Bölgələrə yad olan uşaq futbolu YAZI

16:02 - 29 Oktyabr 2017

3 həftə əvvəl U-16 liqası ilə aşağı yaş qruplarından ibarət komandaların çempionatına start verildi. Ardınca U-15, daha sonra digər liqalarda komandalar yarışlara qoşuldular. Uşaq və yeniyetmələrin yarışdığı liqalar nə qədər gözdən-könüldən uzaq olsa da, orada mübarizə xeyli maraqlı keçdiyini əminliklə deyə bilərik. Hətta bəzi liqalarda mübarizə və maraq baxımından I Divizionu qabaqlayır. Təəssüf ki, liqalarda da böyüklərin futbolunda olduğu kimi çatışmazlıqlar mövcuddur. Onlardan bəlkə də ən əsası bölgə komandalarının azlığıdır.

 

 

AFFA-nın bayrağı altında keçirilən liqalardan U-10, U-11, U-12, U-13 və U-14-də kütləvilik baxımından vəziyyət pis deyil. Bu liqalarda yarışlar paytaxtdan savayı 5 regionda keçirilir – Şimal-qərb və Qarabağ, Cənub, Mərkəz, Qərb-Gəncə, Şimal regionları. Regionlarda demək olar ki, bütün rayonların komandaları ən az 1 liqada mübarizə aparır. Liqalarda təmsilçisi olmayan rayonlar da var. Bu haqda başqa vaxt. Yazımız bayaq da qeyd etdiyimiz kimi regionlara bölünməyən çempionatlar və bölgə təmsilçilərinin oradakı «çəkisi» barədədir.

 

U-15 liqası: Vəziyyət nisbətən yaxşıdır

 

Bu mövsüm U-15 liqasında 15 komanda 2 dövrədə yarışır. Ötən illə müqayisədə komandaların sayında artım var. Bir il əvvəl U-15 liqasında 13 komanda mübarizə aparırdı. Onlardan 8-i Premyer Liqa təmsilçilərinin (bundan sonra «8-lik» - red.) futbol məktəblərinin təmsilçiləri idi. «8-liy»in liqalarda təmsilçilərinin olmasının vacibliyini nəzərə alaraq, onlarla işimiz yoxdur. Məqsədimiz peşəkar komandası olmayan rayon və şəhərlərimizdə uşaq futbolunan acınacaqlı vəziyyətini göstərməkdir. Qalan 5 komandadan «Vətən» və «Neftçi» İK İB Bakını təmsil etdiyi halda 3-ü – «Şəmkir», «Gəncə» TİM və «Mil» bölgə komandaları idi. Təəssüf ki, bu il bu adı sonuncu çəkilən komandalardan heç biri çempionatda iştirak etməyəcək. Onları digər rayonların – Zaqatala, Tovuz və nə qədər qəribə görünsə də Masallının komandaları əvəzləyəcəklər. Əlbəttə, 3 rayonda U-15 komandasının yaranması yaxşı haldır. Təəssüf doğuran məqam isə bundan ibarətdir ki, ötən il U-15 liqasında mübarizə aparan «Şəmkir», «Gəncə» TİM və «Mil»in bu il U-16 liqasında yarışacağı gözlənilən halda həmin komandalar yoxa çıxmasıdı. Bəs, bu komandalardakı futbolçuların aqibəti necə oldu? Böyük ehtimalla «Mil»in 15 yaşlıları bu mövsüm U-17 liqasında İmişlini təmsil edəcək «Mil-Muğan»da oynayacaqlar. Bəs, «Şəmkir» və «Gəncə» TİM? 

 

10 komandalı liqa

 

Söhbət U-16 liqasından gedir. Bəli, həqiqətdir. Bu mövsüm 16 liqasında cəmi 11 komanda yarışır. «8-lik»yə «Neftçi» İK İB, «Vətən» və «Turan» kampaniya təşkil edirlər. Ötən mövsüm isə bu liqada 12  komanda var idi. «8-liy»i çıxsaq, onlardan «Ağsu» və «Turan» bölgələri təmsil etdiyi halda «Neftçi» İK İB və «Vətən» «bakılı» idilər. Bir məqamı da qeyd edək, «Ağsu» artıq, U-16 liqasında iştirak etməyəcək. «Mil»də olduğu kimi yəqin ki, ağsulu 16 yaşlılar güclərini U-17-də sınayacaqlar. Tarixin yaddaşına qovuşan AZAL bütün liqalarda «Səbail»lə əvəzlənəcək. Yeri gəlmişkən, U-15-dən savayı digər yuxarı liqalarda komanda sayının az olması səbəbindən çempionat 3 dövrəli olacaq. 

 

 

Eyni mənzərə U-17 liqasındadır

 

Eyni mənzərə dedikdə, ilk növbədə komandaların sayını nəzərdə tuturuq. Ötən il U-17 liqasında 13 təmsilçi var idisə, bu il say 12-ə enib. «Rəvan» daha yarışlara 17 yaşlı komanda buraxmır. Ötən il bu liqada çempion olan «Vətən» hazırda I Divizionda mübarizə aparır. AZAL ləğv olunub. Bu trionun yerinə çempionatda «Mil-Muğan», «Ağsu» və «Xəzər Lənkəran» çıxış edəcək. Əslində, 12 komandadan 5-nin bölgəni təmsil etməsi yaxşı haldır. Amma nəzərə alaq ki, bu komandalara «8-lik» təmsilçiləri ilə mübarizə aparmaq çətin olacaq. Çünki nə «Mil-Muğan»ın, nə «Ağsu»nun, nə də «Xəzər Lənkəran»ın U-16 liqasında komandası yoxdur. Deməli, komandaların heyətlərinin bir hissəsini 15-16 yaşlı futbolçular təşkil edəcək. Buna da şükür!

 

Premyer Liqanı yamsılayan U-19 liqası

 

Əlsində, bu liqa uşaq futboluna aid deyil. Amma nəzərə alaq ki, 19 yaşlı komandalarda xeyli sayda 17-18 yaşlı futbolçular çıxış edir. Məhz bu üzdən U-19 liqasına da nəzər salmağı vacib bildik. Həm də bir məqamı qeyd edək – ötən il U-19 liqasında çempion olan «Qarabağ» UEFA Gənclər Liqasında çıxış hüququ qazandı və bu zaman məlum oldu ki, çempion olan heyətin yarısından çoxu həmin yarışlarda iştirak edə bilməz. Çünki artıq, 19 yaşları tamam olmuşdu. «Qarabağ»ın kapitanı və bu klubun U-19 komandasının baş məşqçisi Rəşad Sadıqov haqlı olaraq limit tətbiq edilməsini təklif edəndən sonra 6+5 sistemi «işə düşdü». Yəni, bu ilki birincilikdə komandaların heyətində azı 5 futbolçu 2000-ci il təvəllüdlü olmalıdır. Maraq üçün qeyd edək ki, UEFA bayrağı altında keçirilən yarışlarda «8+3» qüvvədədir. 

 

Yenə də əvvəlcə ötən mövsümlə indikində iştirak edən komandaların sayını müqayisə edək. Keçən il U-19 liqasında 12 komanda mübarizə aparırdı. Bu il isə cəmi 9 komanda çempionluq uğrunda yarışacaq. «8-liy»ə Bakını təmsil edən «Neftçi» İK İB qoşulub. «Vətən», «Turan», AZAL və «Şərurspor»un U-19 komandası daha mövcud deyil. Adı oyun alğı-satqısında çəkildiyinə ötən mövsümün başa çatmasına 10 tur qalmış «Şərurspor»un U-19 komandası yarışlardan kənarlaşdırılmış və qalan oyunlarda onlara texniki məğlubiyyət verilmişdi. Təəssüf doğuran məqamlardan biri də budur ki, bu liqada 9 komandanın cəmi 7-i oyunlar üçün Abşeronu tərk etməyəcək. «Yarımada sakinləri» ancaq Qəbələ və Gəncəyə səfər edəcəklər. 

 

Nəyə görə kütləvilik azalır?

 

Yazının girişində aşağı yaşlıların liqalarında yarışların regionlar üzrə keçirildiyini göstərmişdik. Bu, o anlama gəlir ki, eyni regionda çıxış edən komandalar səfər oyunları üçün o qədər də uzaq məsafə qət etmirlər. Deməli, xərc az çıxır. U-15-dən yuxarı liqalarda isə yarışlar respublikanı əhatə etdiyindən komandaların səfər xərcləri xeyli artış olur ki, bu da bəzi idman akademiyalarına və klublara sərf etmir. Bakını təmsil edən hansısa komandanın Qəbələ, Gəncə, Tovuz və ya Lənkərana getməsi üçün yol və yemək xərci lazımdır. Əgər komanda səfərə oyundan 1 gün əvvəl getsə, bura otel pulu da əlavə olunur. Etiraf edək ki, bəzi klubları çıxmaq şərtilə əksər klublar komandalarını oyunlara 1 gün əvvəl göndərməkdə maraqlı deyillər. Bu üzdən cari mövsüm avtobusdan birbaşa meydana çıxan komandalar görsəniz təəccüblənməyin. Çempionatın sonuna doğru isə səfər matçlarına getmədiyinə görə texniki məğlubiyyət alan komandalar haqqında eşitdikdə də həmçinin.
Digər bir məqam bölgə təmsilçilərinin 2-3 yaş qrupunu birləşdirib 1 liqada iştirak etməsidir. Bunun da əsas səbəbi yenə də maliyyədir. Fikrimizi misallarla izah edək. Məsələn, «Ağsu»nun və «Xəzər Lənkəran»ın U-17 liqasında təmsilçisi olduğu halda U-16 və U-15 liqasında komandası yoxdur. Eyni sözü «Mil-Muğan»a da aid etmək olar. Bu klublar U-17 liqasında il ərzində maksimum 14 dəfə səfərə çıxacaqlar. U-15 və U-16-ya da komanda buraxsalar, səfərlərin sayı 2-3 dəfə artmış olacaq. Deməli, xərclər də 2-3 dəfə çoxalacaq. 

 

Bölgə təmsilçilərinin liqalarda az olmasının başqa səbəbləri də var. Onların arasında infrastruktur problemi, mütəxəssi azlığı, yerli UGİM-lərin «yolaverdi» fəaliyyəti və s.-ni göstərmək olar. UGİM-lərdən söz düşmüşkən, Təhsil Nazirliyinin tabeliyində olan bu məktəblərin hansınınsa indiyə kimi uşaq futbolu adına nəsə səmərəli iş gördüyünün şahidi olmamışıq. Elə rayonlar var ki, onların UGİM-də futbol bölməsi yoxdur. Olanların əksəriyyətində isə keçirilən məşqlər sovet dövründəki «pambıq planı»nı xatırladır. Yeganə istina hal kimi «Vətən»i göstərmək olar ki, Təhsil Nazirliyinin balansında olan bu məktəb futbol üzrə ixtisaslaşdırılıb. Başqa sözlə, bu həna o hənadan deyil.

 

Bölgə təmsilçilərindən zəif nəticə

 

«Uşaq futbolunda nəticə önəmli deyil…» Bu fikri bir çox məşqçilərdən eşitmişik. Əslində, həqiqətdir, uşaq futbolunda nəticə önəmli olmamalıdır. Əsas uşaqların futbol oynamağı öyrənməsidir. Amma «nəticə» amilini kənara birdəfəlik atmaq da olmaz. Əldə olunan nəticə ilk növbədə komandanın aynasıdır, futbol adına nəyinsə olub-olmamasının göstəricisidir. Bu mənada liqalarda bölgə təmsilçilərinin («8-liy»ə daxil olan komandalar istisnadır – red.) əldə etdikləri nəticələrə nəzər salmaq yerinə düşər. 

 

U-15 liqası:

 

«Qarabağ» - «Turan» 1:0, «Neftçi» İK İB – «Zaqatala» 0:0, «Səbail» - «Viləş» 4:1, «Turan» - «Qəbələ» 0:6, «Zaqatala» - «Neftçi» 0:6. 

 

Bölgələri təmsil edən «Turan», «Zaqatala» və «Viləş»in ilk 2 turda əldə etdyi nəticələr deməyə əsas verir ki, bu komandalar «8-lik» nümayəndələri ilə müqayisədə xeyli zəifdilər. Böyük ehtimalla bu komandalar çempionatda ən yaxşı halda orta yerlər uğrunda mübarizə aparacaqlar. 

 

 

U-16 liqası: 

 

Bu liqada yeganə bölgə təmsilçisi «Turan»dır («Qəbələ» və «Kəpəz»i «8-liy»ə daxil olduğu üçün bölgə təmsilçiləri kimi qeyd etmirik – red.). İlk oyunda «Neftçi» İK İB-ə 2:5 hesabı ilə məğlub olan tovuzlular 2-ci turda evdə «Sumqayıt»la heç-heç ediblər - 3:3. Bu nəticələrə görə «Turan»ı uzağı ortabablardan hesab etmək olar. 3-cü turda evdə «Səbail» üzərində qazanılan 4:0 hesablı qələbə komandanın güclü olması anlamına gəlməməlidir. Çünki «Səbail» il iki turda «Zirə» və «Qəbələ»yə uyğun olaraq 0:6 və 0:5 hesabı ilə məğlub olub. Yəni, «Səbail» liqanın aşkar autsayderidir. Yeri gəlmişkən, bunun da öz səbəbləri var. Hələ çempionat başlamamışdan əvvəl «Səbail» «Vətən»in komandalarını «özəlləşdirdiyindən» liqanın favoritlərindən biri kimi göstərilirdi.  Lakin bizə məlum olmayan səbəblərdən U-16 komandasında parçalanma getdi, «Vətən»dən gələn futbolçular geri qayıtdılar və liqada ayrıca komanda şəklində təmsil olundular. «Səbail» isə ordan-burdan birtəhər futbolçu toplamaqla çempionata qoşuldu. Axı, Premyer Liqa təmsilçisinin liqalara komanda buraması mütləqdir…

 

U-17 liqası:  

 

«Mil-Muğan» - «Kəpəz» 1:5, «Xəzər Lənkəran» - «Zirə» 0:6, «Neftçi» - «Ağsu» 10:3, «Kəpəz» - «Ağsu» 3:0, «Qarabağ» - «Xəzər Lənkəran» 5:1, «Mil-Muğan» - «Neftçi» İK İB 2:3, «İnter» - «Mil-Muğan» 6:1, «Xəzər Lənkəran» - «Sumqayıt» 1:1, «Ağsu» - «Zirə» 0:11, «Qarabağ» - «Ağsu» 6:1, «Qəbələ» - «Xəzər Lənkəran» 7:0, «Mil-Muğan» - «Səbail» 0:5.

 

3 bölgəni təmsil edən «Mil-Muğan», «Xəzər Lənkəran» və «Ağsu»nun 4 turda birgə göstəriciləri: 12 oyun, 0 qələbə, 1 heç-heçə, 11 məğlubiyyət, top fərqi 10-58, 1 xal. Acınacaqlı mənzərə göz önündədir. Bölgə təmsilçilərinin nə qədər zəif olmaları ilə bağlı bundan tutarlı fakt?

 

Uşaq futbolu məhv olan şəhər və rayonlar

 

Haqqında bəhs etdiyimiz liqalarda bölgə komandalarına nəzər salsaq, cəmi 9 rayon və şəhərin təmsilçisi olduğunu görərik – Zaqatala, Tovuz, Masallı, İmişli, Lənkəran və Ağsu, Gəncə, Sumqayıt və Qəbələ. Onlardan 3-nün Preymer Liqada çıxış edən klubların futbol məktəblərinin komandası olduğun nəzərə alsaq, say 6-a enir. Bəs, qalanları? Deyək ki, Naxçıvan Muxtar Respublikasını (6 rayon, 1 şəhəri) və işğal olunmuş rayonları çıxdıq. Naxçıvanda pis-yaxşı daxili çempionat keçirilir. «Futbol geni» olan rayon və şəhərlərin peşəkar demirik, kiçik yaşlı komandalarının olmamasına nə ad vermək olar? 

 

Fikir versək, bu gün Premyer Liqa və I Divizionda bölglərdən cəmi 7 komanda çıxış edir. Bilməyənlərin və ya bilmək istəməyənlərin nəzərinə çatdıraq ki, respublikamız 7 rayon və şəhərdən ibarət deyil, 65 inzibati vahidə bölünüb. Acınacaqlı haldır ki, Azərbaycan futbolunda xüsusi çəkisi olan Mingəçevirdə komanda qalmayıb. Eyni mənzərə Qazaxdadı. Sovet dövründə bu şəhərlərin komandaları SSRİ birinciliyinin 2-ci dəstəsində çıxış ediblər, futbolumuza onlarla tanınmış sima bəxş ediblər. Əminik ki, indi də Mingəçevirdə, Qazaxda istedadlı uşaqlar var və onlara şərait yaradılsa, gələcəkdə tanınmış futbolçu ola bilərlər. Görəsən, o uşaqlara yazığı gələn yoxdur? Təkcə Mingəçevirmi? Təkcə Qazaxmı? Ağstafa, Bərdə, Qusar, Neftçala, Şəmkir, Yevlax… Futbolumuzu bərbad günə salanlar, bəs edir? Yoxsa, yenə sadalayaq?

 

«Het-trik news»

Xəbər xətti