Radik Əhmədov: “Hələ heç nə itirilməyib” MÜSAHİBƏ

11:44 - 18 Noyabr 2017

“Yasamal”la oyunda qələbə qazanan və ikinci pillədə qərarlaşan “Marafon Futsal”la xallarını bərabərləşdirən, amma şəxsi oyunlara görə üçüncü pillədə qərarlaşan EKOL-un oynayan məşqçisi Radik Əhmədovun AFF-nın rəsmi facebook səhifəsinə müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- “Yasamal” həyəcanlı dəqiqlər yaşatdı komandanıza.
- Bu oyunla birinci dövrəyə yekun vurduq. Bütün oyunları diqqətlə izləyir, rəqibləri tanımağa çalışırdım. “Yasamal”la oyunun da çətin keçəcəyini bilirdik, çünki komandanın özəyini iranlı legionerlər təşkil edir. Bizim məqsədimiz də çempionluq uğrunda mübarizə aparmaqdır. Birinci dövrə başa çatsa da, hələ heç nə itirilməyib. 

 

- Birinci dövrəni hədəflədiyiniz pillədə başa vurdunuz?
- İki oyunda məğlub olduq, qalan 4 oyunu qalib başa vurduq. Aşağı-yuxarı təxmin etdiyimiz kimi qapadıq dövrəni. Son oyunda qələbə qazanmaqla turnir cədvəlindəki yerimizi bir qədər möhkəmləndirdik. 

 

- Çempionluq haqda danışarkən əksər komandalar “Araz”ı artıq zirvədə görürlər və digər mükafatlar uğrunda yarışacaqlarını deyirlər. EKOL “Araz”ı rəqibləri sırasında görürmü?
- Bir məsələni qeyd edim, hazırkı çempionat əvvəlki illərdəki yarışlardan çox fərqlənir. İndi hansısa oyunda asan qələbə qazanmaq, hansısa komandanı böyük hesabla udmaq çətindi. İstənilən halda, çempionata “Araz”sız hazırlaşmamışıq. Əksinə, əsas rəqiblərimiz sırasında onları görmüşük. Güclərinə bələdik, millinin üzvlərinin və legionerlərin çox olması onlarla qarşılaşmada gücümüzü 100 faiz səfərbər etməyə vadar edir.  Halbuki digər matçlarda bu göstərici 70 faizə bərabər olur.  

 

- Növbəti turda məhz “Araz”la qarşılaşacaqsınız. Onlar da son oyunda “Xəmsə”ni 16:0 hesabı ilə yendilər. Bu nəticə EKOL-u qorxuzmadı?
- Niyə qorxaq? “Xəmsə”nin gücünə bələdik, onlar məhdud heyətlə mübarizə apardılar, qapıçıları da cəzalı idi. Əslində, “Araz”ın bu cür oynayacağını gözləyirdik. Bu oyuna hazırlaşmaq üçün vaxtımız var. Qazanacağımız xal çempionatdakı mövqeyimizə, məqsədimizə ciddi təsir edəcək. 

 

- “Araz”ın oyunçuları rəqiblərinin onlara qarşı qapalı oyun nümayiş etdirməsindən şikayət edir. EKOL “Araz”la açıq oyuna üstünlük verəcəkmi?
- “Araz”ın hücum xətti çox güclüdür. Bəli, buna görə də əksər komandalar müdafiədən oynayır və əks-hücumlarda onları cəzalandırmağa çalışırlar. Bizə gəldikdə, oyunun 50 faizini müdafiədən quracağıq. Çünki hücumçularının keyfiyyətinə bələdik. Bu dueldən əliboş ayrılmaq istəmirik. 

 

- VIII turda məhz bu duel canlı yayımlanacaq. Bu əlavə təzyiq yaradırmı?
- Bu ilə qədər çempionatımızla bağlı geniş məlumatlara rast gəlmirdik. Artıq bu sahədə də ciddi irəliləyiş var. Oyunlar canlı yayımlanır, media nümayəndələri zallara gəlir, baş verənləri işıqlandırır, müsahibələr alır. Vaxt var idi, futzal deyəndə ancaq “Araz” ağıla gəlirdi. Ancaq indi komandaları tanıyırlar. Hətta tanımadığım insanlar belə bəzən oyunla bağlı sual verirlər. Bunun medianın əməyinin nəticəsi olduğunu anlayırsan. Təbii ki, bu gərginlik, təzyiq yox, məsuliyyətimizi artırır. Çünki bizi yalnız zalın daxilindəkilər yox, televiziyadan da izləyirlər.

Xəbər xətti