"Marafon Futsal" izləyicisi ilə xal fərqini artırdı, "FK.İD.Futsal"dan "come back"

Milli komandanın beynəlxalq turnirdə çıxışı ilə əlaqədar futzal üzrə ölkə çempionatının Yüksək Liqasında yaranmış 20 günlük fasilə başa çatdı.

 

Sportal.az xəbər verir ki, tura turnir cədvəlində ilk “3-lük”də qərarlaşan komandaların dueli ilə start verildi. CBC Sport televiziya kanalında canlı yayımlanan oyunu maraqlı edən bir neçə məqam vardı. Birincisi, bu komandalar arasında keçirilən ilk oyunda debütantın təcrübəli EKOL-u üstələməsidir ki, illərdi Yüksək Liqada at oynadan komanda bunu hələ də həzm edə bilmirdi.  Digər məqam komanalar arasındakı 5 xallıq fərqdir. “Marafon Futsal” qələbə qazanacağı təqdirdə əsas rəqiblərindən biri ilə xal fərqini 8-ə çatdıracaqdı ki, bu da kifayət qədər yaxşı göstəricidir. Yox, EKOL 3 xalı aktivinə yazdıracaqsa, onda qış fasiləsinə ikinci pillədə yollanmaq şansını xeyli artıracaq, üstəlik, üst sıradakı intriqanı yenidən qızışdıracaqdı.

 

Komandaların oyuna tam heyətlə çıxdıqlarını deyə bilərik. Belə ki, sarı vərəqə limitini doldurduğuna görə, ötən matçı buraxan Seymur Məmmədov bu dəfə komandasının uğur qazanması üçün əlindən gələni edəcəkdi. Vasili Jarikov isə komandasında debüt etmək imkanı qazanmışdı.

 

İlk təhlükəli vəziyyət oyunun 5-ci dəqiqəsində yaradıldı. EKOL-dan Zaur əlverişli vəziyyəti qaçırmaqla komanda yoldaşlarının narazılığı ilə üz-üzə qaldı. Bir qədər sonra Əsgər qapını nişan ala bilmədi. Fərid Atakişiyev də qeyri-dəqiq zərbə endirdi. Debütant bunun əvəzini artıqlaması ilə verə bilərdi. Künc zərbəsi zamanı əks-hücum quran “Marafon Futsal”dan Seymur Məmmədov Renatı zərbə mövqeyinə çıxarsa da, sonuncu qapının arxasındakı toru silkələdi. 10 dəqiqənin tamamında bir neçə oyunçudan sıyrılan Omid Eminlə dueldən üzüağ çıxa bilmədi. Hesabı isə bu dəfə EKOL açdı. Çoxgedişli kombinasiyanı Atakişiyev qapıdan keçirdi. Qoldan sonrakı 30 saniyə ərzində komandalar hərəyə bir real qol epizodunu dəqiq tamamlamağı bacarmadı. Növbəti dəfə Renatın zərbəsi Jarikova dəyib qapının üstündən keçdi. İlkini zərbəsinin torla təmasına isə Kürdov imkan vermədi. Ümumiyyətlə, qoldan sonra üstünlük məğlub komandanın tərəfinə keçdi. Hətta Jarikov ikinci dəfə qapıya düşə bilmədi. Hesab isə 6 metrlik cərimə zərbəsinin yerinə yetirilməsi ilə bərabərləşdi. İlkin Hacıyev Məmmədkərimovun əllə oyunundan sonra təyin edilən penaltini dəqiq yerinə yetirdi. Hissənin sonuna 2 dəqiqə qalmış “Marafon Futsal” 10 metrlik zərbə vurmaq hüququ qazandı. Bu dəfə Məcid dirəyi nişan almaqla hesabı xeyirlərinə dəyişmək şansını qaçırdı.

 

İkinci hissədə qol siftəsini “Marafon Futsal” edə bilərdi. Topa ələ keçirən və qapıçı ilə duelə yollanan Renat yenə Kürdovu və dirəyi ram edə bilmədi.  Bununla belə, debütant hesabı lehinə çevirməyi bacardı. Bu dəfə EKOL-un müdafiəçisi Fərid Ələkbərov topu başla saxlayan zaman səhvə yol verdi və Omid arxası qapıya tərəf olsa da, effektli zərbə ilə toru silkələdi. Hesabda geri düşən EKOL toparlanmağa çalışsa da, əsəblərin tarıma çəkilməsi oyuna köklənməyə mane olurdu. Hesabın bərabərləşdirildiyi epizod isə mübahisəyə səbəb oldu. Autdan oyunu başlayan Radikin zərbəsindən sonra top yolüstü rəqib futzalçıya dəyib tora daxil oldu. Düzdü, Səmədli əvvəlcə qolu qeydə almadı, ancaq üçüncü hakimin müdaxiləsindən sonra referi mərkəz nöqtəsini göstərdi. Di gəl, EKOL-un bu üstünlüyü uzun çəkmədi. Əvvəlcə İlkin komandasını hesabda önə keçirdi. Ardınca çempionatın bombardiri məharətini növbəti dəfə göstərdi və fərqi 2 topa yüksəltdi. Bundan sonra EKOL qapıçını da meydan oyunçusu ilə əvəz etdi və nəticədə fərq artdı. Əvvəlcə Omid dublnu rəsmiləşdirdi, ardınca Seymur Məmmədov boş qapını nişan almaqda çətinlik çəkmədi. Jarikovun “siftə”sini 38-ci dəqiqədə yenə qapı dirəyi korladı. Beləliklə, “Marafon Futsal” əsas rəqiblərindən biri ilə dueli yenə 4 top fərqi ilə qazandı.

 

Günün ikinci oyununu autsayderlərin dueli kimi də xarakterizə etmək olardı. Cari mövsümdə əzmkar, mübariz oyun nümayiş etdirən “Xəmsə”nin indiyə qədər qələbə qazana bilməməsi sırf oyunçuların intizamsızlığının nəticəsidir. Tez-tez qırmızı vərəqə almaları hər matça itkilərlə çıxmasına səbəb olur. Onsuz da heyət baxımından əziyyət çəkən “Xəmsə” üçün bu ciddi məsələdir. “Yasamal”a gəldikdə, heyətində ən çox legioner cəlb edən komanda olsa da,  nəticələr ürəkaçan deyil. Komanda keçirdiyi 8 oyundan cəmi birində qələbə qazanıb. Yeri gəlmişkən, həmin qarşılaşmada “Yasamal” “Xəmsə”ni 5:4 hesabı ilə məğlub edib. Bu baxımdan, oyunun nəticəsinin maraqla gözləniləcəyi danılmazdı. Onu da qeyd edək ki, “Yasamal” tam heyətlə mübarizə aparmırdı. Viza işləri ilə əlaqədar komandanın irnalı legionerləri, eləcə də baş məşqçisi ölkəsinə yollandığından, məşqçi vəzifəsini klubun ikinci komandasının kapitanı Rüfət Hüseynov yerinə yetirirdi. Legioner oyunçulardan cəmi ikisi autsayderlə oyunda iştirak edirdi.

 

Fasiləyə qədər azarkeşlər bir-birindən gözəl 6 qol izlədi. İlk iki qol qarşılıqlı vuruldu. “Yasamal” hesabı açdı, dərhal qarşılıq verildi. İkinci qolun sevinci də uzun çəkmədi. Amma sonrakı dəqiqələrdə daha 2 qol vuran “Yasamal” üstünlüyünü artırdı. “Xəmsə” İsmayılovla fərqi minimumü endirməyə çalışsa da, oyunçular buna imkan vermədi. Ağakərimzadənin zrəbəsi isə qapı çatına tuş gəldi. Elə Qüdrətin də zərbəsi dirəyə dəydikdən sonra komandaların fasiləyə bu hesabla yollanacağı dəqiqləşdi.

 

Ehtiyat qüvvəsiz mübarizə aparan “Xəmsə” fasilədən sonra tez-tez 5 meydan oyunçusu ilə fərqi “ərit”məyə çalışırdı. Düzdü, Yamin 6 metrlik zərbə ilə fərqi azaltdı, ancaq rəqib tezliklə bu qola qarşılıq verdi. Vorobyov dublnu rəsmiləşdirdi.

 

Tura maraqlı startın ardından gərgin duellə yekun vuruldu. “FK.İD.Futsal” cari mövsümün debütantı olsa da, oyunu ilə seçilir. Üstəlik, onlar da birinci dövrədəki dueldə təcrübəli “Neftçi”ni xalsız qoymuşdular. Komandanın kapitanı və əsas qapıçısı Ramil Həsənzadə isə uzun fasilədən sonra komandaya qoşuldu.

 

İlk 5 dəqiqəni tərəflər bir-birini yoxlamağa sərf etdi. Mehranın zərbəsi isə rəqibi həyəcanlandırsa da, dirəyin yanından keçdi. Bir qədər sonra Elşəndən topu “oğurlayan” Rüfət Xocayevə ötürmə etdi. Onun zərbəsini isə Elvin boş qapıdan çıxardı. 15-ci dəqiqənin tamamında Tural Qurbanovun zərbəsi dirəyə dəyib meydandan çıxdı. Qurbanov bir neçə saniyə sonra istəyinə çatdı. Məhz onun zərbəsindən sonra Həsənzadə topu tordan çıxarmalı oldu. Bir dəqiqə sonra fərq 2 topa çatdı. Bu dəfə təcrübəli qapıçı Xolerdinin zərbəsini tutmaq istəyərkən səhvə yol verdi. Hissənin sonuna yaxın Faiqin zərbəsində dəqiqlik olsaydı, fərqin azalacağı qaçılmazdı. Rəcəbin hiyləgər zərbəsini isə Zamanov kornerə çıxarmaqla komandasını qoldan xilas etdi.

 

“Neftçi” ikinci hissəyə qolla başlaya bilərdi. İlk cəhddə Davud qapıçını keçib küncdən topu qapıya istiqamətləndirsə də, Faiq qol olmasına imkan vermədi. İranlı hücumçu ardınca qapını düzgün nişan ala bilmədi. Rəqibdən Elşənin qüvvətli zərbəsini Elnur zərərsizləşdirdi. Rüfət də Davud kimi Həsənzadəni keçib küncə meyilləndi və ordan boş qapıya “düşməy”ə cəhd etsə də, top toru kənardan silkələdi. Elvinin nəvbəti cəhdi də uğursuz alındı. Amma 27-ci dəqiqədə hadisələr anidən dəyişdi. Rüfət Balakişiyev 30 saniyə ərzində 2 avtoqolla yadda qaldı. Hər iki epizodda rəqibin zərbəsi kapitana dəyib qapıdan keçdi. Bu azmış kimi, “Neftçi” hesab bərabərləşdikdən sonra azlıqda qaldı. Tural Qurbanov ikinci sarı-qırmızı vərəqə alaraq meydanı erkən tərk etdi. Say üstünlüyündən istifadə edən “FK.İD.Futsal” hesabı lehinə dəyişə bilərdi. Ancaq Nihadın aşırma zərbəsindən sonra top üst tirə dəyib meydana qayıtdı. Say azlığı sonrakı hücumda işə yaradı və debütant Elvinin qolu ilə hesabı lehinə dəyişdi. “Neftçi”nin cavabı özünü çox gözlətmədi. Bu dəfə Mehran tablodakı rəqəmləri eyniləşdirdi.

 

“Marafon Futsal” – EKOL (1:1)  6:2

13 dekabr. Bakı İdman Sarayı. Saat 14:30

Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Yusif Nurullayev

Hakim-inspektor: Murad Məmmədov

Qollar: İ. Hacıyev, 16:13 (penalti), 31:46, O. Talebi, 23:30, 35:35, R. Sultanov, 32:32, S. Məmmədov, 35:48  //  F. Atakişiyev, 10:51, R. Əhmədov, 29:23

Sarı vərəqələr: İ. Hacıyev, 17:25, K. Mehdipour, 29:23 // S. Məstiyev, 13:41, N. Məmmədkərimov, 16:13, E. Kürdov, 16:25

 

“Marafon Futsal”

12. Kəsra Mehdipour (q), 10. Seymur Məmmədov, 7. İlkin Hacıyev, 8. Renat Sultanov (k), 20. Vasili Jarikov, 2. Kamran Hacıyev (q), 13. Məcid Morovati, 77. Səid Goodarzi, 11. Hamed Khodaei, 4. İbrahim İbrahimov, 9. Omid Talebi, 22. Tofiq Əliyev, 99. Rüstəm Bağırzadə

Baş məşqçi: Elşad Quliyev

 

EKOL

99. Emin Kürdov (q), 4. Fərid Atakişiyev, 11. Namiq Məmmədkərimov (k), 10. Samir Həmzəyev, 17. Fərid Ələkbərov, 1. İntiqam Babayev (q), 2. Radik Əhmədov, 7. Sərxan Məstiyev, 9. Əsgər Abasov, 13. Taleh Ağayev, 14. Zaur Fərziyev, 33. Ələsgər Ələsgərli

Baş məşqçi: Radik Əhmədov

 

“Yasamal” FK – “Xəmsə” (4:2) 5:3

13 dekabr. Bakı İdman Sarayı. Saat 16:00

Hakimlər: Yusif Nurullayev, Azər Əsgərov, Azad Hüseynov

Hakim-inspektor: Şahin Cəfərov

Qollar: M. Hayatbini, 7:10, O. Orazi, 9:21, Vüsal Səfərov, 11:43, V. Vorobyov, 14:32, 33:33 // Y. Ağakərimzadə, 7:36, 32:07 (6 metrlik), Q. İsmayılov, 9:35

Sarı vərəqə: A. Babayev, 32:07 

 

“Yasamal” FK

13. Teymur Mirzəyev (q), 7. Orxan Allahverdiyev (k),  5. Vüsal Səfərov, 9. Omid Oraz, 76. Mohsin Hayatbini, 23. Vladislav Vorobyov, 17. Anar İsayev, 3. Xəyal Quliyev, 11. Anar Babayev, 15. Həsən Mirzəyev

Məşqçi: Rüfət Hüseynov 

 

“Xəmsə”

1. Zaliş Səmədzadə,7. Elçin Zeynalov, 14. Yamin Ağakərimzadə, 10. Əli Həsənov, 8. Qüdrət İsmayılov (k), 9. Samir Əmirov, 11. Rüfət Cəlilov, 12. Ceyhun Yusifov, 6. Şamo Talıbov

Baş məşqçi: Arif Vəliyev 

 

“FK.İD.Futsal” – “Neftçi”İK (0:2) 3:3

13 dekabr. Bakı İdman Sarayı. Saat 17:30

Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Azad Hüseynov

Hakim-inspektor: Tofiq Şükürov

Qollar: R. Balakişiyev, 26:50 (avtoqol), 27:10 (avtoqol), E. Quliyev, 29:10 // T. Qurbanov, 15:32, D. Xolerdi, 16:35, M. Eybeli, 30:27

Sarı vərəqələr: F. Əliyev, 11:01 // Ə. Əjdərov, 11:01, V. Xocayev, 19:12

Qırmızı vərəqə: T. Qurbanov, 28:03 

 

“FK. İD. Futsal”

12. Ramil Həsənzadə (q,k), 7. Rəcəb Fərəczadə, 8. Nihad İsmayılov, 9. Elşən İbramxəlilov, 10. Faiq Əliyev, 1. Ümid Paşayev (q), 4. Elvin Quliyev, 5. Emil Abbaszadə, 6. Anar Ağayev, 13. Ağatahir Əzimov, 11. Adil İsmayılov

Baş məşqçi: Rəfael Adbulov 

 

“Neftçi” İK

23. Elnur Zamanov (q), 5. Mehram Eybeli, 10. Rüfət Balakişiyev (k), 11. Tural Qurbanov, 77. Davud Xolerdi, 1.Samir Mehdiyev (q), 8. Vahib Xocayev, 13. Əjdər Əjdərov, 7. Tural İsmayılov 

Baş məşqçi: İlqar Aslanov

 

№      Komanda            O    Q   H/H     M       T/F     X

1        Araz                   8     7     1        0        52-9    22

2        Marafon Futsa     9     7     0        2        38-19  21

3        Neftçi İK             8     4      2       2        30-23  14

4        EKOL                  9     4      1       4        21-24  13

5        FK.İD.Futsal        9      2      3       4        26-28  9

6        Yasamal             9      2      0      7        22-56  6

7        Xəmsə                8      0      1        7        21-51  1

 

Bombardir: Renat Sultanov (“Marafon Futsal”) – 14 qol

Tarix: 14 Dekabr [11:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Aprel 2018
26  Aprel 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio