Rauf Əliyev: "Bir dəfə danışdım deyə Prosineçki onu bəhanə edirdi" MÜSAHİBƏ

Rauf Əliyev legioner həyatı yaşayan azsaylı futbolçularımızdan biridi. Bu yay "İnter"dən Albaniyanın "Kukesi" klubuna keçən 28 yaşlı hücumçu qollarını sıralaması ilə diqqət çəkdi.

 

Sportal.az xəbər verir ki, Rauf müsahibəsində gələcək karyerası, millimizdə baş məşqçi dəyişikliyi, keçmiş komandası və yığmamızın sabiq baş məşqçisi Robert Prosineçkiylə arasında olan problemlərə aydınlıq gətirib. 

 

-    “Kukesi”də işlərin necə gedir?
-    İşlər pis deyil, normaldır. 

 

-    Legioner həyatı yaşamaq necədir?
-    Legioner olmaq yaxşıdı, amma daha yaxşı çempionatda olsa, sevinərəm. Futbol tərəfindən Albaniyada heç bir problem yoxdur. Amma şərait heç də ürəkaçan deyil. Yəni bu şərait bir az əziyyətlidi.

 
-    “Kukesi” Albaniyada iddialı klublardan sayılır. Maliyyə durumu nə yerdədir?
-    Düzdür, komanda iddialıdır. “Partizani”, “Skenderbeu” və “Kukesi” çempionluq üçün yarışırlar. Maliyyə baxımından da hər şey yaxşıdı. Sadəcə ümumi şərait ürəkaçan vəziyyətdə deyil. Komandanın bazası da yoxdur. Özü Kukes şəhərini təmsil edir. Amma biz Tiranda qalırıq. Sadəcə oyunlar üçün gedirik Kukesə. 


-    Azərbaycanın hansı klubları ilə müqayisə oluna bilər?
-    Premyer Liqada orta sıralarda qərarlaşan komandalarla müqayisə etmək mümkündü.


-    Albaniya dil baxımından bizə tamamilə ya ölkədir. Komanda ilə necə anlaşırsan?
-    Dil baxımından doğrudan çox fərqlidir. Sadəcə, komandada türk dilini bilən və rus dilini bilən var. Onlar kömək edirlər. Ümumi isə şəhərdə Nderim Nedzipi (“Qarabağ”ın sabiq futbolçusu) ilə birlikdə oluruq. O da türk dilini bilir. Demək olar ki, hər zaman mənə kömək edir. 


-    Bu ölkə oğurluğun daha çox vüsət aldığı ölkələr sırasındadır. Bu baxımdan çətinlik yoxdur?
-    Hələ ki, belə bir şeyə rast gəlməmişəm. Elə bir şey də deməyiblər. Bəlkə əvvəllər daha çox olub. Şəhərdə də təhlükə yoxdur. Bakıda necə insanlar rahat yaşayırsa, burda da elədir. Təhlükəli şəhər deyil. 


-    Ansi Aqolli ilə Albaniya haqqında söhbətin olmuşdu. O, milli komandanın düşərgəsinə gələndə görüşdünüz?
-    Yox, onunla görüşməmişik. Lazım olan hər şey Nedzipidən soruşuram. Bütün işlərimdə mənə kömək edir.


-    Yeməklərlə bağlı çətinliyin yoxdur?
-    Demək olar ki, burada hər yeri tanıyıram. Nə lazımdırsa, tapıb yeyirəm. 


-    Türk restoranları orda da çoxdu?
-    Azərbaycan restoranları yoxdur. Heç burada azərbaycanlıya da rast gəlməmişəm. Türk restoranları isə var. 


-    “Kukesi”də nə qədər qalmaq niyyətindəsən? Başqa təkliflər varmı?
-    İndidən nəsə demək çətindir. İlk dövrənin sonuna bir ay var. Burda qalıb-qalmayacağımı da bilmirəm. Gedişata baxacam. Söz-söhbətlər olsa da, ciddi təklif yoxdur. Məni qane edən hər hansı yaxşı təklif olsa, seçim edəcəm. Bəlkə də daha yaxşı komandaya keçə bilərəm. 


-    Qurban Qurbanovun milliyə təyinatını sən də gecikmiş addım sayırsan?
-    Qurban müəllimi təbrik edirəm. Təyinatın gec olub olmadığını da deyə bilmərəm. Bu AFFA rəhbərliyinin qərarı idi. Onlar bilirdilər ki, necə etmək lazımdır. Sadəcə onun millidə uğurlu olacağını düşünürəm. Milli üçün hər şey yaxşı olacaq. 


-    Düşünürsən ki, bundan sonraq milliyə daimi dəvət alacaqsan?
-    Belə düşünmürəm. Mənim üçün də daha yaxşı olacağını fikirləşirəm. Daimi olmasa da, formada olduğum zaman yığmaya dəvət alacağıma ümid edirəm. Qurban müəllim kim hazır olsa, komandaya çağıracaq. 


-    Bir az da Robert Prosineçkidən danışaq. Artıq komandadan ayrılı və bəlkə aranızda nə olduğunu, səni niyə milliyə dəvət etmədiyini açıqlayasan?
-    Gedənin dalınca danışmaq da düz deyil. Mənim üçün də hələ də maraqlıdır ki, niyə milliyə dəvət almırdım. Qol vursam da, formada olsam da, dəvət etmirdi. Eşitdim ki, guya mətbuata danışdığıma görə məni çağırmayıb. Amma müsahibəmdən əvvəl də dəvət almırdım. Sadəcə bir dəfə danışdım deyə onu bəhanə edirdi. Sadəcə qaranlıq qalan odur ki, niyə çağırılmırdım? Bəlkə də xoşuna gəlmirdim. Məşqçidir də. Mümkündür ki, hansısa futbolçuya simpatiyası olmasın. Yəqin mən də Prosineçki üçün elə olmuşam. Başqa heç nə olmayıb. 


-    "Keşlə"yə çevrilən“İnter”lə münasibətlər necədir? SƏn gedəndən sonra klub rəhbərliyi çox sərt açıqlamalar verdi…
-    Münasibətlərim normaldır və bir problem yoxdur. Bəzi anlaşmazlıq olmuşdu. Onu da yoluna qoyduq. 


-    Onlar klubdan halallıq almadığını bildirirdilər…
-    Halallıq deyəndə ki, müqaviləm var idi və klubdan ayrıldım. Sadəcə arada 1-2 nəfər nəyisə düz başa düşməmişdi. Onlar da hər şeyi anladılar və düzəldi. 


-    Azərbaycan çempionatını izləyirsən?
-    Vaxt olanda internetdən izləyirəm. 


-    Zaur Svanadzenin “İnter”dən göndərilməsini necə qarşıladın?
-    Mənim üçün xoş olmadı. İki il bir yerdə işləmişik. Svanadzeni də başa düşmək olardı. Əlində yaxşı oyunçu yox idi. O da uğur qazanmaq istəyirdi. Amma heyət kasad idi. İki il ərzində çox işlər gördü. Amma indi rəhbbərlik belə qərar veribsə, nə deyim. Svanadzeyə uğurlar. (Sport24.az)

Tarix: 16 Noyabr [13:04]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Dekabr 2017
12  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio