Elxan Məmmədov: "Bu məsələni kimlərsə süni şəkildə gündəmdə saxlamaq istəyirlərsə, saxlasınlar" MÜSAHİBƏ

10:00 - 10 Noyabr 2017

21 yaşlılardan ibarət yığma komandamızın almaniyalı həmyaşıdları ilə görüş başa çatdıqdan sonra AFFA-nın baş katibi Elxan Məmmədov bir sıra KİV təmsilçilərinin suallarını cavablandırdı.
 
Sportal.az saytının da iştirak etdiyi görüşdə mövzu əsasən “Kəpəz”in ətrafında cərəyan edən hadisələri əhatə etdi. Ancaq əvvəlcə həmsöhbətimiz milli komanda üçün mətbuat xidmətinin yaradılması ideyasına münasibət bildirdi.
 
- Bu cür praktika beynəlxalq aləmdə mövcuddu. Buna müsbət hal kimi yanaşıram. Nəzərə almaq lazımdı ki, yaxın gələcəkdən etibarən millimizi bir deyil, iki rəsmi turnir gözləyir: seçmə qrup mərhələsi ilə yanaşı, Millətlər Liqasında da qüvvəmizi sınayacağıq. Hələ Millətlər Liqasının hansı səbətində yer alacağımız məlum olmayanda bu mövzu ətrafında fikir mübadiləsi aparmışıq. Ancaq hadisələri qabaqlamaq da istəmirik. Dekabrda mətbuat konfransı keçiriləcək. Həmin vaxtadək millimizin baş məşqçisi Qurban Qurbanovla da fikir mübadiləsi aparacağıq. Bundan sonra qərar veriləcək.
 
- Almaniyadan alınan 0:7 haqda fikirləriniz maraqlıdı...
- Əlbəttə, üzücü məğlubiyyətdi. Görünür rəqibin adı futbolçularımıza olduqca mənfi təsir göstərdi.
 
- “Kəpəz”də baş verən məlum hadisələrdə Sizin də adınız hallandı. Söhbət klubun baş mühasibi – Mənsurə Məmmədovadan gedir...
- Belə baxıram biz həddən artıq şəffaf təşkilatıq. Nadir hallarda İctimai təşkilat bütün gəlir və xərclərini bu qədər şəffaf şəkildə açıqlayır. 2008-ci ildən bəri bütün addımlarımızı açıq şəkildə ictimaiyyətə elan etdik. Bəli, müəyyən strateji məsələlər olur ki, onları qərar qəbul etdikdən 1-2 həftə sonra açıqlayırıq. Gəlin məsələyə fərqli prizmadan yanaşaq. Baş verən proseslər barədə informasiyanı biz özümüz rəsmi saytımız vasitəsi ilə bəyan etdik. İnsan işləyib, son zamanlar bəzi öhdəliklərini düzgün icra etməyib və bunun nəticəsi olaraq işdən kənarlaşdırılıb. AFFA-dakı fəaliyyətində də qüsurlar olub və struktur daxilində tutduğu postdan kənarlaşdırılıb. Bəzi mətbu orqanları məsələyə subyektiv yanaşır, qeyri-obyektivdirlər. Ötən görüşümüzdə sual verdiniz ki, bəs, Mikayıl bəy niyə AFFA-da saxlanılıb? Ancaq onun hazırda tutduğu vəzifəni mənə söyləyə bilərsiniz? İnsan qurumun sərəncamında qala bilər. Ancaq müxtəlif komitələr üzrə koordinator funksiyasını icra etməsi barədə qərar təsdiqlənməyib axı. Bir sıra məsələlər də var ki, bizlik deyil, hüquq-mühafizə orqanları müəyyənləşdirəcək. 
 
- Bu məsələdə adınızın hallanması Sizi narahat etmir?
- Elə mətbu orqanı olub ki, deyilməyən sözləri bir insanın ayağına yazıb. Bu, jurnalist etikasına sığmır. Bilavasitə sualınıza gəlincə, özümüz bu məlumatı dərc etmişik. Gələcəkdə də bu cür olacağıq. Hətta deyərdim ki, biz şəffaflığımızın qurbanı olduq. Bu məlumatın AFFA-nın saytında yerləşdirilməsinə dair tapşırığı mən özüm vermişəm. Kimsə adımı çəkirsə, əlində mənə dair hansısa sübut varsa, qoysun ortaya. Həmin xanımla da auditin yanında görüşümüz olub. Ona bir neçə sual vermişəm və cavablarımı almışam. Bu məsələni kimlərsə süni şəkildə gündəmdə saxlamaq istəyirlərsə, saxlasınlar. Amma bu klubun büdcəsinə hansı miqdarda vəsaitin köçürülməsi barədə məlumat AFFA-nın saytında da yazılıb.
 
- Şahin Diniyev bu gün verdiyi müsahibədə bildirib ki, aylıq məvacibi 7 min manat təşkil etdiyi halda, kartına bir dəfə 10500, digər hallarda isə 9500 manat köçürülüb. Məvacibindən artıq vəsait isə nağd əməliyyatlar üçün sərf olunub. Bu cür klub idarəetmə üsulunu düzgün sayırsınızmı?
- Təbii ki, yox! Audit xidmətinin rəyinə baxdıqda, biz də buraxılan nöqsanları görürük. Ancaq əvvəllər də qeyd etdiyim kimi, bu nöqsanlar kritik deyil. Lakin bir məqamı da qeyd edim ki, müqavilədə göstərilən məbləğdən artıq kiminsə hesabına pul köçürülə bilməz.
 
- Necə oldu ki, “Kəpəz”in maliyyə əməliyyatlarını yoxlamağa qərar verdiniz?
- AFFA-dan çıxan vəsaiti nəzarətdə saxlamağa çalışırıq. Əlbəttə ki, biz vəsaitin xərclənməsinə məsuliyyət daşımırıq. Bu məsuliyyəti vəsaiti xərcləyəcək təşkilat daşıyır. Ancaq niyə ayırdığımız vəsaitin aidiyyatı üzrə xərclənməsi üçün nəzarət etməyək? Araşdırdıq, nöqsanlar üzə çıxdı. Bəli, bunu gizlədə bilərdik. Lakin AFFA şəffaf işləyir. Bu səbəbdən də buraxılan nöqsanlar barədə ictimaiyyəti məlumatlandırdıq. Mən belə hesab edirəm ki, AFFA bu cür yanaşmaya görə media tərəfindən dəstək görməli idi ki, heç bir faktı gizlətmədi.
 
- Yəqin ki, bu cür yoxlamalar AFFA-nın maliyyə ayırdığı digər klublarda da olacaq?
- Mütləq. Növbəti yoxlama “Keşlə” klubunda olacaq. Daha sonra “Zaqatala”, “Turan-Tovuz”, MOİK və assosiasiya tərəfindən maliyyə ayrılan digər klublar da yoxlanılacaq.
 
- Audit yoxlaması başa çatdıqdan sonra maliyyə hesabatını ictimaiyyətə açıqlayacaqsınızmı?
- Audit rəyini mütləq qaydada göstərəcəyik.
 
- Bəs, maliyyə hesabatı?
- Bunu biz edə bilmərik. Çünki bunu göstərmək hüququna yalnız yoxlanılan təşkilat malikdir. Ancaq biz bu gün də klublarımızdan xahiş edirik ki, AFFA-dan nümunə götürsünlər, tam şəffaf fəaliyyət göstərsinlər. Amma son qərarı onlar verir.

Xəbər xətti