Diktator rektorun könülsüz azarkeşləri

15:32 - 26 Noyabr 2017

Premyer Liqamızda iştirak edən 8 komandadan oyunlarına ən çox azarkeş gələn "Kəpəz"dir. Bunu hamımız bilirik.

 

Dünən baş tutan "Kəpəz" - "Qəbələ" oyununun protokoluna baxdım. Stadionda 8500 azarkeşin olduğu qeyd edilib. Düzü, bu rəqəmin real olduğuna inanmıram. Matçı stadionda izlədiyim üçün bütün tribunaları görə bilirdim. Yazımın məqsədi bu deyil.

 

Dünən Gəncə şəhər stadionunda gördüyüm şahidi olduğum bir hadisə haqda yazmaq istəyirəm. Azarkeşlərin stadiona məcbur gətirilməsi barədə xəbərlər yazılıb. Bunu dünən öz gözümlə gördüm. Azərbaycan Dövlət Aqrar Universietinin rektoru İbrahim Cəfərov tribunaların önündə dekanları, müəllimləri başına yığıb uşaq kimi danlayırdı. Əslində buna danlamaq demək də olmaz. Danışıq tonundan, sözlərindən hiss olunurdu. Rektor yüksək səslə müəllimlərə "Niyə az adam gətirmisən? Hərənizə 50 nəfər demişdim. Hanı adamlarınız? Sizinlə başqa cür danışmaq lazımdır" deyərək diktatorluq edirdi.

 

"Kəpəz"in gəncəlilər tərəfindən sevildiyini bilirik. Amma belə məcbur gətirilən azarkeşlər kimə lazımdır? Zatən 90 dəqiqə ərzində heç bir şüar səsləndirməyib, futbola yox, teatr tamaşasına baxırmış kimi davranan tələbələrdən "Kəpəz"ə nə dəstək olacaq?

 

Elçin Əlixan

 

Xəbər xətti