Ağasəlim Mircavadov: "Bizim oyunçular futboldan söhbət eləmirlər" MÜSAHİBƏ

01:16 - 10 Noyabr 2017

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov 21 yaşadək yığmamızın evdə Almaniyaya 0:7 hesablı məğlub olduğu görüşdən sonra Sportal.az saytının suallarını cavablandırıb.

 

- Bir il əvvəl Yaşar Vahabzadənin rəhbərliyi altında səfərdə Almaniyaya 1:3 hesabı ilə məğlub oldmuşduq. İndi həmin oyunçuların 80 faizi Almaniyanın əsas yığmasında çıxış edir. Millimizə qarşı həmin vaxt oynayan Leroy Sane indi "Mançester Siti"nin uğurları üçün tər tökür. Almanlar bu gün çox sadə, ağıllı oynadılar. Rahatlıla qələbə qazandılr. Heç bir təzyiq olmadan bizi məğlub etdilər. Bizim futbolçular özlərini qiymətləndirmir. Bəlkə də özlərindən razıdırlar. Hələ çox çalışmalıdırlar. Topa qarşı pis açılırlar. Rəqibin qarşısını almaq üçün istək lazım idi. Biz o istəyi görmədik. Əgər mən zəifəmsə, meydan niyə çıxıram? Əgər oyuna çıxmışamsa, öz xarakterimi nümayiş etdirməliyəm. Futbolçu Azərbaycan millisinin formasının haqqını verməldir. Əsas məsələ odur. Hesabın böyük olmağına görə demirəm. Milliyə dəvət alan hər bir futbolçu fikirləşməlidir ki, o, Azərbaycan üçün oynayır. Futbolçularda istək olmalıdır. Ürəkdən istəməlidirlər. Mən isə bunu görmürəm. Mübarizə də görmədim. Futbol elə bir oyundu ki, bu, foks deyil. Burda ağılla oynamaq lazımdır. Onlar çox sadə qollar vurdular. Niyə? Çünki mövqelər çox zəifdir. Bəsit şəkildə uduzduq.

 

- Sizcə, futbolçularımız Almaniyanın adından çəkindilər?

- Mən sizinlə razıyam. Neyləyək, indi Almaniya, İtaliya, İspaniya ilə oynamayaq? Ürəkdən oynamaq lazımdır. Hər bir futbolçu bunu fikirləşməlidir. Xarakter nümayiş etdirmək lazımdır. Can qoymaq və formanın haqqını vermək gərəkdir.

 

- Necə düşünürsünüz, problem futbolçulardadı, ya baş məşqçidə?

 - Problem uşaq məktəbindədi. Hər şey 0-dan başlayır. Problemlərimiz kökdən qaynaqlanır. Yarısından çoxu öz komandalarında forma şansı qazanır. Əslində isə limitə görə oynayırlar. Mən limitin tərəfdarı idim. Futbolçu fikirləşsin ki, o oynayır, inkişaf edir. Kimsə limitə görə əsas heyətdə oynayırsa, bu faciədir.

 

- O zaman limiti ləğv etmək lazımdırmı?

- Nə vaxtsa bəlkə edərlər. Artıq limitə görə futbolçularda arxayınlıq var. 

 

- Millimizin ən yaxşısı kim idi?

- Bizdən heç kim. Biabırçı oyun idi...

 

- Yığmada kifayət qədər millilədirilmiş futbolçu var. Əcnəbi futbolçuların milliləşdirilməsinə necə baxırsınız?

- Mən 1993-cü ildən bunun əleyhinə olmuşam. Hər zaman bunu demişəm. Mən onun tərəfdarıyam ki, U-17-yə gələn əcnəbi, U-21-də də oynayacaqsa gəlsin. Ancaq U-17-yə gələndən sonra itib-batırlar. Niyə?

 

- Necə düşünürsünüz, bu yığmaya ümid bəsləmək olar? 

- Qətiyyən! Bu milliyə ümid bəlmək olmaz. Burda dəyişiklik olmalıdır. Mən futbolçuların çoxunu tanıyıram. Onlarla xarici ölkələrə çox getmişəm. Bizim oyunçular futboldan söhbət eləmirlər. Bu adamlar futbolla yaşamırlar. Bu, sənin sənətindi. Bunu inkişaf elətdirmək lazımdır. Nəyisə öyrənməlisən. Hər hansı bir yenilik tapmalısan. Ola bilsin, aralarında istedadlı futbolçu var. Onlar da itib-batırlar. Təəssüf...

 

- Millimizin baş məşqçisi Qurban Qurbanovun işi çox çətin olacaq?

- Çoxları düşünür ki, Qurban Qurbanovla, hər şey düzələcək. Ona kömək etmək lazımdır. Media nümayəndələri də kömək etməlidir. Birinci siz. Mətbuatın dəstəyi vacibdir. Mən 1993-cü ildə dedim ki, futbolumuzun inkişafının 50 faizi sizdən asılıdı. Düzgün, şəffaf qərar verməlisiniz. Biz hamımız kömək etməliyik. İnkişaf görmək istəyiriksə, hamımız əlimizdən gələni əsirgəməməliyik. İstəmişik və yerli məşqçi gəlib. Hamımız əl-qolumuzu çırmalayıb iş görməliyik.

Xəbər xətti