Qurban Qurbanov: "O, mənə ayrılmaq istədiyini dedi" MÜSAHİBƏ

18:30 - 28 Noyabr 2017

Azərbaycan kubokunun 1/8 final mərhələsində evdə “Qaradağ Lökbatan”ı məğlub edən (2:0) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:
 
- Futbolçularımı təbrik edirəm. Komandada bir qədər həyəcan var idi. Çünki bu gün meydana çıxan futbolçuların bəziləri çoxdandı oynamırdılar. Rəqibi də təbrik edirəm. Bu gün sübut etdilər ki, birinci  divizionda lider olmağa layiqdilər. Bu komandanın özünəməxsus oyunu var.
 
- Ehtiyat oyunçular skamyasında cəmi 4 futbolçu var idi. Bu, nə ilə bağlı idi?
- İki gün öncə oyun keçirmişdik. “Zirə” ilə oyun ağır keçmişdi. Buna görə, bəzi oyunçulara istirahət vermək qərarına gəldim. 
 
- Ramil Şeydayevin oyunundan razı qaldız? Bu gün çox mübarizə aparırdı, istəkli idi, lakin nə isə çatışmırdı. 
- Onda təkcə qol çatışmadı. Çox istəkli idi. Bir dəqiqə də olsun meydanda dayanmadı. Çox işlədi. Sadəcə, bəxti gətirmədi. Buna görə, özü də əsəbiləşmişdi. Onun oyunundan razı qaldım. Belə də davam etməlidi. Ümumiyyətlə, oyunçularımın hamısından razı qaldım. Düzdü, təcrübə cəhətdən çatışmazlıq var. Ancaq fikrimcə, vaxt keçdikcə, bu da öz qaydasına düşəcək.
 
- Ukrayna mətbuatında Anton Kanibolotskinin qışda komandadan ayrılacağı barədə xəbərlər yer alıb...
- Kanibolotskinin az şans qazanması limitlə bağlıdı. Mənim Antonla bağlı heç bir narazılığım yoxdu. Ukrayna mətbuatında onunla bağlı nə yazıldığından xəbərim yoxdu.
 
- Fiziki məşqçiniz Ruben Sellesin komandadan ayrılıb, Danimarka getməsi barədə nə deyə bilərsiz?
- O, ayrılmaq istədiyini dedi. Mən də razılaşdım. Düzü, qışda ayrılmasını planlaşdırırdıq. Ancaq getmək istədiyinə görə, daha tez yollarımızı ayırdıq. “Roma” ilə oyunda komanda ilə olmayacaq.
 
- Onun yerinə məşqçi axtarışlarına başlamısız?
- Bu işlərlə qış fasiləsində maraqlanacağıq. Hələ ki, bu barədə düşünmürük.

Xəbər xətti