İlqar Qurbanov: "Qurban Qurbanov elə adamdır ki, futbolçunun haqqını verir" MÜSAHİBƏ

18:27 - 11 Noyabr 2017

"Qəbələ" bu gün milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən istifadə edib. "Qırmızı-qaralar" "Zirə" ilə qarşılaşıb. Oyunda qəsəbə təmsilçisi "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, mövsümün ilk turlarında zədələnərək 2 ay yaşıl meydanlardan uzaq qalan "Qəbələ"nin müdafiəçisi İlqar Qurbanov "Zirə"yə qarşı 45 dəqiqə oynayıb. Matçdan sonra Qurbanov əməkdaşımıza müsahibə verib. Təcrübəli oyunçu zədəsi barədə danışıb:

 

- Demək olar ki, zədəm tam sağalıb. 2 ay yarım idi ki, yaşıl meydanlardan kənarda qalmışdım. Şükürlər olsun ki. bu gün geri döndüm. Futbol üçün darıxmışdım. İndi özümü yaxşı hiss edirəm. Milli komandaların oyunlarına görə yaranmış fasilədən maksimum istifadə etməyə çalışırıq. Bu, mənim üçün əsl fürsət oldu. 45 dəqiqə şans qazandım. Sabah da oyun keçirəcəyik. Oynasam, əla olardı. Fasilədə yaxşı hazırlaşırıq. Yoxlama oyunlarında nəticə vacib deyil. Bizi çempionatda "Neftçi" ilə çətin matç gözləyir. "Neftçi" son zamanlar formaya düşüb. Vacib qarşılaşmadır. Maraqlı görüş keçəcək. Həmişə bizimlə duelləri maraqlı keçir.

 

- Uzun müddət oynamadın. Bu gün özünü necə hiss edirdin?

- Ağır idi. Baramağım qırıq olsa da, məşqlərdən qalmırdım. Fitnes məşqlər edirdim.

 

- Yığmaya yaxşı formada olsan da, dəvət almırdın. İndi isə Qurban Qurbanov yığmamızın baş məşqçisi təyin edilib. Bu haqda fikirlərin maraqlıdır...

- Bu, çoxdan baş verməli idi. Qurban Qurbanovun təyinatı gecikmiş qərardır. Azərbaycan futboluna xeyirli olsun. Azərbaycanlı oyunçulara da həmçinin. Artıq inanıram ki, haqq ədalət bərqərar edəcək. 

 

- Artıq dəvət gözləyirsən?

- Xeyirlisi. Qurban Qurbanov elə adamdır ki, futbolçunun haqqını verir. Yaxşı oynayan kənarda qalmaz. Əgər dəvət almasam, qərarına şübhə etmərəm. Onun qərarlarına inanıram. İnanmıram ki, hansısa səbəbə görə futbolçunu kənarda saxlasın. O, ədalətli adamdır.

 

- "Qəbələ" "Zirə" ilə oyunlarda istədiyi kimi çıxış etmir...

- Olur belə şeylər.  "Zirə"nin də haqqını yemək olmaz. Yaxşı komandadır. Yaxşı baş məşqçiləri və oyunçuları var. 

 

- "Qarabağ"dan "Qəbələ"yə gəlmisən. Sabiq komandanı əlinin içi kimi tanıyırsan. Səncə, Ağdam komandası ilə "Qəbələ" çempionluq uğrunda mübarizə apara biləcək?

- Mübarizə hazırda "Qəbələ", "Zirə" və "Qarabağ" arasında gedir. "Sumqayıt"ın da adını unutmaq olmaz. BU mübarizəyə "Neftçi" də qoşulacaq. Çempionat maraqlıdır. Ötən illərlə müqayisədə "Qarabağ" üçün daha çətin olacaq.

 

- 3 turdan sonra çempiontda 2 aylıq fasilə yaranacaq. Bu isə çempionatın ritmi üçün çox pisdir...

- Bu, futbolçunun tempini aşağı salır. 12-14 komanda olsaydı, belə şey baş verməzdi. 8 klub çox azdır.

Xəbər xətti