Filip Ozobiçdən ilk het-trik və 20-ci qol

Filip Ozobiç “Qəbələ”nin heyətində 20-ci qolunu vurub.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçinin yubiley topu Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Mil-Muğan”la ev oyununa təsadüf edib. Bu matçadək “qırmızı-qara” formada 17 qolu olan Filip 8:0 hesablı qələbəyə het-triklə töhfə verib. Onun qarşılaşmadakı son qolu “Qəbələ”də 20-ci sevinci olub. Bununla da Ozobiç klub tarixində 20 və daha çox qol vuran 4 oyunçudan birinə çevrilib. 55-ci oyunda “20”yə çatan yarımmüdafiəçi klub tarixinin bombardirləri siyahısında 3-cü yeri Rövşən Əhmədovla bölüşür. Bu cütlük yalnız Viktor Mendi (33) və Dododan (30) geri qalır.

 

Filip 20 qolundan 5-nə Azərbaycan kubokunda imza atıb. O, kubokda “Qəbələ” üçün ən çox qol vuran 3 oyunçudan biridi. Yalnız Kənan Kərimovdan (7 qol) geri qalan Ozobiç Vüsal Qarayevlə eyni göstəriciyə malikdi.

 

Yeri gəlmişkən, Filip Vüsaldan sonra ikinci futbolçudu ki, kubok matçında het-trikə imza atıb. Qarayev 2006-cı il oktyabrın 16-da Quba “Şahdağ”ı ilə 6:0 hesablı qələbə ilə başa çatan ev oyununda 3 topa imza atmışdı. Ümumilikdə isə “Qəbələ”də ilk het-trikinə imza atan xorvatiyalı klub tarixində bunu bacaran 16-cı futbolçu olub. Bu, həm də “Qəbələ”li oyunçuların 34-cü het-trikidi.

 

“Mil-Muğan”la qarşılaşmada 4 futbolçu ilk dəfə “Qəbələ” forması geyinib. Hacıağa Hacıyev, Aqil Məmmədov, Amin Seydiyev və Ülvi İsgəndərovun debütü ilə klub tarixinin rəsmi matçlardakı ümumi futbolçu sayı 227-yə çatıb. Bu qarşılaşmayadək “qırmızı-qara” forma ilə 223 oyunçu meydana çıxmışdı. Bu futbolçulardan 119-u qol sevinci yaşayıb. Debütü qolla qeyd edən Ülvi və Hacıağa bunu bacaran 117 oyunçuya qoşulublar.
“Mil-Muğan”la oyunda start heyətində meydana çıxan Ürfan Abbasov “Qəbələ”də 19-cu kubok matçını keçirib. Müdafiəçi bu komandada ən çox kubok oyunu keçirən futbolçu adına yiyələnib. Hesabında 19 qarşılaşma olan Abbasov 18 oyun keçirən Samir Zərgərovu arxada qoyub.

 

“Mil-Muğan”la matçda penalti zərbəsi ilə hesabı açan Cavid Hüseynov “qırmızı-qara” formada 10-cu dəfə 11 metrlik zərbəni yerinə yetirib. Bütün zərbələri qolla nəticələnən kapitan bu göstəricidə klub tarixinin rekordçusudu.

 

Qəbələ şəhər stadionundakı qələbə klubun tarixində 46-cı, Azərbaycan kubokunda 9-cu böyükhesablı qələbə olub. “Qırmızı-qaralar” öz meydanında 29-cu dəfə 3 və ya daha çox top fərqilə qalib gəlib. Kubokdakı belə qələbələrdən 7-si evdə, 2-si səfərdə qeydə alınıb.

 

“Mil-Muğan”la görüşdə 8:0 hesablı qələbə qazanan komanda kubok tarixində özünün ən böyükhesablı qələbəsini əldə edib. Bunadək rekord 2015-ci il dekabrında eyni rəqiblə matçda qazanılan 7:0 hesablı qələbə idi.

 

“Qəbələ” həm də klub tarixinin ən böyükhesablı qələbəsini təkrarlayıb. 3-cü dəfə 8 top fərqi ilə qalib gələn “qırmızı-qaralar” 1-ci dəstədə “Şərur”u (2005-ci il sentyabrın 21-də), Premyer Liqada “Neftçi”ni (2016-cı il sentyabrın 10-da) bu hesabla məğlub etmişdi.

Tarix: 1 Dekabr [00:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Dekabr 2017
15  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio