Maksim Medvedev: "Hər gün "Çelsi" kimi komandalara qarşı oynasaydıq, bizim üçün asan olardı" MÜSAHİBƏ

22:41 - 17 Noyabr 2017

"Qarabağ" Topaz Premyer Liqasının 12-ci turunda "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəlib.
 
Sportal.az xəbər verir ki, Ağdam klubunun müdafiəçisi Maksim Medvedev jurnalistlərin suallarını cavablandırıb. Milli komandamızın üzvü ilk olaraq oyun haqda danışıb:
 
- Uzun fasilədən sonra matça hazırlaşmaq bir qədər çətin olur. Çünki oyun praktikası aşağı düşür. Öz oyunumuzu tapmaq istəyirdik. Bəzi şeylər çatmadı. Qarşılaşmada qırmızı vərəqə aldıq və işimiz çətinləşdi. Çalışdıq ki, ciddi oynayaq. Şükürlər olsun ki, azlıqda qaldıqdan sonra qol vurduq. Müdafiədə diqqətli olmağa çalışdıq. Məncə, buna nail olduq və 2-ci dəfə də qol vurduq. 3-cü dəfə fərqlənə bilərdik. Ancaq Mahir Mədətov fürsəti boşa verdi. Futboldu, hər şey olur.
 
- Son zamanlartez-tez qırmızı vərəqələr alırsınız...
- “Atletiko” ilə oyunlarda Dino Ndlovu və Pedro Enrike “qırmızı” aldı. Pedro Dieqo Qodinin sifətinə ayaqla bilərəkdən zərbə endirməsə də, qərar doğru idi. “Səbail”lə görüşdə Ansi Aqolli də qeyri-idman hərəkətinə görə cəzalanmışdı. Bu gün də Şehiç rəqibinə güclü zərbə vurmasa da, bu hərəkət qırmızı vərəqə idi. Məncə, hakimlər düzgün qərarlar veriblər. Fikirləşmirəm ki, kimsə narazı olsun.
 
- “Qarabağ” “Çelsi” ilə qarşılaşmada xal ehtiyatını artıra bilər?
- “Çelsi” ilə görüşə ciddi hazırlaşırıq. BOS-da da bu səbəbdən oynadıq. Londondakı oyun bizim üçün yaxşı keçməmişdi. Ancaq evdə yaxşı çıxış etməyə çalışcağıq. Başa düşürük ki, “Çelsi”nin səviyyəsi bizdən üstündü. Futbolda hər şey baş verir. Heç kim inanmırdı ki, “Atletiko” ilə iki oyunda heç-heçə edərik. Bu da komandaya “Çelsi” ilə oyuna daha motivasiyalı çıxmağa kömək edir. Baş məşqçisinin tapşırıqlarını yerinə yetirsək, “Çelsi”dən də xal ala bilərik.
 
- İlk oyunda 0:6 hesablı yenilgini xatırlayanda psixoloji cəhətdən komandaya sıxıntı gəlmir?
- Əlbəttə, olur. Desək ki, olmur, yalan olar. Hamının yadındadır. Çalışcağıq ki, həmin görüşdə etdiyimiz səhvləri təkrarlamayaq.
 
- Atmosfer də fərqli olacaq...
- Məncə, atmosfer eyni olacaq. “Stemford Bric” də böyük stadiondur. Burdakı stadion da böyükdür. Sadəcə, öz azarkeşlərimiz qarşısında olacağıq. Artıq bilirik ki, “Çelsi” necə komandadır. “Atletiko” ilə matçda da təcrübə qazandıq.
 
- Ötən mövsümlərdə Avropa Liqasında “Tottenhem”ə hər iki oyunda yenilmişdiz. Bu dəfə də rəqib London təmsilçisi – “Çelsi” olacaq. Amma görünür ki, “Qarabağ” ingilis klubları ilə istənilən kimi oynamır...
- İspaniya, Almaniya, İngiltərə və İtaliya dünyanın ən güclü liqaları hesab edilir. İngiltərədə hərtərəfli futboldur. Texnika, sürət, fiziki füc əsas önəm daşıyır. Oyunçular adlı-sanlı və yüksək səviyyəli olur. İngilis klublarının adını eşidəndə aşağı komandalar sindirom keçirirlər. Tam başqa cür olur, alınmır. “Tottenhem”lə görüş də belə olmuşdu. Tam başqa atmosferdi. Biz hər gün “Çelsi” kimi komandalara qarşı oynasaydıq, bizim üçün asan olardı. Amma bizdə belə deyil. Bu gün ölkə çempionatı, sonra “Çelsi”, yenidən ölkə çempionatı və “Roma” ilə matç... Qeyri-stabillik bizə problem yaradır.
 
- İngilis klublar fiziki cəhətdən güclü olurlar...
- Tam razıyam. “Çelsi” çempionatında bu gün “Arsenal” sabah “Liverpul” kimi klublara qarşı oynayır. Bizdə isə balanslı deyil. Oyun tempini tutmaq olmur. Biz hələ “Çelsi” kimi klublara qarşı həmişə yaxşı oynamağa hazır deyilik.
 
- Pedro Enrikesiz ÇL-də son iki turu necə keçirəcəksiniz?
- Pedronun vəzinə meydana çıxan futbolçu çalışacaq ki, onun yoxluğunu hiss etdirməsin. Maksimum şəkildə oynayacaq. Belə deyək, heyətimizdə əsas heyət üzvü və lider anlayışı yoxdu. Hamı eynidir. Əlbəttə, Pedro təcrübəlidir. Böyük klublara qarşı oynayıb və özünü necə aparmağı bilir. Amma inanıram ki, onun əvəzinə oynayan futbolçu boşluğu dolduracaq.

Xəbər xətti