Qurban Qurbanov: "Pillə-pillə irəli getməliyik" MÜSAHİBƏ

11:59 - 3 Noyabr 2017

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda millinin yeni baş məşqçisinin adına aydınlıq gəlib. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu ilin dekabr ayından - Robert Prosineçkinin yığma ilə müqavilə müddəti bitdikdən dərhal sonra - millinin “sükanı arxasına” keçəcək.

 

Sportal.az xəbər verir ki, iclasdan sonra AFFA prezidenti Rövnəq Abdullayev və Qurban Qurbanov brifinq keçirib. İlk olaraq sözə Rövnəq Abdullayev başlayıb.

 

- İcraiyyə Komitəsinin iclası başa çatdı. Uzun müzakirədən sonra, yekdil qərarla Qurban Qurbanov millinin baş məşqçisi təyin edildi. Ona uğurlar arzulayıram. 

 

Nitqini başa çatdırdıqdan sonra AFFA prezidenti Qurbanova millinin 13 nömrəli formasını təqdim etdi. O, 13 nömrəli formanın verilməsinə səbəb kimi AÇ-2020-nin oyunlarının 13 şəhərdə keçirilməsini göstərdi.

 

Daha sonra Qurbanov təyinatla bağlı fikirlərini bildirdi.

 

- İcraiyyə Komitəsinin üzvlərinə təşəkkkür edirəm. Futbolçu olduğun zaman daim əziyyət çəkirsən ki, milliyə dəvət alasan. Məşqçi kimi də həmçinin. Bilirəm ki, çox məsuliyyətli işdi. Azarkeşlərin gözü daim milli komandadadı. Mən özüm də millinin oyunlarında azarkeş kimi iştirak etmişəm və onların daim yaxşı nəticə gözlədiklərini bilirəm. Çalışacağıq ki, daha uğurlu nəticə əldə edək. Qısa müddətin işi deyil. Uzun müddətli proqramımız olmalıdı. Pillə-pillə irəli getməliyik. Çalışacağıq ki, milli daha da peşəkar olsun, irəli getsin. Bu işin görülməsi üçün əlimdən gələndən artığını etməyə çalışacağam. Bir azərbaycanlı kimi milli komandamız və futbolumuz üçün daha artığını etməyə çalışacağıq. İşimiz, məsuliyyətimiz çoxalır. Rəhbərliklə birlikdə əlimizdən gələni edəcəyik ki, bu işin öhdəsindən gələk. Mənə inandığınız üçün hamınıza, azarkeşlərə, sizlərə təşəkkür edirəm. 

 

- Qurban Qurbanovun İcraiyyə Komitəsindəki fəaliyyəti davam edəcək?

R. A: Bəli, qalacaq.

 

- Qurbanov “Qarabağ”da da işini davam etdirəcək?

R.A: Qurbanov “Qarabağ”da da qalacaq. Orda da işinə davam edəcək. Millinin baza komandası “Qarabağ” olacaq. Yığmanın oyunçularının çoxu bu komandada cəmləşib. Ona görə “Qarabağ”da işini davam etdirəcək. Premyer Liqa klublarıyla da sıx işləyəcək, daim əlaqə saxlayacaq. Fikrimcə, onun “Qarabağ”da qalması ümumi işin xeyrinə olacaq.

 

- Müqavilə hansı müddəti əhatə edəcək?

R.A: Belə qərara gəldik ki, bu dəfə uzun müddətli müqavilə bağlayaq. Əvvəl hər tsikldə yeni müqavilə bağlayırdıq. İndi isə 3 tsikli, 2020, 2022 və 2024-cü ili əhatə edəcək uzun müddətli müqavilə bağlanacaq. Sistem qurulmalıdı. Oyunçuların hazırlıq sistemi bir mərkəzdən, AFFA tərəfindən, vahid sistemlə müəyyənləşdirilməlidi.

 

- Qurban müəllim, köməkçiləriniz kimlər olacaq?

R.A: Hələ yeni təyin olunub, bu məsələ sonra dəqiqləşdiriləcək.

Q.Q: Bu barədə danışmaq hələ tezdi. Təkcə köməkçi yox başqa detallar da var ki, bu barədə hələ heç nə deyə bilmərəm. 1 aya, bəlkə də, 2 aya bu barədə məlumat verəcəm.

 

- Qurban bəy, hamı bilir ki, əsas məqsəd AÇ-2020-yə vəsiqədi. Hamı bilir ki, bunun üçün əsas yol Millətlər Liqasıdı...

Q.Q: Futbol elə oyundu ki, burda dəqiq bir şey deyə bilmərik. Lakin əlimizə düşən bütün imkanlardan maksimum istifadə etməliyik. Bir-birimizə dəstək olaraq, bu işin öhdəsindən gəlməliyik. Bu gün “Atletiko” bizdən qat-qat güclü olsa da, biz onlardan xal aldıq. Ya da ki, çempionatda, zəif hesab etdiyimiz komanda bizdən xal alır. Futbolda hər şey mümkündü. Kiçicik şansımız varsa, bundan istifadə etməyə çalışacağıq.

 

- Sizin AFFA-dan və assosiasiyanın sizdən əsas tələbi, şərti nə olub?

R.A: Şərtlərimiz Azərbaycan futboluna xidmət etməkdi. Qurban da vətənpərvər insandı.

Q.Q: Bir-birimizin qarşısına şərt qoymadıq. Əsas işimiz Azərbaycan futboluna xidmət etməkdi. Məndə belə xarakter yoxdu. Federasiya ilə münasibətlərimiz var. Bir-birimizə inanaraq, bu yolda davam edəcəyik.

Xəbər xətti