Nizami Hacıyev: "Qurban Qurbanov ədalətli insandı" MÜSAHİBƏ

13:50 - 5 Noyabr 2017

“Cəmi 3-4 gündü ki, Ramiz Məmədovla birgə çalışırıq. Əlbəttə, məşqdə və oyunda futbolçularda özlərinə inam yaranıb”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Keşlə”nin kapitanı Nizami Hacıyev deyib. Paytaxt təmsilçisi Topaz Premyer Liqasının XI turunda səfərdə “Sumqayıt”a məğlub olub. Oyundan sonra saytımıza açıqlama verən təcrübəli yarımmüdfiəçi fikirlərini bildirib:

 

“Oyun çətin keçdi. “Sumqayıt” bu mövsüm çox yaxşı futbol sərgiləyir. İstər fiziki, istərsə də, texniki baxımdan çox güclüdürlər. Yeni baş məşqçimizlə birgə çalışırıq. Bu dəqiqə baş məşqçidən nəsə tələb etmək tezdi. Çünki futbolçu sayı azdı, komandada vəziyyət yaxşı deyil. Həqiqətən işlər gedir, komanda özünə gəlməkdədi. İnşallah, bunun bəhrəsini görəcəyik”.

 

- Müdafiəçiləriniz çox bərbad oynadılar. Bunun səbəbi nədir?

- Bütün futbolçularda səhv olur və bunu qlobal problem hesab etmirəm. İki qolu özümüz vurduq, üçüncü qolda isə müdafiəçimiz səhv etdi. Bu gün belə oynayırıqsa, deməli, hamımızın günahı var. Səhvlər haqda nə deyə bilərəm? Ulduz futbolçular da səhvlər edirlər. Əfsuslar olsun ki, bizə lazım olmayan vaxtlar səhv etdik. Gələcəkdə üzərimizdə işləyəcəyik və səhvlər etməməyə çalışacağıq.

 

- Vurduğun qol zamanı oyundankənar vəziyyətdə idin. Epizoda baxmısan?

- Baxmamışam. Mənim işim qol vurmaq, hakimin işi oyundankənar vəziyyəti müəyyənləşdirməkdi. Hakimi günahlandırmaq və ya özmü haqlı çıxarmaq istəmirəm. Bu barədə müzakirə etmək düzgün olmaz.

 

- Yeni baş məşqçi necədir?

- Pis deyil. Həqiqətən də iş gedir. 4 gün ərzində çox dəyişiklik ola bilməz. Əgər Joze Mourinyo da gəlsəydi, bu komandanı 4 günə ayağa qaldıra bilməzdi. Amma irəliləyiş hiss olunur. İnşallah, növbəti oyunlara qədər yaxşı vəziyyətdə olacağıq. Biz də bu baş məşqçiyə kömək edəcəyik.

 

- Svanadzenin vaxtında zədəli idin, oynamırdın. Amma yeni baş məşqçi gəldi və 90 dəqiqə oynadın. Söz-söhbət yaranacağından qorxmursan?

- Yox, inanmıram ki, mənə qarşı elə söz-söhbətlər çıxsın. Şükür Allaha, məni yaxşı tanıyırsınız. Həyatı boyu yalan danışmamışam. Əgər baş məşqçi ilə problemim olsa, bunu deyəcəm. Kaxaber Tsxadadze ilə problemim vardı və ondan məni əvəzedici komandaya göndərməsini xahiş etmişdim. Onunla işləmək istəmirdim, getdim əvəzedicidə məşq etdim. Əgər Svanadze ilə problemim olsaydı, bunu özünə deyəcəkdim. Qaldı ki, zədəyə. Məncə, zədəni bəhanə edib meydana çıxmamaq kişilikdən deyil. Həqiqətən zədəli idim, Gürcüstanda müalicə almışdım. Yenidən müayinə üçün Gürcüstana gedəcəm.

 

- Bəzi futbolçuların tapşırıq əsasında oynamadığı barədə söz-söbətlər yayılmışdı. Komanda daxilində belə hadisələr cərəyan edir?

- Mən də bu barədə mətbuatdan ouyuram. Əgər Ramiz Məmmədov Svanadzenin dönəmində hansısa futbolçuya oynamamaq tapşırığı veribsə, həmin adam növbəti dəfə də kiminsə tapşırığı ilə oynamayacaq. Ən azından bu, kişiyə yaraşmaz məsələdi.

 

- Nəhayət ki, millidə baş məşqçi dəyişikliyi oldu. Yəqin ki, bundan sonra milli ilə bağlı problemin olmayacaq...

- İnşallah. Qurban müəllimi komandamız adından təbrik edirəm və ona uğurlar arzu edirəm. Biz hamımız bilirik ki, Qurban Qurbanov ədalətli insandı. İnşallah, hər şey ədalətli olar. Kim güclü olacaqsa, milliyə dəvət alacaq. Əgər baş məşqçi məni milliyə dəvət etsə, çox sevinərəm.

 

- Robert Prosineçkinin vaxtında ən azından bilirdin ki, dəvət almayacaqsan.

- Əlbəttə. Amma yenə də ümid edirdim. Mən dəfələrlə oynamağa hazır olduğumu bildirmişdim. Bundan sonra da özümü sübut edəcəyəm.

Xəbər xətti