"Kəpəz"in futbolçusu: "Turnir cədvəlində sonuncu pillədən yaxa qurtaracağıq"

"Rəqibin gücü hamıya bəllidir, ona görə də matça ciddi önəm verirdik. Oyuna olduqca səylə hazırlaşmışdıq. Qarşılaşmanın ilk 40 dəqiqəsi onlardan geri qalmadığımızı göstərdi”.

 

Sportal.az xəbər verir ki, bu fikirlər “Kəpəz”in əsas komandasının üzvü Azər Məmmədova məxsusdur. Futbolçu çempionatın XI turu çərçivəsində “Qarabağ”a qarşı keçirilmiş görüş haqda danışarkən kapazpfc.az saytına açıqlamasında belə deyib. Məmmədov sözlərinə daha sonra bu cür davam edib:

 

“Birinci hissənin son 5 dəqiqəsini nəzərə almasaq, rəqiblə başa-baş oynadığımızı söyləyə bilərik. Fasiləyə kimi qısa vaxtda 2 top buraxmağımız komandanı sanki ruhdan saldı. Fikrimcə, uduzsaq da, pis çıxış etmədik. Komandanın oyununda irəliləyiş var, “Qarabağ” ilə görüşdə də bunu gördük. Razıyam ki, bəzən yaxşı oyun nümayiş etdirib nəticə qazanmaq olmur və yaxşı oynamağa görə də xal verilmir. Amma zamanla buna da nail olacağıq. Kollektiv olaraq özümüzə inamımız böyükdür. Oyunumuzu tapmışıqsa, tezliklə uğur da əldə edəcəyik. İnşallah, turnir cədvəlində sonuncu pillədən yaxa qurtaracağıq”.

 

Ağdam klubuna qarşı görüşdə “Kəpəz” penalti vurmaq imkanı qazansa da, hakimə yaxınlaşan Viktor Oseqeyl özünə qarşı qayda pozuntusunun olmadığını etiraf edərək hakimin qərarını dəyişdirib. Maraqlıdı, onun bu hərəkətini komanda yoldaşları necə qarşılayıb? Azəri eşidək: “Viktora nə fasilədə, nə də ki, oyundan sonra heç nə demədik. Ona iradımız yox idi. Heç baş məşqçimiz də narazılıq etmədi. Hamı Oseqeylin qərarına hörmətlə yanaşdı. Düzdür, 11 metrlikdən istifadə edib qol vursaydıq, nəticə başqa cür də ola bilərdi. Penaltinin reallaşmaması hardasa psixoloji cəhətdən oyunumuza təsir etdi”.
 
“Qarabağ” ilə oyunda Azər Məmmədov uzun müddətdən sonra start heyətində meydana çıxıb. Məğlubiyyətə baxmayaraq dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Məmmədovun oyunu pis alınmayıb: “Oyunum haqda özüm heç nə deyə bilmərəm. Yalnız mütəxəssislər və azarkeşlər buna qiymət verə bilər. Meydanda komanda üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Fikrim bundan sonra da yaxşı çıxış etməkdir. Çoxlu sayda azarkeş qarşısında oynayanda istər-istəməz məsuliyyət daha da artır. Fanatlarımızı məyus etmək istəmirik, bu bizə pis təsir edir. Xəbərim var ki, ətraf şəhər və rayonlardan da gəlib “Kəpəz”i stadiondan izləyənlər var. Elə sonuncu matçda bizim rayondan da gələnlər vardı. Tovuzda oynayanda atam həmişə oyunuma arenadan tamaşa edib, elə Gəncəyə də gəlib mənə dəstək olmağa çalışmışdı”. 

Tarix: 8 Noyabr [13:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Noyabr 2017
24  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio