Roman Qriqorçuk: "Hələ qərarımızı verməmişik" MÜSAHİBƏ

21:21 - 11 Noyabr 2017

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən yararlanan “Qəbələ” yoxlama matçında “Zirə” ilə qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar”ın  0:1 hesabı ilə məğlub oyundan sonra komandanın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb.

 

- Oyundan istədiyinizi ala bildinizmi?

- Zənnimcə, pis alınmadı. Normal hazırlıq keçdik. Bu oyunlar elə bunun üçün nəzərdə tutulub ki, futbolçuları iş başında görək. Belə matçlar futbolçular barədə əlavə məlumatın toplanmasına hesablanıb. Əlbəttə, daha çox informasiyaya sahib olmaya istəyərdik.

 

- Daha çox gənclərə şans tanıdınız. Onlardan razı qaldınızmı?

- Əlbəttə, belə oyunlarda gənclərə şans verməliyik. Çünki bu oyunçuların inkişaf edib-etməmələrini görməliyik.

 

- Baxışa dəvət edilənlərin taleyi necə olacaq?

- Bu futbolçularla bağlı nə deyə bilərəm? Ya deməliyəm ki, müqavilə bağlayacağıq, ya da yola salacağıq. Ancaq hələ qərarımızı verməmişik. Ona görə də deməyə söz yoxdu.

 

- Sabah “Səbail”lə yoxlama matçı keçirəcəksiniz. Ardıcıl iki gün oynamaq nəylə bağlıdı?

- Hər halda, eyni heyətlə oynamayacağıq ki. Sabah daha çox gənc futbolçulara şans verəcəm. Bizdə elə futbolçu olmayacaq ki, iki gün dalbadal 90 dəqiqə oynasın. Yalnız 30-45 dəqiqə oynamış futbolçular yenə də eyni zaman kəsiyində oynaya bilərlər.

 

- Baxışa gətirilən oyunçulara əsasən belə qənaətə gəlmək olarmı ki, artıq indidən qış fasiləsində kimləri yola salacağınızı müəyyənləşdirmisiniz və yeniləri indidən sıralarınızda görmək istəyirsiniz?

- Yox, çempionatın sonuna hələ oyunlarımız var. Futbolda dəyişikliklər tez olur. Buna görə də bu fikirləri ağlımızdan keçirmirik. Əlbəttə, komandada daim ciddi rəqabət, oyunumuzu gücləndirə bilən futbolçular çox olmalıdı. Bu istiqamətdə də işlər daim aparılır.

 

- Zədəlilər sizi narahat etmir ki?

- Bilirsiniz, əslində, bizdə ciddi zədə alan olmadı. Sadəcə, biz zədə ehtimalı olan futbolçuları riskə atmırıq. 

Xəbər xətti