Samir Əliyev: "İstəməzdim ki, o oyunçular ehtiyatda qalsınlar" MÜSAHİBƏ

18:28 - 12 Noyabr 2017

"Səbail"in baş məşqçisi Samir Əliyev "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri yoxlama matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az saytı həmin müsahibəni təqdim edir:

 

- Oyunla bağlı fikirləriniz?

- Fasilədən maksimum istifadə etməyə çalışırıq. Yoxlama oyununda istədik ki, oyunçulara şans verək və onlar da özlərini göstərsinlər. Oyunçuların da oyununa müdaxilə etmədik. Vaxtımız azdır. Qış fasiləsinə 3 tur qalıb. Dekabr yaxınlaşır. Fasiləyə yollananda qərar verəcəyik ki, heyətdə hansı oyunçular qalsın, kimlər getsin. Hər bir oyunçuya diqqətlə baxmalıyıq. Çünki bəziləri ehtiyatda qalır, ya da əvəzedicidə çıxış edir.

 

- Kəpəz"lə oyun haqda düşüncələriniz?

- Bəlkə də çempionatda ən ağır oyunumuz olacaq."Kəpəz"in də vəziyyəti bəllidir. Bunu hər gün oyunçulara deyirəm. Ağır səfər olacaq. Bizim də vəziyyətimiz bəllidir. Oyuna ciddi hazırlaşırıq.

 

- Qışda bəzi oyunçularla bağlı qərar veriləcəyini qeyd etdiniz. Köklü dəyişikliklər baş verəcək, yoxsa bir neçə oyunçu göndəriləcək?

- Biz komandanı yaradanda saya üstünlük vermişdik. İndi isə saya deyil, keyfiyyətə önəm verməliyik. Oyunçuların sayını azaldacağıq.

 

- Komandaya legioner dəvət olunacaq?

- Bu məsələni klub daxilində noyabrın sonunda müzakirə edəcəyik.

 

- Fikrinizdə artıq kimlərisə "qara siyahı"ya salımısınız?

- Bəli. Sayı deyə bilmərəm. Oyunçularımız çoxdu. İstəməzdim ki, o oyunçular ehtiyatda qalsınlar. Güclərini başqa klubda sınasınlar. Ya 1-ci divizonda, ya da Premyer Liqada oynaya bilərlər.

 

- Bəzi komandalar limitə görə məcburiyyətdən oyunçunu oynadır. Milli komandamızın baş məşqçisi Qurban Qurbanov həm də klubda çalışır. Onunla bu barədə fikir mübadiləsi aparmaq fikriniz varmı?

- Görüşəndə bu barədə danışa bilərik. Bu problem bütün komandalara şamil edilməlidir. Limitə uyğun 2-3 futbolçunu heyətə cəlb edəcəyik. İstedadları var, amma heyətə düşə bilmirlər. Bizim komandada oynaya bilərlər. İcarəyə olsa belə, komandaya cəlb etməyə çalışacağıq. "Qəbələ"dən bir nəfəri heyətə cəlb etməyə çalışacağıq. Həmin oyunçu çempionluğa oynaya komandada şans qazana bilmir. Amma bizim heyətdə rahatlıqla çıxış edə bilər.

 

- Hansı mövqeyləri gücləndirəcəksiniz?

- Mövqeylərimizi gücləndirmək istəyirik. Amma bu barədə ətraflı danışmaq istəməzdim. Çempionatda 4 oyunumuz qalıb. Üstəlik, kubokda "Şüvəlan"la qarşılaşacağıq. Qəsəbə klubunu keçsək, rəqibimiz "Qəbələ" olacaq.

 

- Təlim-məşq toplanışınız xaricdə olacaq?

- Planı təqdim etmişik. Türkiyədə keçmək istəyirik. Bakıda da keçəcəyik. Rəhbərlik son qərarını verməyib. Cibimizə uyğun olmalıdır.

Xəbər xətti