Təmkin Xəlilzadə: "Çempionat ərəfəsində beynimə belə söhbətləri vermək istəmirəm" MÜSAHİBƏ

17:17 - 18 Noyabr 2017

Topaz Premyer Liqasının 12-ci turunda "Zirə" səfərdə "Keşlə"ni 1:0 hesabıyla məğlub edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "qartallar"ın müdafiəçisi Təmkin Xəlilzadə jurnalistlərin suallarını cavablandırıb.

 

- "İnter"lə duellərinizdə "sülh" qeydə alınırdı. Bu dəfə sindrom qırıldı və qalib gəldiniz. Oyun haqda təəssüratlarını bölüşərdin...

- "Neftçi" ilə oyundan sonra bu matça hazırlaşırdıq. Bilirdik ki, çətin səfər qarşılaşmamız olacaq. Çünki bu rəqiblə oyunlarda problem yaşayırdıq. İstədiyimiz kimi oynaya bilmirdik. Bütün komanda: məşqçilər, futbolçular, rəhbərlik yığılıb bu matçı müzakirə etmişdik. Güclü hazırlaşmışdıq və şükürlər olsun ki, 3 xalı əldə etdik.

 

- "Keşlə" ikinci hissənin sonlarında təzyiq artırsa da, status-kvonu bərpa edə bilmədi. Rəqibin qarşısını necə kəsdiniz?

- Hesabda öndə olduğumuz üçün üstünlüyü qorumaq istədik. Meydan sahibləri idilər və uduzmaq istəmirdilər. Buna görə də təzyiqi artırdılar. Komanda şəklində yaxşı müdafiə olunduq.

 

- Təmkin, bu mövsüm bəzi oyunlarda isə sənə qarşı kobud oynayırlar. Bu qarşılaşmada da İlkin Qırtımovla aranızda gərginlik yaşandı. Qarşını kəsə bilmirlər, yoxsa...?

- Bəli... Hiss edirəm. Futboldu, hər şeyə hazırıq. Bu idman növünün cəzası, zədəsi də olur. Oyunda ən çox bəlkə də mənə qarşı kobud oynayırlar. Ancaq bacardıqca istəyirəm ki, sakit olum. Bəzən insan hisslərinə sahib ola bilmir və aqressiv olur. Lakin meydanda özümü səbirli aparmağa və sakit olmağa çalışıram. Həqiqətən də bilmirəm ki, mənə qarşı niyə çox kobud oynayırlar. 

 

- Çətin qarşılaşma olduğunu vurğuladın. Səncə, qol epizodlarını sağa-sola xərcləməklə işinizi özünüz çətinləşdirmədiniz?

- Mənim və Viktor İqbekoyinin yaxşı şansl oldu. Bəlkə də qolları vursaydıq, fasiləyə 3:0 hesablı üstünlüklə yollana bilərdik. Belə də ikinci hissə daha rahat keçərdi. Amma nəzərə alaq ki, çempionatda "asan yem" olası rəqib yoxdur. Son pillədə olan "Səbail"dən tutmuş ilk pilləyə kimi qarşılaşmalar çətin olur. Sadəcə, "Keşlə" ilə 5 oyun idi ki, heç-heçə edirdik. Çətin keçirdi oyunlarımız.

 

- Digər komandalar mübarizə aparır, "Zirə" isə qələbələri sıralayaraq liderlər qrupunda qərarlaşmaqla öz işini görür. Artıq "Zirə"dən çempionluq və 2-ci pilləni gözləyənlər var...

- Desək ki, qarşımıza sırf olaraq çempionluq qoymuşuqsa, özümüzü aldatmış olarıq. Məqsədimiz kollektiv olaraq hər oyuna "vuruşmağa" çıxırıq. Qələbə qazanmaq üçün çalışırq, əgər bunu bacarmasaq, ən azı 1 xal qazanmaq üçün oynayırıq. Marafonun sonuna çox var. Hər şeyə çempionatın sonunda aydınlıq gələcək. Bu vəziyyətimiz qorumalıyıq və belə davam etməliyik. Bu pillədə olmaq asandır, ancaq bunu qorumaq çətindir.

 

- Robert Prosineçkinin dönəmində milliyə dəvət aldın və seçmə mərhələdə San Marino ilə Almaniyaya qarşı matçlarda çıxış etdin. Səncə, Qurban Qurbanov da sənə etimad göstərəcək?

- Əvvəlcə, Qurban müəllimi təbrik edirəm. Azərbaycan futbolu üçün çox yaxşı addım oldu. İnanıram ki, uğurlar qazanacağıq. Milliyə dəvət almağı məşqçiyə deyil, özümə bağlayıram. Çünki futbolçu əgər yaxşı formadadırsa, istər-istəməz milliyə dəvət alacaq. Əgər yaxşı formada olsam, dəvət alaram. Bunu 80-90 faiz özümlə bağlayıram.

 

- Növbəti tur "Qarabağ" lider "Qarabağ"a qarşı oynayacaqsınız...

- Elə baş məşqçimiz Ayxan müəllim də paltardəyişmə otağında bildirdi ki, bugünkü qələbəmizi unudub, "Qarabağ"la matça hazırlaşmalıyıq. Bizim üçün çətin olacaq. Rəqibi təqdim etməyə ehtiyac yoxdur. ÇL-də çıxış edən və son 4 ilin ölkə çempionuna qarşı oynayacağıq. Evdə oynayacağıq və istədiyimiz nəticəni Allahın izni ilə qazanarıq.

 

- "Qarabağ"ın sabiq futbolçusu olmusan. Adın tez-tez sabiq komandanla hallanır. Qışda və ya növbəti yay transfer pəncərəsində "Qarabağ"a keçidin mümkündür?

- Bu şayiələri mən də oxuyuram. Amma belə söhbət yoxdur. Çempionat ərəfəsində beynimə belə söhbətləri vermək istəmirəm. Mövsümün sonuna kimi "Zirə" ilə müqaviləm var. Burdakı işimi bitirib mövsümün sonunda masaya əyləşib, müqaviləni müzakirə edəcəyik. Özümü "Zirə"yə kökləmişəm.

Xəbər xətti