Türkiyədə çıxış edən azərbaycanlı futbolçu: "Azarkeşlərin sevimli oyunçusuyam" MÜSAHİBƏ

10:36 - 15 Noyabr 2017

2015/16 mövsümündə I Divizionda çıxış edən MOİK-də vurduğu qollarla çempionatın bombardiri olan Röyal Nəcəfov karyerasını hazırda Türkiyədə davam etdirir. Ötən mövsüm AZAL-da çıxış edən forvard qardaş ölkənin həvəskarlar liqasında (BAL Liqası) mübarizə aparan "Malatya Yeşilyurtspor" komandasında çıxış edir. O, cari mövsümdə 7 oyundan sonra 6 qol vurub.

 

Nəcəfov Türkiyə klubuna keçidi və digər məsələlərlə bağlı Sportal.az saytına müsahibə verib. Müsahibəni təqdim edirik:

 

- Türkiyəyə transferin necə alındı. Bu keçid kimin vasitəsiylə baş tutdu?

- Legioner heyataı yaşamaq istəyirdim. Elə oldu ki, MOİK-də məşqçi kimi çalışan Salih Özbir söhbət etdik. Səmimi münasibətimiz var. Dedi ki, səninlə maraqlanan komandalar var. Məsləhət bildiyi üçün Türkiyəyə gəldik və keçid baş tutdu. Salih Özbirə güvədiyim üçün razılaşdım. Biz mövsümü avqustun birində açdıq. Amma buna baxmayaraq, məni 2 ay əvvəlcədən Malatyaya dəvət etdilər. Burada mənə şəhəri gəzdirdilər. Klubun bazasını gördüm. Köhnə oyunlardan vidoalara baxdım və hər şey tam ürəyimcə oldu. Bu mövsüm burada olmalıyam dedim və şükür ki, Türkiyədəyəm.


- Komandanın hədəfi nədir?
- Malatyanın ikinci böyük komandasıdı. Hədəfimiz çempionluqdu. Çempionluq üçün hər bir şəraitimiz, imkanımız var. İnşallah, çalışacağıq ki çempion olub üst liqaya çıxaq.

 

- Heyətdə səndən başqa legioner futbolçu var?
- Komandada tək legioner mənəm.

 

- Klubda maliyyə şərtləri necədi?
- Maliyə şərtləri məni qane etdiyi üçün buraya gəldim. Amma onu da qeyd etmək istəyirəm ki, maliyyə cəhətdən həm Türkiyə, həm də başqa ölkələrin klublarından daha yaxşı təklif aldım, amma söz verdiyim üçün və arada güvəndiyim adam olduğu üçün Türkiyə variantına üstünlük verdim. Ən əsası da hədəflərimiz üst-üstə düşürdü.

 

- Klubun bazası var?
- Bəli, komandanın bazası var. Hər cür şəraitə malikdir. Mən bazada qalıram. Arada komanda yoldaşlarımızla kinoya baxmağa gedirik.

 

- Yayda Azərbaycandan təklif almışdın?
- Bəli, yayda bir çox Azərbaycan klublarından təklif aldım, amma mən legioner həyatı yaşamaq istədiyim üçün təklifləri qebul etmədim və Malatyaya gəldim.

 

- Türkiyənin BAL Liqası Azərbaycanın birinci divizionundan üstündür?
- Liqaları müqayisə etmək istməzdim. Sadəcə, onu deyə bilərəm ki, burada daha çox azarkeş gəlir. Rəqabət daha yüksəkdir. Əsl ev-səfər oyunları olur. Yəni, evdə oynayarkən doğma divarlar arasında oynadğını hiss edirsən. Səfərdə oynayan zaman yerli azarkeşlər rəqib meydanında olduğunu sənə hiss etdirirlər.

 

- BAL Liqasının səviyyəsi necədir?
- BAL Liqasında çox maraqlı mübarizə var. Oyunlarımızda inanılmaz rəqabət var. Bəzən səfərdə 5-10 min azarkeşə qarşı oyunlarımız olur. Elə bir çempionatdır ki, 1-ci yerin sahibi sonuncu pillədə gedən komandayla matçda xal itirə bilər. Burada sadəcə, liqanın adı həvəskarlardır. İnanın ki, hər şey peşəkardır. Düşünün ki, bu gün BAL Liqasında bir zamanlar “Trabzonspor”da oynayan Alanzinyo top qovur.

 

- Həvəskar Liqasında olan oyunçular futboldan əlavə işlə məşğul olurlar? Məsələn, kimsə futbolla yanaşı, bərbər, qəssab, sürücü və digər işlərlə məşğuldurmu?
- Komandamızda 2-ci və 3-cü liqadan olan oyunçular var. Buarada hamı futbolla məşğuldur. Başqa işi-peşəsi olan komanda yoldaşım yoxdur.


- 1-ci divizioda bombardir olmuşdun. Azərbaycanda qol duyumu olan futbolçuya ehtiyac yoxdu?
- Bəzi klubların ehtiyacı oldu, amma şərtləri məni qane etmədi. Bəzi klubların isə mənim xidmətimdə maraqları olmadı.

 

- Səncə, bunun səbəbi nədir?
- Mən də istəyirdim ki, Azərbaycanda karyeramı davam etdirim. Amma özümü qıraqda da sinamaq istədim, çox şükür ki, bu, məndə alındı.

 

- Məşqçilər, rəhbərlik və azarkeşlər səni barədə nə düşünür?
- Çox şükür ki, məşqçilərimiz, komanda yoldaşlarım və rəhbərlik hamısı mənə inanır. Münasibətlərimiz əladı. Azarkeşlərimiz məni sevir, onların sevimli oyunçusuyam. Bütün oyunları 90 dəqiqə meydanda olmuşam. Artıq başqa komandaların məşqçiləri mənimlə maraqlanmağa başlayıblar. Artıq Türkiydə bir neçə komandanın diqqətini çəkmişəm.

 

- Ölkə futbolu üçün darıxırsan?
- Əlbəttə, vətənim, ailəm və dostlarım üçün və paytaxt Bakımız üçün darıxıram. Amma bir hədəfim var. Hədəflərə çatmaq üçün bəzən fədakarlıq etməlisən. Mən də çalışıram ki, çox darıxmayım ki, bu, məşqlərimə və oyunlarıma pis təsir etməsin. Özüm Türkiyədə olsam da, ürəyim Bakıdadır.

Xəbər xətti