Əfran İsmayılov: "Atletiko" ilə görüş tamam başqa ab-havada keçəcək"

02:02 - 28 Oktyabr 2017

"Əsas məqsədimiz qələbə qazanmaq idi. Hazırda "Atletiko" ilə oyun barədə düşünmürdük. Əsas məqsədimiz bu oyundan qələbə ilə ayrılmaq idi. Son dəqiqə qolu ilə qələbə qazandıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Əfran İsmayılov deyib. Ağdam klubu Topaz Premyer Liqasının X turunda öz meydanında "Səbail"i qəbul edib və 1:0 hesablı qələbə qazanıb. 

 

Matçdan sonra jurnalistlərin suallarını cavablandıran İsmayılov fikirlərini bildirib: "Səbail" asan rəqib deyil. Yeni yaranmasına baxmayaraq, lider və digər güclü komandalara gücünü göstərir. Ümumiyyətlə çempionat maraqlı gedir, zəif rəqib yoxdu. Hamı deyirdi ki, "Qarabağ" asanlıqla çempion olacaq, amma bu, belə deyil". 

 

Təcrübəli futbolçu bir neçə gün sonra Çempionlar Liqasında keçirəcəkləri matç haqda fikir bildirib: "Atletiko" ilə matça gəlincə, o görüş tamam başqa ab-havada keçəcək. Heyətə düşmək barəsində düşünmürəm, baş məşqçi kimə şans versə, o da çıxıb əlindən gələnin ən yaxşısını eləməyə çalışacaq".

 

Əfran İsmayılov matçın yeganə qolunu necə vurduğunu belə izah edib: "Həmin epizod zamanı Dani Kintana yanımda idi, onun tərs ayağına düşürdü. Dedim ki, mənim mövqeyimdi, mən vurum və o, razılaşdı. Burada qeyri-adi bir şey yoxdu".

Xəbər xətti