Bu nağıl davam etsin YAZI

Biri var idi, biri yox. “Qarabağ” adlı Azərbaycan futbolu bataqlığından üzüağ, təmiz çıxan bir qəhrəman vardı. Bəli, 5 aydan bir az artıq davam edən nağılımızın qəhrəmanı. Vaxtilə xəyal qurduğumuz şeylər bu 5 ayda gerçəkləşdi. Qurban Qurbanov və komandası Çempionlar Liqasının o möhtəşəm himnini canlı duymağı bizə nəsib etdi. Tüklərimiz biz-biz dururdu həmin himni dinləyəndə. Fəxarət hissi ağuşuna alırdı bizi. Axır ki, bizə də gəlib çatdı o möhtəşəm anlar. “Qarabağ” Bakıya 2 il əvvəl ÇL-in finalında oynamış komandanı, İngiltərə çempionunu və İtaliya nəhəngini gətirdi. Daha nə istəyə bilərdik ki? Halbuki bir vaxtlar bunların hamısı bizim üçün xam xəyal, arzu idi. “Qarabağ”ın ÇL nağılı necə başladı? Bir nəzər salaq... 

 

“Samtredia” başlayan səyahət

 

 

“Qarabağ”dan bu mövsüm nəhayət ki, ÇL-in qrupuna vəsiqə gözlənilirdi. Ancaq klub transfer siyasətində tələsməyə ehtiyac görünmürdü. Yakuba Jezniçak transfer ediləndə hamı ağız büzdü. Elə içi biz jurnalistlər qarışıq. Futbol ictimaiyyəti “Qarabağ”dan hücum xəttinə transfer gözlədiyi halda müdafiəçinin alınması tənqidlərə səbəb oldu. Yalnız Donald Gerye ön xətt üçün komandaya cəlb olunmuşdu. Bir də gənc Abbas Hüseynov. Vəssalam.

 

Püşk “Qarabağ”ı Gürcüstan təmsilçisi ilə üz-üzə qoydu. “Samtredia” bir il əvvəl “Qəbələ”dən yediyi silləni bu dəfə “Qarabağ”dan aldı. Növbəti mərhələdəki rəqib təmsilçimizin dişinə görə idi. “Şerif” əvvəlki əzəmətindən uzaq olduğundan onu mübarizədən kənarlaşdırmaq olardı. Bakıda çoxsaylı hücumlara baxmayaraq, çempionumuz hesabı aça bilmədi. Oyun 0:0 hesabıyla başa çatdı. Ancaq təmsilçimiz arzusuna Moldovada çatdı. Beləliklə, Azərbaycan futbol tarixində ilk dəfə klubumuz ÇL-in pley-off mərhələsinə vəsiqə qazandı.

 

Həsrətin sonu

 

 

Ötən mövsüm Çempionlar Liqasında sürpriz çıxışıyla diqqətləri üzərinə çəkən “Kopenhagen” Qurban Qurbanovun komandasına rəqib oldu. “Qarabağ” bu rəqibə uduzsaydı, mübarizəni Avropa Liqasının qrupunda davam etdirəcəkdi. Ardıcıl 4-cü dəfə. Amma klubun niyyəti daha bir ilkə imza atmaq – ÇL-in qrupuna düşmək idi. Və budur, həsrət bitir. Bakıda Mahir Mədətovun qolu təkcə Tofiq Bəhramov adına Respublika stadionunu yox, bütün ölkəni ayağa qaldırdı. Hamı böyük maraqla Danimarkadakı görüşü gözləyirdi. Hesabı meydan sahibləri açdı. Ancaq Dino Ndlovunun qolu “Qarabağ”a həyat verdi. Düzdür, qol sevincini çox yaşaya bilmədik. “Kopenhagen” yenidən hesabda üstünlüyü ələ keçirdi. Amma 1:2 hesablı məğlubiyyət də bizə sərf edirdi. Təxminən 30 dəqiqəlik müddət bizim üçün tam bir əsrə bərabər idi. Bir gözümüz meydanda, bir gözümüz vaxtda idi. Əlimizdə imkan olsaydı, dəqiqələri elə sürətlə hərəkət etdirərdik ki. “Kopenhagen” qonaqların qapısı qarşısında məskən salıb. Lakin başqa qol olmur. Dünyanın ən şirin məğlubiyyəti. Necə ki illər əvvəl “Qarabağ” avrokuboklarda ilk mərhələ adlayan klubumuz olanda “Makkabi”yə Bakıda uduzsa da, sevinən tərəf olmuşdu. Beləliklə, ÇL həsrəti başa çatdı.

 

Həyəcanlı debüt

 

Related image

 

Püşk ərəfəsində kimisi münasib rəqiblər arzulayır, kimisi də ən güclüləri görmək istəyirdi. Kor püşk “Böyük beşlik” klublarını “Qarabağ”la eyni qrupa saldı. Aydın məsələ idi ki, debütant üçün bu qrupdan çıxmaq möcüzəyə bərabərdi. Tərslikdən təqvim də münasib olmadı. Qurban Qurbanovun komandası ÇL-lə Londonda salamlaşdı. Debüt həyəcanı sözünü dedi. Sanki futbolçuların ayağı əsirdi. Bildiklərini unutmuşdular elə bil. Məhz fərdi səhvlərə görə “Qarabağ” “Çelsi”dən 6 cavabsız top buraxdı. Amma bu komanda üçün yaxşı dərs oldu.

 

İlk qolun sevinci

 

 

İlk dəfə Bakı Olimpiya Stadionunun tribunalarının böyük əksəriyyətinin dolduğunu görürdük. Hamı ÇL-in qrupundakı ilk oyunu görməyə tələsirdi. Baxmayaraq ki, hava olduqca əlverişsiz idi. Hesabı “Roma” açsa da, Pedro Enrike tribunaları coşdurdu. Ndlovunun bu qolda əziyyətini qeyd etmək lazımdır. Bu qol ÇL-in qrupunda vurulan ilk qolumuz kimi tarixə düşdü. Düzdür, “Roma” fasiləyə 2:1 öndə yollandı. Ancaq Ndlovu 2-ci hissənin sonlarında azacıq dəqiq olsaydı, “Qarabağ” ilk xalını qazana bilərdi.

 

İspanlar “Qarabağ”la bacarmadı

 

Image result for qarabag atletico madrid

 

Növbəti rəqib “Atletiko” idi. Enrikenin “Roma”ya vurduğu qol komandada özünəinamı artırmışdı. Ancaq budəfəki rəqib daha güclü sayılırdı. Çünki Dieqo Simyonenin yetirmələri son 4 ildə iki dəfə ÇL-in finalına çıxmışdı. Amma “Qarabağ” güclü rəqiblə heç-heçə edərək bütün dünyanı şoka saldı. Özü də 10 nəfərlə. Halbuki Dino Ndlovuya qarşı qayda pozuntusu qeydə alınmalı və rəqib qapısına penalti təyin edilməliydi. Bəlkə də belədə təmsilçimiz İspaniya klubuna qalib də gələcəkdi. Madriddə də “Qarabağ” azlıqda qaldı. Bu dəfə Pedro ayağını təhlükəli həddə qaldırdığından qarşısında qırmızı vərəqə gördü. Halbuki buna qədər Miçel hesabı açaraq həmyerlilərini şoka salmışdı. Lakin “Atletiko” ikinci hissədə bərabərlik qolunu vura bildi. Amma di gəl ki, ha çalışsa da, yenə 10 nəfərlə qalmış debütantı məğlub edə bilmədi.

 

Növbəti haqsızlıq

 

Image result for rashad sadygov red card

Image result for rashad sadygov red card

 

Artıq “Qarabağ”ın iştahı artmışdı. Bunu Qurban Qurbanov da gizlətmirdi. Komanda həm “Çelsi”dən qisas almaq üçün alışıb-yanır, həm də Avroliqaya yollanmaq şanslarını artırmaq istəyirdi. Elə Miçel tiri titrədəndə də bu istək özünü büruzə verdi. Ancaq yenə hakim haqsızlığı ön plana çıxdı. Bu dəfə Rəşad Sadıqov son ümid foluna görə meydandan qovuldu. Nəticədə kapitansız qalan komanda da, BOS-u doldurmuş azarkeşlər də ruhdan düşdü. “Çelsi” isə bu fürsətdən yararlanıb, böyükhesablı qələbə qazandı. Son oyunda “Qarabağ” 4 əsas heyət üzvü – Rəşad Sadıqov, Bədavi Hüseynov, Ansi Aqolli və Pedro Enrike olmadan oynadı. Bununla belə, “Roma”ya layiqli müqavimət göstərdi. Elə İtaliyada da Miçel fərqlənmək üçün əla fürsət yaxalasa da, hesabı bərabərləşdirə bilmədi.

 

Bu nağıl davam etsin

 

Image result for michel madera atletico

 

Püşkdən sonra “Qarabağ”ın bu qrupda xala həsrət qalacağını çox adam düşünürdü. Ancaq komanda əsl xarakter nümayiş etdirdi və 2 xal topladı. Halbuki bu turnirdə müntəzəm çıxış edən “Benfika” heç 1 xal da qazana bilmədi. Əslində zədələr və hakim haqsızlıqları olmasaydı, təmsilçimiz daha çox xal yığar və ölkə reytinqini daha da yüksəldərdi. Amma debüt üçün bu çıxış da əla sayıla bilər. Bu nağıl o qədər şirin idi ki, dadından doymadıq. Və yenə istəyirik. Bu nağıl davam etsin. Gələn il(llər) də...

 

Mərdan Həsənov / Newsport.az

Tarix: 12 Dekabr [19:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Sentyabr 2018
19  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio