Kamal Mirzəyev: "Buna biz qərar vermirik" MÜSAHİBƏ

15:15 - 17 Dekabr 2017

"Sumqayıt" Azərbaycan kubokunun 1/4 final mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıraraq sürprizə nail oldu. Bu mərhələnin cavab qarşılaşmasında Ağdam klubuna 2:0 hesabı ilə qalib gələn "Gənclik şəhəri" təmsilçisi yarımfinalda "Keşlə" ilə qarşılaşacaq.

 

"Qarabağ" la oyunun qəhrəmanlarından biri olan "Sumqayıt"ın yarımmüdafiəçisi Kamal Mirzəyev Sportal.az saytına müsahibə verib.

 

- Sumqayıtın qələbəsi sensasiya oldu. Sən də belə düşünürsən?
- “Qarabağ” öz sözünü demiş bir komanaddır. Bu rəqibə qarşı oynamaq artıq çətindir. Uzun müddət idi ki, “Qarabağ”a qalib gələ bilmirdik. Bu tilsimi qırmağa çalışırdıq. Şükürlər olsun ki, buna nail olduq.
 
 
- Meydana finalda oynayan komanda kimi çıxmışdınız...
- “Qarabağ”ın adı motivasiyadır. Rəqib komandalar “Qarabağ”a qarşı xüsusi hazırlaşır.
 
- Dayaq yarımmüdafiəçisi kimi hər iki oyunda böyük iş gördün və "Qarabağ"a cavab görüşündə qol da vurdun. Millimizin baş məşqçisi Qurban Qurbanovun diqqətini çəkdiyini düşünürsən?
- Meydanda öz işimi ən yaxşı şəkildə etməyə çalışıram. Komandama faydalı olmaq üçün əlimdən gələni edirəm. Millidə oynamağı hər bir futbolçu uşaqlıqdan arzu edir. Təbii ki, buna biz qərar vermirik.
 
Image may contain: 2 people, people playing sports, stadium and outdoor
 
- Samir Abasov komanda ilə oyundan sonra əlaqə saxladı?
- Bəli, Samir müəllim bizi qələbə münasibətilə təbrik etdi.
 
- Tribunalar tam dolu idi. Hətta ayaq üstə meydanın kənarında size dəstəkləyənlər var idi. Belə atmosferdə “Qarabağ” kimi komandaya qalib gəlmək necə bir hissdir?
- Azarkeşlərimiz möhtəşəm idi. Bütün oyunlarda bizi dəstəkləyirlər və tək qoymurlar. Uğurlarımızda xüsusi payları var. Dəstəklərinə görə minnətdarıq. Həqiqətən də əla atmosfer yaratmışdılar.
 
 
- Yarımfinalda rəqibiniz “Keşlə” olacaq. Final şanslarını necə dəyərləndirirsən?
- Qış fasiləsində yaxşı hazırlaşmalıyıq. Əlimizdən gələni edərək finala yüksəlmək istəyirik.
 
- Premyer Liqada komanda qış fasiləsinə 4-cü pillədə yollandı. Bu nəticəni necə hesab edirsən?
- Məncə, daha da yaxşı nəticə qazana bilərdik. Ancaq nə etmək olar? Futbolda hər şey baş verə bilər. Ümumi götürsək, nəticəmiz pis də deyil. İrəli baxmalıyıq. Marafonun yarısı qalıb.
 
- “Sumqayıt” kubokda finala irəliləmək üçün və Premyer Liqada ilk dördlükdə yer almağa görə qışda transfer etməlidirmi?
- Bu barədə nəsə deməyim düzgün olmazdı. Buna klub rəhbərliyimiz və məşqçilər korpusumuz cavabdehdir.
 
 
- Öz karyeran barədə danışaq. 6 aydır ki, buradasan. “Sumqayıt”da özünü necə hiss edirsən?
- Samir Abasov mənə güvəndiyi üçün burdayam. Komandaya yeni gələndə zədəli idim. İndi isə vəziyyətim yaxşıdır və komandaya uyğunlaşmışam.

Xəbər xətti