Filip Ozobiç: "Xorvatiyalı jurnalistlər bu məsələni şişirdiblər" MÜSAHİBƏ

17:07 - 26 Noyabr 2017

Topaz Premyer liqasının XIII turu çərçivəsində "Qəbələ" "Kəpəz"i səfərdə 6:1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, "Qəbələ"nin futbolçusu Filip Ozobiç matçdan sonra jurnalistlərin suallarını  cavablandırıb.

 

- Zədədən sonra özünü necə hiss edirsən?

- Hələ 100 faiz hazır deyiləm. Zədədən sonra bu ilk oyun idi. Əsas odur ki, artıq ağrılarım yoxdur. 

 

- Öz optimal formanı nə zaman bərpa edəcəksən?

- Düşünürəm ki, qış təlim-məşq toplanışından sonra formamı bərpa edə biləcəm. Hazırda bacardığım qədər komandama kömək edəcəm. Heyətdə yaxşı formada olan futbolçularımız var.

 

- Səncə, qış fasiləsində öz optimal formanı bərpa etmək üçün kifayət qədər oyun sayı olacaq?

- Fikrimcə, kifayət edəcək. Özümə güvənli olacam və oynamağa hazır olacam.

 

- "Qəbələ" "Qarabağ"dan geri qalır. Onlara çatmaq mümkün olacaqmı?

- Hələ sona 15 tur qalıb. Çox xal qazana bilərik. "Qarabağ"a çatmaq mümkün olacaq. Hər şey ola bilər. 

 

- Xorvatiya mətbuatında Azərbaycan vətəndaşlığı almağı və millimizdə oynamaq istədiyini bildirmisən...

Xorvatiyalı həmkarlarınız məsələni bir qədər şişirdiblər. Sadəcə, bildirmişəm ki, digər ölkənin vətəndaşlığını qəbul etmək üçün ən azı 5 il həmin çempionatda çıxış etməlisən və hələ ki, bu barədə düşünməyin olduqca tez olduğunu dilə gətirmişəm.

 

- 5 il Azərbaycanda oynayıb, sonra isə millimizin şərəfini qorumaq istəyərdin?

-  Azərbaycandan məmnunam. “Qəbələ”dəki şərait də məni qane edir. Klub rəhbərliyi ilə yayda başa çatacaq müqavilə müddətinin uzadılması ətrafında müəyyən danışıqlarımız olub. Bundan artığını demək hələ ki, tezdi.

Xəbər xətti