PFL: Rauf Əliyev yalnız "Keşlə"də oynaya bilər

12:49 - 19 Dekabr 2017

“Kukesi”dən ayrılmağa hazırlaşan Rauf Əliyev problemlə üzləşib. 

 

Sportal.az xəbər verir ki, millimizin hücumçusunun seçim imkanı heç də geniş deyil.
 
Məsələ burasındadı ki, FİFA-nın qaydalarına görə, bir futbolçu mövsüm ərzində maksimum 2 klubun formasını geyinə bilər. Əliyev isə cari mövsümün əvvəlində “İnter”in (hazırkı “Keşlə”nin) heyətində Avropa Liqasında çıxış edib. Ardından legioner həyatı yaşamaq üçün Albaniyaya gedən 28 yaşlı forvard bununla, 2017-18 mövsümünün klub limitini doldurub.
 
“Kukesi”dən pulunu tam ala bilmədiyi üçün klubla hələ rəsmən vidalaşmayan hücumçunun hazırkı komandasında qalmaq ehtimalı da var. Ancaq yığmamızın üzvü “Kukesi” ilə vidalaşmaqda israrlı olarsa, mövsümün qalan hissəsini ya “Keşlə”də davam etdirməli, ya da 6 ay klubsuz qalmalıdı. Digər ehtimal isə FİFA-nın tanımadığı ölkələrdə oynamaqdı ki, bu, heç də inandırıcı görünmür.
 
Doğrudu, bu məsələdə istisna hallar da var. Belə ki, FİFA-dan xüsusi məktubla icazə istəmək mümkündü. Amma ali futbol qurumu əsaslı səbəb olmadan kiminsə 3-cü klubda oynamasına razılıq vermir. Məsələn, ukraynalı Roman Zozulya ötən mövsüm 4 müxtəlif klubla anlaşıb. O, mövsüm ərzində “Dnepr”, “Betis” və “Rayo Valyekano” ilə müqavilə imzalamasına baxmayaraq, FİFA siyasi problemlə üzləşən hücumçuya 4-cü klubda oynamağa da icazə vermişdi.
 

Peşəkar Futbol Liqasının Texniki İdman Departamentinin rəisi Zamiq Hüseynov da FİFA-nın qaydalarını əsas gətirərək, Rauf Əliyevin 3-cü klubda oynaya bilməyəcəyini söyləyib: “Rauf yalnız “Keşlə”yə qayıda bilər. Doğrudu, bəzi ölkələrin federasiyalarında elə hallar olur ki, reqlamentə uyğun gəlmir. Amma biz FİFA-nın qaydalarını əsas götürürük. Qaydalara görə, bir futbolçu mövsüm ərzində 3 dəfə qeydiyyatdan keçə bilər, ancaq 2 klubda oynamaq şərti ilə. “Kukesi” də Raufun 2-ci klubudu. Onun bundan sonra oynamaq şansı olan yeganə komanda “Keşlə”di”.


Qeyd edək ki, Rauf Əliyev mövsümün əvvəlində “İnter”in heyətində Avropa Liqasında 4 matçda iştirak edib. (Apasport.az)

Xəbər xətti