Ayxan Abbasov: "Bizi sevməyənlər var" MÜSAHİBƏ

19:47 - 28 Oktyabr 2017

Topaz Premyer Liqasının 10-cu turunda evdə “Qəbələ”ni 2:1 hesabıyla məğlub edən “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, Abbasov öncə oyunla bağlı fikirlərini bildirib:

 

- “Qəbələ” bura iddialı gəlmişdi. Ötən turda “Qarabağ”ı məğlub etmişdilər. Bizim üzərimizdə təzyiq var idi. Ötən turda məğlub olduqdan sonra, bu matçda qələbə bizim üçün çox vacib idi. Rəqibi yaxşı analiz etmişdik. İlk hissədə iki qol vurduq. “Qəbələ”nin qapısından iki top keçirmək heç də asan deyil. Rəqib ilk hissədə azlıqda qaldıqdan sonra onların fasilədən sonra böyük təzyiq göstərəcəyi bəlli idi. Belə də oldu. Qoldan sonra isə daha da ruhlandılar. Ancaq komandam sona kimi mübarizə apardı. Başımızı aşağı salıb, öz işimizi görəcəyik. Bu xal bizim üçün çox vacib idi.

 

- İlk hissədə yaxşı oynasaz da, komandanız azlıqda qalmış rəqib qarşısında çox aciz görünürdü...
- “Qəbələ” 9-10 nəfərlə hücum edirdi. İstər-istəməz təzyiq olmalı idi. Əks-hücumlarda qol vurmaq şansımız var idi. Hesab daha böyük ola bilərdi. Komandamın aciz təsir bağışladığını düşünmürəm. 10 nəfərlə qalmaq böyük üstünlük vermir. Bu gün mən gözəl futbol axtarmıram. Bizim üçün vacib olan qələbə idi ki, bunu da əldə etdik.

 

- Təmkin Xəlilzadə penaltini yerinə yetirmək istəyirdi. Onun bu istəyi 5-ci qolu vurub, bombardirlər siyahısında birinci sıraya çıxmaq istəyindən qaynaqlanırdı?
- Bizim penalti vuranlardan biri də Təmkindi. Penaltini özü qazanmışdı. 5-ci qolu vurmaq istəyirdi. Ancaq hər şeyin öz yeri var. Milan Duriç də bizim penalti vuranlarımızdandı. Bu gün oyunu Təmkinin üzərində qurmuşduq. O, yaxşı təsir bağışladı.

 

- Ancaq buna baxmayaraq, ikinci hissənin sonlarında rəqibə zərbə endirdi...
- Biz Təmkinin üzərinə çox gedirik. Həmin epizod emosiyanın nəticəsidi. Ondan qabaq da Duriç onu vurmuşdu. Tərəflər hər bir insanı dəyişə bilər. Biz Təmkini qorumalıyıq. Həmçinin də digər klublarda olan istedadlı futbolçuları. Əlbəttə, bu barədə onunla danışacağıq. Bu cür hal yolverilməzdi. Lakin bəlkə, həmin anda mən də, siz də olsaz, o hərəkəti edərdik. Heç kim uduzmaq istəmir. Ancaq dediyim kimi, Təmkin bu cür hallarla gündəmə gəlməməlidi.

 

- Komandanın turnir cədvəlində mövqeyi əlavə təzyiq yaratmır ki? 
- Hər günümüz təzyiqdi. Bəziləri “Zirə”nin bu mövqedə olmasını təsadüf adlandırır. Bizi sevməyənlər var. Ancaq dillərinə gətirib, demirlər. Bəlkə də, Premyer Liqada ən zəif şərait bizdədi. Ancaq biz ruhdan düşmürük. Biz pillə-pillə inkişaf edirik. Təsadüf bir mövsüm olar, iki mövsüm. Ancaq biz artıq 3-cü mövsümdü yüksək səviyyədə çıxış edirik. Bu da, klub rəhbərliyinin düzgün siyasətinin nəticəsidi. (Komanda.az)

Xəbər xətti