Zlatan İbrahimoviç: "Ağzın açan istənilən adamın cavabını verəcəm"

13:42 - 16 Noyabr 2017

"Mançester Yunayted"in isveçli hücumçusu Zlatan İbrahimoviç ölkəsinin mətbuatına verdiyi müsahibədə maraqlı açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, uzun müddətdir ki, zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan forvard yanvar ayında geri dönməyə hazırlaşır. O, bildirib ki, həyatda nəyə qərar veribsə, onu reallaşdırıb:

 

"Vücudum çox güclüdür. Mənəvi cəhətdən də çox güclü insanam. Bu, çox vacib aspektir. Bir şeyə qərar versəm, mənim qarşımı kimsə ala bilməz. Futbolda və həyatda bu cürəm. Qəlyanaltı üçün İsveçi ələ keçirdim, nahar üçün Avropanı, şam yeməyində isə bütün dünya mənim oldu. Ağlımdakı plan elə bu idi. Bütün dünya mənimdir".

 

Zlatan daha güclü şəkildə geri dönəcəyini açıqlayıb:

 

"Geri dönəcəm və zədədən əvvəlki formamdan dah güclü olacam. Hədəfim budur və bu gerçəkləşəcək. Başqa bir problem yoxdur. Geri dönüb tək futbol oynamayacam. Bunu tək ayaqla da edə bilərdim. Əvvəlkindən daha güclü olacam!"

 

Zədələnməsinə baxmayaraq, İbrahimoviç "qırmızı şeytanlar"la yayda daha 1 illik müqavilə imzaladı. O, bununla bağlı belə danışıb:

 

"Hasarlar mənim qarşımı kəsə bilməz. Bacarmayacağımı, yaşlı futbolçu olduğumu və Premyer Liqa üçün yetərli olmadığımı deyirdilər. Bu sözlər məni dayandıra bilməz. Mən hər kəsə qarşıyam. Ağzın açan istənilən adamın cavabını verəcəm".

 

Ötən mövsüm 9 nömrəli forma geyinən Zlatan bu mövsüm 10 nömrəli futbolkada çıxış edəcək. 36 yaşlı hücumçu bu barədə fikirlərini belə səsləndirib:

 

"Məncə, 10 nömrə fərqlidir. Oyunu qazandıran nömərdir. Bu formanı geyinənlər çətinlikləri dəf edir. 10 nömrəyə baxanda özümü görürəm".

 

Qeyd edək ki, Zlatan ötən mövsüm “qırmızı-şeytanlar”ın heyətində 46 oyunda 28 qola imza atıb.

Xəbər xətti