Maksim Medvedev: "Hakim istəyirdi ki, ilk dəqiqələrdən komandanı "sındırsın" MÜSAHİBƏ

02:25 - 23 Noyabr 2017

“İlk oyundan sonra rəqibi yaxşı tanıdıq. Rəqibi analiz etmişdik, necə oynadıqlarını bilirdik”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Maksim Medvedev deyib. Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində öz meydanında “Çelsi”yə məğlub olub.

 

Qarşılaşmadan sonra əməkdaşımızın suallarını cavablandıran müdafiəçi fikirlərini bildirib: “Oyuna yaxşı başladıq, qol imkanlarımız oldu, ancaq Miçelin zərbəsi dirəyə dəydi. Qırmızı vərəqə və penalti bütün planlarımızı alt-üst etdi”. 

 

- Kapitan sarğısını alandan sonra hakimlə danışırdız. Nə hiss edirdiz, qərəzli olduğu hiss olunurdu mimikasında?

- Birinci dəfədi ki, emosiyası olmayan hakim görürdüm. Bütün komanda ilə üstünə getdik ki, penalti verməsin, heç olmasa qırmızı vərəqə vermə. Biz penalti olub-olmadığını dəqiq bilmirdik. Ancaq Rəşadın ilk folunda belə qərar çox ağır oldu. Çox pis təsir etdi komandaya. Bundan sonra psixoloji cəhətdən “sınmamağa” çalışdıq. 

 

- “Qarabağ” ilk 20 dəqiqədə çox yaxşı oynayırdı və topa nəzarət edirdi. Sanki “Qarabağ” öz oyunu ilə hakimi qorxutmuş oldu. 

- Sanki ilk dəqiqədən “Qarabağ”a qarşı antipatiya yaranmışdı. İstəyirdi ki, ilk dəqiqələrdən komandanı “sındırsın”.

 

- Qırmızı vərəqədən sonra baş məşqçi Qurban Qurbanov bütün komandanı başına yığdı. Elə təəssürat yarandı ki, sanki komanda meydanı yarımçıq tərk edir...

- Kənardan elə görünə bilər, ancaq ciddi bir şey deyildi. Belə bir şeyə hazır deyildik, ona görə də təcili şəkildə yerdəyişmələri başa saldı. Fasilədə isə tam başqa sistemə keçdik.

 

- Formanı kiminlə dəyişdiz?

- Heç kimlə. Oyunda elə vəziyyət yarandı ki, sanki məni futboldan küsdürdülər. Hakim bəzi epizodlarda özünü elə apardı ki…Oyunçuların üzünə baxırdım, sanki oynamaq istəmirdilər.

Xəbər xətti