Ramil Şeydayev: "Oynaya bildiyimi sübut etmək istəyirəm"

11:13 - 29 Noyabr 2017

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qaradağ Lökbatan”la oyunundan sonra “Qarabağ”ın hücumçusu Ramil Şeydayev jurnalistlərə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, gənc hücumçu I Divizion təmsilçisinə 2:0 hesabı ilə qalib gəldikləri oyun haqda danışıb: "Yaxşı oynadıq və matç ərzində topa nəzarət etdik. Qol vurmaq üçün çoxlu imkanlarımız oldu. Əsas odur ki, qələbə qazandıq. Bu nəticə komandadakı atmosferi daha da yüksəltdi. İlk hissədə oyuna köklənmə ilə bağlı bir az problem oldu. Amma vaxtında nəzarəti ələ aldıq. Vəziyyəti lehimizə çevirib, qələbə qazana bildik. İki komanda arasında fərq ortada idi, bunu müqayisə etməyə dəyməz. Hələ ki, qol vurmaq alınmır. Amma mən öz üzərimdə işləməyə davam edirəm”.

 

Şeydayev gələcək karyerası ilə bağlı sualı cavablandırıb: “Müqaviləm mövsümün sonunda başa çatacaq. Ona görə də tez qərar verməyə tələsmirəm. Yaya qədər yarım il var. “Qarabağ”da özümü əla hiss edirəm. Daha çox oynamaq istəyirəm. Amma həvəsdən düşmürəm, öz şansımı gözləyirəm. Oynaya bildiyimi sübut etmək istəyirəm”.

Xəbər xətti