticədən asılı olmayaraq 90 dəqiqə dəstəkləməlidir. Futbolçu dəstəyi hiss edərək oynayır, bunsuz çətin olar. Azarkeş komandanı ruhlandırmalı, komanda isə azarkeşi qələbələrlə sevindirməlidir. Münasibət qarşılıqlı olmalıdır.

 

- “Kəpəz”in heyətində ən çox oyununu bəyəndiyiniz futbolçu kimdir?
- Heç kimi ayrıca vurğulamaq istəmirəm. Futbol kollektiv oyundur. Son mövsümdə heyətdə ciddi dəyişikliklər oldu. Əvvəlki iki mövsümdə Dario Frederiko daha çox yadda qalıb. Legioner olmasına baxmayaraq hamının sevimlisi oldu. Amma yerli oyunçularımız da oynamağı bacarırlar.

 

- Oğlunuzun gələcəkdə futbolçu olmasını və “Kəpəz”də oynamasını istərdiz?
- O, bunu məndən çox istəyir. Yaşı azdır, məşqçilər deyir ki, 4-5 yaşı olsun ki, məşq bölməsinə yazıla bilsin. İlk peşəkar müqaviləsini “Kəpəz” ilə bağlayacaq (gülümsəyir).

 

- Son sual. 5-6 il öncə “Kəpəz”in xanımlardan ibarət fanklubu olsa da, sonradan fəaliyyətini dayandırdı. Sizin belə təşəbbüsünuz ola bilər?
- Bunu heç bilmirdim. Mənim üçün yenilik oldu. İnanın ki, əlimə düşən ilk fürsətdə xanımlardan ibarət fanklub yaratmağa çalışacam.  

Xəbər xətti