Maksim Medvedev: "Formaları azarkeşlərə, qarabağlılara versəm, daha yaxşı olar" MÜSAHİBƏ

11:11 - 6 Dekabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin son oyununda səfərdə "Roma"ya uduzan "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun yoxluğunda komandanı meydana kapitan sarğısında çıxaran Medvedev, öncə matçla bağlı fikirlərini bildirib:

 

- Bizim üçün ağır oyun oldu. Çünki rəqib bütün oyunumuzu analiz etmişdi. Bu gün topla çox rəftar edə bilmədik, ona görə oyun ərzində problemlərimiz oldu. Çalışdıq ki, yaxşı oyun nümayiş etdirək. Amma bu gün əsas oyunçularımız yox idi, buna görə bir az anlaşılmazlıq olurdu. Bəzi məqamlarda top saxlamaq istəsək də, buna nail ola bilmədik. Sonda isə 1 qol buraxdıq və qol imkanlarımızdan istifadə edə bilmədik. Romadan xalsız qayıtdığımıza görə məyusuq.

 

- Çempionlar Liqası geridə qaldı. Komandanın turnirdəki iştirakını necə dəyərləndirirsən?
- Çox adam bizdən heç nə gözləmirdi. Amma hiss olnurdu ki, komandada oyundan-oyuna irəliləyiş var. "Atletiko"dan iki xal aldıq və bu bizim üçün əla nəticədi. Bizim üçün böyük təcrübə oldu. Gələcəkdə yenidən bu turnirdə iştirak etməyə çalışacağıq. İnşallah, növbəti dəfə daha yaxşı komandalarla eyni qrupa düşəcəyik və öz sözümüzü deməyə nail olacağıq.

 

- 6 oyunu səciyyələndirsək, ən zaif və ən güclü oyununuz hansıdır?
- Ən zəif oyunumuz səfərdə "Çelsi"yə qarşı matçımız oldu. Çünki ilk oyun idi, təcrübə yox idi. Stress və təzyiqin olması bizə imkan vermədi ki, yaxşı futbol nümayiş etdirək. Ən yaxşı oyunumuzu isə səfərdə "Atletiko"ya qarşı keçirdik, qol vura bildik.

 

- 3 böyük klubun stadionunda oynadınız. Hansı klubun stadionu sizin üçün rahat idi?
- Əlbəttə ki, öz stadionumuz. Həqiqətən də Bakıda atmosfer əla idi. Bundan başqa, "Atletiko"nun stadionu xoşuma gəldi. Yeni stadion idi və orada hava çox yaxşı idi.

 

- Qara Qarayev formasını De Rossi ilə dəyişdi. Bəs sən?
- Belə deyim, hələ ki, heç kimlə forma dəyişməmişəm. Sanki elə şey etməyə utanıram. Məndə o həvəs yoxdu.

 

- Bəs həmin formaları nə edirsən?
- Fikirləşirəm ki, formaları azarkeşlərə, qarabağlılara versəm, daha yaxşı olar. Çünki heç özümdə də saxlamıram. Çalışıram ki, azarkeşlərə verim, onların motivasiyası olsun və gələn oyunlarımıza da gəlsinlər. 

Xəbər xətti