Rəşad Sadıqov: "İnqilabi dəyişikliklər olmalıdı" MÜSAHİBƏ

00:08 - 6 Dekabr 2017

UEFA Gənclər Liqasının VI turunda səfərdə “Roma”lı həmyaşıdları görüşən “Qarabağ”ın U-19 komandası matçdan 0:3 hesablı məğlubiyyətlə ayrılıb. Oyun başa çatdıqdan sonra komandanın baş məşqçisi Rəşad Sadıqov Sportal.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Matç necə keçdi?

- Qrupdakı son oyunumuz idi, qrupdan çıxmaq şansımız da yox idi. Çalışdıq ki, yaxşı futbol göstərək, qələbə ilə vidalaşaq. Nəsə alındı, nəsə alınmadı, yekunda 0:3 hesablı məğlubiyyətlə barışmalı olduq. Daha yaxşı olsun, istərdim.

 

- Ümumiyyətlə, geridə qalan 6 oyun haqqında nə deyə bilərsən?

- Təcrübə çatışmazlığı var. Bu, aydın məsələdir və hamımız bilirik. Ancaq hər bir oyunda qırılma nöqtəsi oldu. Oturub bütün matçları analiz eləsək, görərik ki, pis keçməyən oyunun müəyyən anında qopurduq və bu, bizə baha başa gəlirdi. Və ya hansısa standart vəziyyətdən qol buraxdıq. Düşünürəm ki, bir az daha yaxşı nəticə göstərə bilərdik. Uşaqların azca təcrübəsi olsaydı, heyətlə daha çox işləmək imkanımız olsaydı nəsə göstərə bilərdik. Heyət son anda yığıldı və 8-9 nəfər yeni oyunçular var.

 

- Qış fasiləsində “Qarabağ”ın əsas komandasına bu heyətdən kimsə cəlb oluna bilərmi?

- Buna Qurban müəllim qərar verəcək, ancaq düşünürəm ki, bu komandadan 3-4 nəfər böyük futbol oynaya bilər.

 

- Son oyunlarda fərqlənən Deda haqqında hansısa məlumat alıbmı Qurban Qurbanov?

- Mən də bəzi məlumatlar vermişəm, məşqləri də izləyib özü. Maraqlanır kifayət qədər. Yaxından izləyir və oyunçunu yaxşı tanıyır. Amma düşünürəm ki, Deda bir az daha öz üzərində işləyib, artırmalıdır.

 

- Siz özünüz bir baş məşqçi kimi bu komandanın gələcəyini nədə görürsüz? Gələcəkdə nə uğrunda mübarizə apara bilər?

- Hər futbolçu özü üçün mübarizə aparmalıdır. Bu, bütün yaş qruplarına aiddir. Komanda olaraq hədəf öz yaşıdları arasında çempion olmaq, Avropada qrupdan çıxmaq olsa da, fərdi olaraq futbolçuların hər biri böyük futbol oynamaq üçün can atmalıdır. Özləri üçün individual hədəf müəyyənləşdirməldilər ki, gələcəkdə “Qarabağ”da, “Qəbələ”də, millidə çıxış etsinlər. Biz komanda kimi toplayırıq, ancaq yaş dayanmır, müəyyən müddətdən sonra komandalarda yenilənmə olur və hər futbolçu peşəkarlıq yolunda irəliləməlidir. Çatışmayan şeylər çoxdu. Futbolçular hətta “Atletiko”nun, “Çelsi”nin bazasına girəndə artıq 0:1 geri düşürlər. Azərbaycanda təbii ot meydançası görməyən uşaqlar 33, 34 meydança görəndə şoka düşürlər. Akademiyalarda inqilabi dəyişikliklər etməliyik. Yoxsa bu, belə də gedəcək. Fikrimcə yeni nəsildə geriləmə gedir. İlyarımdı bu işin içindəyəm, aşağı yaş qruplarını yaxşı tanıyıram, baxıram ki, ildən-ilə zəifləyirik. Akademiyada bunların üzərində işləməliyik. Elə xırda nüanslar var ki, matçın gedişində 1 metr sağa və ya sola hərəkət etməklə, topu düzgün saxlamaqla oyunun nəticəsini həll etmək olur. Uşaqlarla daha detallı işləmək, daha çox vaxt ayırmaq lazımdı. Elə mövqelər var ki, getdikcə “nəsli kəsilir” o mövqelərin. Özünüz də görürsünüz ki, Azərbaycanda stoper mövqeyində heç kim yetişmir. Ya da boyları çox balacalaşır. Olanlar da, ya ağırdı, ya topla rəftarı zəifdi, ya qısadı və s. Bütün bunlara fikir vermək lazımdı, yoxsa getdikcə futbolumuz uçruma doğru yuvarlanır.

 

- Bəs öz perspektivini harda görürsən? Bu komanda ilə davam etmək istəyirsən, yoxsa milli komandaya gedəcəksən?

- Mən onsuz da elə bir adamam ki, Qurban müəllim kimi ağsaqqalım, böyüyüm, dostum var. Harda məsləhət bilsələr, orda da xidmət etməyə hazıram. Bu gün “Qarabağ”ın U-19-nu məsləhət bilib, burdayam. Bu komandanı götürəndə hamı deyirdi ki, nəyinə lazımdı? Amma mənim üçün əla təcrübə oldu. Düzdü oyunçu karyerası ilə bağlı çətinliklər oldu, amma məsləhət belədisə, burdayam. Desələr, U-17-yə get, ora gedəcəm, hara desələr, orda faydalı olmağa çalışacam.

 

- U-19-un oyun sistemi əsas komanda ilə üst-üstə düşür. Sadəcə fərdi ustalıqda axsamalar var idi. Bəs daha aşağı yaş qruplarında da bu sistem tətbiq olunurmu?

- Aşağı yaşlarda daha çox dayanmırıq bunun üzərində. Oralarda əsasən sərbəstlik veririk ki, uşaqlar öyrənsinlər. U-19 və əvəzedicilərdə isə vahid sistemi oturtmağa çalışırıq. Ancaq bəzi məşqçilərimiz Qurban Qurbanovu nümunə götürürlər, mənim üçün şəxsən ideal odur. Çalışıram ki, öz məşqçiliyimi də onun yolu ilə inkişaf etdirim, lazım olanda məsləhətlər alıram. Sistemdə çoxlu dəyişikliklər elədim. Bu həm mənim üçün, həm də futbolçular üçün xeyirdi ki, müxtəlif variantlarda oynamağı öyrənsinlər. Avropada hər komanda 2-3 sistem üzərində işləyir. Mən də burda çalışdım ki, bildiyim nələrisə uşaqlara aşılaya bilim. Gərək bütün klubları çalışsınlar ki, xaricdə yoldaşlıq oyunları keçirsinlər, uşaqlar xarici şəraiti görsünlər, alışsınlar. Biz istəyirik ki, birdən-birə çıxaq Olimpiya Stadionunda “Roma”nı udaq.

Xəbər xətti