Məhəmməd Qurbanov: "Qələbədən başqa nəticə bizə sərf etmir"

14:04 - 17 Noyabr 2017

Topaz Premyer Liqasının XII turunda “Kəpəz” Gəncədə meydana çıxacaq.

 

Sportal.az xəbər verir ki, komanda şəhər stadionunda “Səbail”i qəbul edəcək. “Sarı-göylər” qarşıdakı matça hazırlığın əsas hissəsini Bakıda keçirib. Doğma meydanda hələ ki, xal qazana bilməyən Nizami yurdunun təmsilçisi qələbəyə köklənib. Bunu klubun rəsmi saytına açıqlamasında Məhəmməd Qurbanov da təsdiqlyibi:

 

“Elə fikirləşirəm ki, artıq komandada hamı qələbə qazanmağın, uğurlu nəticə əldə etməyin vaxtı çatdığını düşünür. Başqa nəticə bizə sərf etmir. Yalnız qalib gəlməliyik. Bizim üçün vacib oyundur. Ona görə də matça ciddi hazırlaşmışıq. Məşqlərimiz yaxşı keçib. Çempionatda yaranan fasilə komandanın xeyrinə işləyib. Yaxşı hazırlaşmaq, çatışmazlıqları aradan qaldırmaq üçün daha çox vaxtımız olub”.
 
Gəncə klubuna yeni qoşulan futbolçunun artıq kollektivə uyğunlaşdığını söyləmək olar. İlk vaxtlar 90 dəqiqə oynamağa gücü çatmayan yarımmüdafiəçinin fiziki cəhətdən hazır olmadığını baş məşqçi Şahin Diniyev də vurğulamışdı. Amma yavaş-yavaş forma yığmağa başlayan Qurbanov son iki görüşdə startdan final fitinə kimi meydanda olub: “Hansı səviyyədə hazır olduğumu qarşıdakı oyun göstərəcək. Fiziki planda irəliləyişlər var. Az da olsa artırdığımı düşünürəm. Bunun üzərində çalışıram. Zamanla hər şey yoluna düşəcək”.
 
25 yaşlı oyunçu azarkeşlər haqda da fikirlərini bölüşüb. O, Gəncədə çoxlu sayda tamaşaçı qarşısında oynamağın əlavə məsuliyyət olduğunu və bunun komandaya kömək etdiyini bildirib: “Hər oyunda böyük məsuliyyət olur. Xeyli sayda tamaşaçının stadiona gəlməsi digər tərəfdən həm də bizim xeyrimizədir. Azarkeş bizim üstünlüyümüzdür. Onlar komandaya dəstək verməklə böyük kömək edirlər. Buna görə fanatlarımıza təşəkkür edirəm. Komandanı çətin günlərdə tək buraxmadıqları üçün hamımız onlara minnətdarıq”.

Xəbər xətti