Ramin Musayev: "İllərlə gözlədiyimiz arzuya çatdıq" MÜSAHİBƏ

15:34 - 28 Dekabr 2017

PFL-in prezidenti Ramin Musayev Newsport.az-a müsahibə verib.

 

Sportal.az saytı həmin müsahibəni təqdim edir:

 

- Başa çatmaqda olan 2017-ci ili necə dəyərləndirirsiniz?

- Bu ili Azərbaycan futbolu üçün uğurlu il saymaq olar. İllərlə gözlədiyimiz arzuya çatdıq və sevindirici hal oldu ki, ölkəmizdə Çempionlar Liqasının himni səsləndirildi. Bundan böyük sevinc ola bilərmi? Bu, bütün mənfi halların üstündən xətt çəkdi.

 

- Mövsümü necə dəyərləndirirsiniz? Hansısa dəyişiklik hiss olunurmu?

- Yeni mövsümdə dəyişiklik hiss olunmur. Ancaq dəyişiklik ondan ibarət oldu ki, “Sumaqyıt” “Qarabağ”ı kubokdan uzaqlaşdırdı. Bəzi futbolsevərlər bunu başqa cür qələmə verirlər. Lakin mən bunu sevindirici hal olaraq görürəm. Burada söhbət hansısa komandaya simpatiyam olub-olmadığından getmir. Söhbət ondan gedir ki, çempionatda haqq-ədalət var. Siz fikir verin, neçə illərdir bizim keçirdiyimiz çempionatda birinci yeri tutan, ikinci yeri tutan və üçüncü yeri tutan, yəni, Avropaya vəsiqə qazanan klublarımız hansı nailiyyətləri əldə edirlər. Fikir verin, keçən il də “Qarabağ”ın naliyyəti o biri komandalara nisbətən daha geniş oldu, daha sevindirici oldu. “Qarabağ”dan sonra “Qəbələ”nin uğur qazanması sevindirici hal oldu bizim üçün. Demək istədiyim odur ki, 3-cü və 4-cü yerdə olan komanda olmayıb ki, 1-ci və yaxud da 2-ci yerdə olan klubu üstələsin. Bu onu göstərir ki, keçirdiyimiz çempionat haqq və ədalətlidir. Kim hansı yerə layiqdirsə, həmin yerdə də qərarlaşır. “Qarabağ” – “Sumqayıt” oyunu haqda fikir bildirdim, bu o, demək deyil ki, mənim “Qarabağ”a antipatiyam var. Xeyr, bu, belə deyil. “Qarabağ” artıq Azərbaycan futbolunda nöqtəni qoydu. “Qarabağ”dan əvvəl onu deyə bilərəm ki, “Qəbələ” keçən il rekord qırdı. Onlar iki il dalbadal sfırdan gəlib, qrup mərhələsinə vəsiqə qazandılar. Bu, danılmaz faktdır. Bu, Azərbaycan futbolunun irəliləyişi və inkişafından xəbər verir. “Sumqayıt” klubu isə, sırf cavan uşaqlar, 97 və 98-ci il təvəllüdlü futbolçuların, belə bir sınaqdan keçmiş, imtahan vermiş komandaya qarşı inamlı mübarizə aparması və qalib gəlməsi, bu sevindirici haldır.

 

- Ötən illərlə müqayisədə hakimlərlə bağlı qalmaqallar, demək olar ki, yox səviyyəsindədir. Bu nə ilə əlaqədardır? Hakimlər təcrübə toplayıb, yoxsa rəqabət artıb?

- PFL yaranan zaman, eyni vaxtda AFFA-nın da rəhbərliyi dəyişdi. Rövnəq müəllim bu vəzifəyə gələndən, təkcə futbolun inkişafı üçün yox, hakimlərin də inkişafı üçün addımlar atdı. Bildiyimiz kimi, çempionatda hər il iki dəfə fasilə olur. İstər yay, istərsə də, qış fasiləsində hakimlər təlim məşq toplantısına yollanırlar. Çempionat yalnız bizim ölkədə keçirilmir ki, dünyanın hər yerində var. Ancaq siz müqayisəyə fikir verin, mən burada konkret ad çəkməyəcəm, lakin dəfələrlə olub ki, avrokubok oyunları zamanı belə, azarkeşlər yanımda deyib ki, bizim hakimlərə min şükür. Bəli, çünki bizim hakimlər oyunun müqəddəratını həll etmirlər, oyunda hər şey komandaların özlərindən asılıdır. Ancaq elə ölkələr var ki, ad çəkməyəcəm, siz özünüz bilirsiniz, çempionatı hakimlər idarə edirlər. Rövnəq müəllim AFFA-ya rəhbər gələn zaman bir söz dedi: “Eşitsəm, bilsəm ki, hər hansı hakim, bir kluba simpatiya duyur və hansısa bir komandaya qarşı qərəzlidir, o hakim aramızda olmayacaq”.

 

- Göndərmələr də bununla bağlı idimi?

- Bəli kənarlaşdırılmalar hamısı bununla bağlı idi. Heç kim deyə bilməz ki, məni haqsız yerə uzaqlaşdırıblar.

 

- PFL sizin prezidentliyiniz dönəmində bir sıra yeniliklərə imza atıb, zamanla ayaqlaşmağa çalışıb. İndi isə texnologiyalar dönəmidir. Azərbaycan futbolunda videotəkrar sisteminin tətbiqi gözlənilirmi və buna münasibətiniz necədir?

- Hər il bir yenilik olur. Bu il də yeniliklərimiz olacaq, sadəcə, çempionatın ortasında bunu açıqlamaq məqsədə uyğun olmaz. Premyer Liqanı demək olar ki, artıq reysə qoymuşuq. Hal-hazırda bütün diqqətimizi 1–ci diviziona yönəlib. Orada qalmaqallı söhbətlər və ədalətsizlik hallarının yaşanmaması üçün. Söhbət təkcə hakimlərdən getmir, söhbət ümumiyyətlə çempionatdan gedir.Sözsüz ki, əlimizdə elə bir imkan, cihaz yoxdur ki, biz qeyri adi nəsə göstərə bilək. Ancaq nəzarəti böyütmüşük. Öz imkanlarımızdan istifadə edib, nümayəndələr göndəririk oyunlara ki, heç bu insanları siz özünüz də tanımırsınız. Futbol ictimaiyyətinin əksəriyyəti tanımır onları. Tanısaz belə, ağlınıza da gəlməz ki, bu insan PFL-in göstərişi ilə oyunlara gedir və biz onların vasitəçiliyi ilə matçlar haqda məlumatlar alırıq. Hərdən olur ki, jurnalistlərdən hər hansı birisi, bizə zəng edib deyir ki, görüşün hesabı belə olacaq. Ancaq biz göndərdiyimiz ekspertlərdən soruşduğumuzda, başqa söz deyirlər və üst-üstə düşmür. Belə deyək, hansı biriniz inanardınız ki, “Qarabağ” məğlub olacaq? Düzünü desək, heç biriniz inanmırdınız. Ancaq mən deyirdim ki, “Sumqayıt” mərhələni adlayan tərəf olcaq. Şahidim isə “Qarabağ”ın icraçı direktotu Əmrah Çəlikəldir. Dedim: “Əmrah müəllim siz nahaq gəlmisiniz. Çünki siz uduzacaqsınız”. O, isə mənə dedi ki, “Yapma yaa”. Mən o uşaqlarda istək gördüm. İlk oyunda onların çıxışı hər şeyi deyirdi. Komanda da olan uşaqların fiziki hazırlığını gördüm. Mən “Sumqayıt”ın prezidenti Kamran müəllimə sual verdim ki, klubun fiziki hazırlığı ilə kim məşqul olur? Dedi: “Samir Abbasovun özü”. Mən sevindim. Öz yetirməmizdir, öz balamızdır. Yerli məşqçilərimizin peşəkar olması bizim üçün ona görə yaxşıdır ki, o, səhvə yol verməməyə çalışacaq. Çünki o, buradadır. Legioner məşqçinin vecinə deyil. Gəldi və bacarmadı çıxdı getdi. Onu Azərbaycan futbolunun gələcəyi maraqlandırmır. Ancaq yerli məşqçilərimiz buna can atırlar. Çünki həm öz adı və qoyduğu iz deyə bir anlayış var. Bu yaxınlarda Komanda.az-ın təqdimetmə mərasimində mən bildirdim ki, təkcə birinci yer yox, ikinci yer də olsa yaxşı olar. İkinci yeri isə heç düşünmədən “Sumqayıt”ın baş məşqçisi Samir Abbasova verərdim. O, doğurdan da çox güclü məşqçilərdən biridir. Məşqçilərdən əlavə legioner cəlb edəndə də klublar diqqətli olmalıdırlar. Çünki onlardan da çox şey asılıdır. Biz Rövnəq müəllim ilə “Neftçi”də çalışdığımız zaman əqidəmiz bir idi. Elə legioner gəlməlidir ki, komandaya fayda versin və bizim yeni yetişən oyunçularımız ondan nə isə götürsünlər. Heç kim deyə bilməz ki, hansısa legioner oyunçu “Neftçi”yə gəldi, oynadı və komandadan şikayət edib getdi. Çünki biz işə peşəkar yanaşmışıq. Ataların belə bir sözü var “Yüz ölç, bir biç”. Yəni diqqətli olun, klubun adına ləkə gəlməsin. Bu gün heç bir klub deyə bilməz ki, bizə ya PFL, ya da AFFA tərəfindən təzyiq olur. Bu, mümkün deyil. Əqidəmiz birdir: “Futbolu inkişaf elətdirmək”.

 

- Yaxşı məqamlar mütləq vurğulanmalıdır. Lakin çatımazlıqlar da var. Məsələn, azarkeş sayının az olması hamını narahat edir. Artım üçün nə etmək lazımdır?

- Klublar ilk növbədə oyunçulara diqqət yetirməlidirlər. Belə deyək 4-5 il bundan öncə oyunlara daha çox azarkeş gəlirdi, nəinki bu gün. Xatırlayırsınızsa, “Neftçi”- “Xəzər Lənkaran” görüşünü izləmək üçün Tofiq Bəhramov adına Respublika stadionuna 20 min azakeş gəlmişdi. Bu gün həmin rekordu qıran yoxdur.

 

- Əvvələr “Xəzər Lənkəran”, “Neftçi” kimi komandaların formaları çox satılırdı...

- “Xəzər Lənkəran”ın formalarını bu gün azarkeşlərin əyinlərində görürəm.

 

- Bəlkə, azarkeşlərin gəlməməsində bəzi klub rəhbərlərinin də marağı var? Çünki təzyiqlə üzləşmək istəməyənlər də olur...

- Maraqları yox, günahları var. Hansı klub istər ki, azarkeş gəlməsin?

 

- Telefonunuza üzərində “Neftçi”nin loqosu əks olunan üzlük vurmusunuz...

- “Neftçi” hədiyyə etdi, mən də götürdüm. “Zirə” də versə, onu taxacağam.

 

- Gələcəkdə sizi “Neftçi”də görmək ehtimalı var?

- Xeyr, belə ehtimal yoxdur. Ola da bilməz.

 

- “Neftçi”nin bugünki durumundan razısınızmı və gələcəkdə sizi bu klubda görmək olarmı?

- Bugünkü rəhbər və məşqçilərindən razıyam. Əl-ələ verib işləyirlər. Tərlan Əhmədov peşəkar məşqçidir. Böyükağa Hacıyevlə bir yerdə çalışıblar. Avropa təcrübəsi olan, sözünü deyən mütəxəssisdir. Bu gün də “Neftçi”nin oyununda dəyişiklik var.

 

- Əvvəlki “Neftçi”nin geri döndüyünü söyləmək olar?

- Artıq dönüb də... Qışda seleksiya işində yanılmasalar, “Neftçi” sözünü deyə biləcək. Mənim bu kluba azarkeşlik etməyimə gəlincə, hər bir insanın qəlbində bir komanda var. Heç kim deyə bilməz ki, bütün komandalara azarkeşlik edirəm. Heç kəs onu da deyə bilməz ki, Ramin Musayev “Neftçi”yə kömək edib. Vəzifəmdən sui-istifadə etsəydim, “Neftçi” beşinci yerdə olmazdı. Kiminsə haqqını yemək ən azı vicdansızlıqdır.

 

- “Neftçi”yə qarşı da hakim səhvləri olub...

- Bəli, ən titullu, məşhur hakimimiz Əliyar Ağayev bu komandaya qarşı səhvlər edib. Ondan bunu gözləmirdim. İnsandır, qərəz olmasın. Səhv ola bilər.

 

- Problemlərdən danışmışkən. Manipulyasiya olan oyunlar oldu. İstər birinci divizion, istərsə də əsas liqada. Hətda Qurban Qurbanovda müsahibəsində bildirdi ki, belə 1-ci divizion olmaqdansa, olmaması yaxşıdır. Siz bu haqda nə deyə bilərsiniz? İki futbolçu və bir məşqçi ömürlük futboldan kənarlaşdırıldı bu fakta görə ...

- Birinci divizionda olanlarla Qurban müəllimlə razıyam, ancaq, deyilənlər doğrudursa. Əgər bütün komandalar oyun alqı-satqısı ilə məşquldursa, onda bizə nə lazımdır. Mən tamamilə razıyam. Onun üçün də mən çıxışımın əvvəlində söylədim ki, bu il bütün diqqətimizi 1-ci diviziona yönəldmişik. Qaldı ki, iki futbolçu və bir məşqçinin məsələsinə, futbolçuları çox gözəl tanıyıram. Şəxsən mənim üçün ən böyük zərbə Mirhüseyn Seyidov oldu. Mən hələ də deyirəm ki, kaş bu yuxu olardı. Çünki mən “Neftçi”də işləyəndə o, körpə uşaq idi. Bazada qalırdı. İşıq olmurdu, su olmurdu. Yəni o əziyyət ilə, çətinlik ilə futbol aləmində böyümüş uşağın bu addımı atmağı, mənə çox pis təsir etdi. Məşqçiyə gəldikdə isə, o, bu hərəkəti edibsə, deməli məşqçi deyil.

 

- 2018-2019 cu illərdə Futbolun İnkişafına dair Dövlət Proqramının qəbulu gözlənilir. Yeni Dövlət Proqramı ilə hansı problemlərin həllinə nail olmaq mümkündür?

- O proqramın hansı formada, nə ilə bağlı olduğu haqda məlumatım yoxdur. Bu barədə heç nə deyə bilmərəm. Proqram hazırlansın, görək, orada nə yazılıb? Ondan sonra danışa bilərik.

 

- Klublara teleyayım üçün vəsait verilmir...

- Klublara yayımla bağlı heç bir vəsait ayrılmayıb. İki ildir dayandırılıb.

 

- Klublar cərimə borclarını ödəyirlərmi?

- Bəziləri ödəmir. Ancaq ödəyənlər də var. Az-az ödəyirlər.

 

- Cari mövsüm bunları hesablamısınız? Premyer Liqa klublarının 14 tur ərzində PFL-ə 31600 manat borcu var. Ən çox borcu olan “Qəbələ” və “Qarabağ” klublarıdır...

- Elə cərimələr var ki, məsələn, qırmızı vərəqə keçilməz sərhəddir.

 

- Çoxlu pulları olduğu üçün “Qəbələ” və “Qarabağ” bu qədər cərimə olunur?

- Xeyr. Biz heç kimi günahlandıra bilmərik. Bu, haram pul sayılar və bizə lazım deyil. Maddiyyatla bağlı heç bir klubla problemimiz yoxdur. Pula ehtiyac olanda "göndərin" deyirik. Onlar da göndərirlər. Qarşılıqlı işləyib bir-birimizi yola veririk (gülür)

 

- Böyük futboldan danışdıq. Ancaq uşaq futbolunda da çox ciddi problemlər var. Bu haqda nə deyə bilərsiz?

- Ən yaralı yerimiz uşaq futboludur. Azərbaycan futbolunun gələcəyini daha parlaq görmək istəyiriksə, uşaq futbolunu gücləndirməliyik. Uşaq futbolu binanın bünövrəsi deməkdir. Yəni, futbolun bünövrəsidir. Binanın bünövrəsi boş olarsa, o binanın ucalda bilərikmi? Biz elə çalışmalıyıq ki, uşaq futbolu güclü olsun. Birinci növbədə, uşaq futboluna təyinat alan məşqçilərə fikir vermək lazımdır. "Bu mənim dostumdur", "Bu mənim qohumumdur", "Onun pula ehtiyacı var, çağırım, işləsin"... Belə olmamalıdır. Məşqçilərin məşqçi olmalarından əlavə, o, psixoloq olmalıdır. O, uşaqda futbola məhəbbət yaratmalıdır. Yoxsa, "Uşağın oxumağı zəifdir, aparım qoyum futbola" kimi yanaşma olmamalıdır. Bu yanaşma ilə heç kim udmayacaq. Heç futbolçu da futbolçu olmayacaq. Mən “Neftçi”də işləyəndə dedilər ki, İslam Kərimov Azərbaycan futbolundan uzaqlaşdırılıb. Futbola gəlməmişdən öncə, onun haqqında televiziyada eşitmişdim, qəzetdə oxumuşdum. Gələn kimi axtardım ki, görəsən, hardadır, hansı komandadadır? Mənə dedilər ki, bu işləmir. Niyəsini soruşdum. Cavab verdilər ki, ona futbolda fəaliyyəti qadağan ediblər. Mən isə dedim ki, biz müstəqil klubuq. Kim bizə qadağa qoya bilər? Dəvət elədim və o da gəldi. 2004-cü ildən bu vaxta qədər İslam Kərimovun Azərbaycan futboluna verdiyi futbolçuların siyahısına baxaq. Onunla eyni tərəziyə qoya biləcəyimiz bir məşqçi varmı? Bəli. Elə məşqçilər var. Sadəcə, tapmaq lazımdır. Uşaq futbolu o vaxt inkişaf edəcək ki, təyinat alan məşqçilər diqqətli olmalı, seçilməli və o yerə layiq olmalıdırlar.

 

- Klubun özünün birbaşa məsuliyyəti olmalıdır?

- Bəli. Bizim vaxtımızda “Neftçi”nin uşaqları İtaliyaya getdilər və kubokla qayıtdılar. Həmin vaxt Sabahın Ulduzları çempionatı var idi. Elə bir oyun gətirin ki, mən həmin matçın şəklin çəkməyib. Nə qədər işim də olsa, xəstə də olsam, həmin oyuna gedirdim. İclasla bağlı bir oyuna gedə bilmədim. Uşaqlar həmin oyunda heç-heçə oynadılar. O uşaqları psixoloji cəhətdən hazırlamaq lazımdır. Həm futbolçu, həm də idmançı kimi. Uşaqlarda cavabdehlik olmalıdır.

 

- Fəhmin Muradbəyli və Mirabdulla Abbasovun təməli həmin vaxt qoyulub...

- Mən Mirabdullaya baxanda elə bilirəm ki, doğma balamdır. Çünki mənim vaxtımda “Neftçi”də oynayıb. Mirabdulladan savayı, orada çox futbolçu var. Onlara ilk dəfə 10 yaşlarında mən xarici pasport verdim. Onlar artıq yaxşı oyun göstərməli idilər.

 

- Sizin işlədiyiniz dönəmdə klubların büdcəsi daha çox idi...

- Xeyr. Bu fikirlə razı deyiləm. Başqasının pulunu saymamışam. Mənim pulum həmin vaxt az idi (gülür)

 

- Həmin vaxtlar heyətlər daha güclü, komanda sayı daha çox idi. Rəqabət, azarkeş, bir sözlə, hər şey var idi. Ancaq avrokubokda uğur yox idi. İndi isə komanda sayı azdır, azarkeş yoxdur, lakin Avropada uğur var...

- Komandalar layiq olduqları yerləri tutmalıdırlar. Mən Roman Qriqorçukun əməyini itirə bilmərəm. O insan rekord vurdu. Bu iş tək Qriqorçukla olmur. Legioner məşqçi də, futbolçu da yerlidən üstün olmalıdır. Məsələn, Azərbaycana adlı-sanlı Con Toşak gəldi. Belə məşqçilər çoxdur. Nə etdilər? Rövnəq müəllimin yaxşı ifadəsi var. Deyir ki, məşqçini bu gün təyin edirik və 5-6 aydan sonra qovuruq. Məşqçilərə vaxt vermək lazımdır. “Qarabağ” Qurban Qurbanova neçə il vaxt verdi? Baş məşqçi komanda yaratmalı, ondan sonra uğur qazanmalıdır.

 

- Razılaşmaq lazımdır ki, böyük klublar o qədər vaxt verə bilməzlər...

- Niyə verməsinlər? “Qarabağ” balaca klubdur?

 

- "Qarabağ" həmin dövr üçün nəticə istəmədi...

- Bəs bu gün nə etdi? Biz bu gün üçün yaşayırıq. Ona görə də uduzuruq. İnsan bu gün üçün yaşamamalıdır. Gələcəyə də baxmaq lazımdır.

 

- “Qarabağ”da işlər düzgün təşkil olunub...

- Məşqçidən həmin an uğur tələb olunursa, bu reallaşmayacaq. Məşqçidən oyunun düzgün qurulması tələb olunmalıdır. Kəmiyyət yox, keyfiyyət önəmli olmalıdır. Keyfiyyət olan yerdə hər şey olur. “Neftçi”də işləyəndə elə olub ki, komanda uduzub, amma biz mükafat vermişik. Rövnəq müəllim zəng edib dedi ki, oyuna baxdım uşaqlar çox gözəl oynadılar. Nə olsun ki, məğlub oldular? Onlara mükafat vermək lazımdır. Biz pulumuzun dəlisi deyildik. Büdcədən pul dağıtmaq istəmirdik. O, uşaqlara stimul verdi. Yəni, sizin əziyyətinizə rəhbərlik qiymət verir. Növbəti matçlarda komanda qələbə qazanırdı. “Neftçi” Moskvada “Punik”lə oynayanda belə xəbər gəldi ki, komanda oynamasın. Uşaqlar özlərindən çıxdılar. Oynamağa can atırdılar. Burada bəzi siyasi söhbətlər var idi. Komanda üzvləri dedi ki, onda biz futboldan gedək. Qələbə qazanacaqlarına inanırdılar. Rövnəq müəllim zəng vuranda dedim ki, mən sizə söz verirəm: "Biz iki top fərqi ilə qələbə qazanacağıq. Uşaqlarda o qığılcımı görürəm". Elə də oldu. Futbolçulara inanmaq lazımdır. Onların əziyyətinə də qiymət vermək önəmlidir. Siqaret çəkən, içki içən, gecə həyatı keçirən futbolçular komandada ola bilməzdi. Mən hər bir futbolçumun hansı evdə, hansı ünvanda qaldığını bilirdim. Bu gün klubun bazasında qalanlardan kənarda, kirayə yaşayan futbolçuların ünvanlarını klub rəhbərləri bilirlərmi? Əminliklə deyə bilərəm ki, 90 faizi bilmir. Amma mən ev nömrəsini və ünvanını da bilirdim. Maraqlanırdım.

 

- Kəmiyyət və keyfiyyət barədə danışdınız. Klub sayı çox olanda keyfiyyət aşağı olub. Siz də dediniz ki, 8 klub var və hər kəs layiq olduğu yerdədir. Belə çıxır ki, 8 komanda ilə davam edəcəyik və keyfiyyət bundan da yaxşı olacaq?

- 8 komanda ilə getmək istəmirəm. Ancaq məcburuq. Xatırlayırsınızsa, mən hansısa çıxışımda dedim ki, “Xəzər Lənkəran” gəlsin, oynasın. Halbuki, onlar birbaşa Premyer Liqada iştirak edə bilməzlər. Mən razılıq verirəm. Qoy, məni qanunu pozan şəxs kimi günahlandırsınlar. Cəza da versinlər. Təki onlar çempionatda iştirak etsinlər. Komandanın sayının çox olması bizə xeyir verir. Amma çempionata yeni komanda gəlirmi? Gələn olsa, gözüm üstə yerləri var. Böyük məmnuniyyətlə qəbul edərik. Komandalar çox olanda futbolçuya ehtiyac daha çox idi. Həmin sayda futbolçular yox idi. Məşqçi məcbur qalıb futbolçunu limitə görə oynadırdı. Amma bu gün yaxşı futbolçular var. Limitlə bağlı problem də yoxdur. Kim yaxşıdırsa, onu da götürürlər. Elə futbolçular var ki, ona görə zəng vururlar ki, nə olar bunu I Divizionda bir komandaya qoyaq. Həmin futbolçuya Premyer Liqada elçi düşürdülər. İndi isə I Divizionda klub axtarır. Günahkar kimdir? Futbolçunun özü və oynadığı klubun rəhbəri. Futbolçu cavan uşaqdır. Evdən futbol adı ilə çıxır. Valideynlər nə bilsinlər ki, bu, hara gedir? Birinci növbədə, klub rəhbərliyi bilməli, futbolçunun nə ilə məşğul olduğunu araşdırmalıdır. Mən legionerləri yerli futbolçulardan daha çox sıxırdım. Futbolçulara deyirdim ki, sizin bir probleminiz var: o da futbol oynamaqdır. Qalan bütün problemləriniz mənlikdir. Mənə deyin, həll edəcəyəm. Gecə saat 3-də futbolçu zəng edib ki, qəza törətmişəm. Mən ona dedim ki, açarı maşının üstünə qoy, get. Söhbət azərbaycanlı futbolçudan gedir. Bu çıxışımı görsə, özü də təsdiqləyəcək. Getdim, maşını təmirə verdim. Hər şey etdim. Aparıcı futbolçulardan hesab olunurdu. Həyatda hər şey ola bilər. Ona dedim ki, sən dincəl, sabahkı məşqə hazırlaş. O futbolçu sabah gəlib mənimlə şərt bağlaya bilərmi ki, pul verməsəniz, oynamıram? Heç vaxt edə bilməz.

 

- Amma qəzaların sayı artır...

- Xeyr. Qəzaların sayı artmır. Futbolçu da insandır. Fikirləşir ki, biz ona ikinci valideyn olmuşuq. Heç bir futbolçumuz bizdən pul tələb etməyib. Belə bir şey xatırlamıram. "Bu qədər verməsəniz, gedirəm" sözləri qarşılığında heç vaxt "Yaxşı, bu qədər veririk, qal komandada" deməmişik.

 

- İndiki futbolçulara baxanda necə düşünürsünüz: Onlar kiminsə hesabına oynayırlar, yoxsa...?

- İndi kiminsə hesabına oynayan 3-5 faiz olar, ya olmaz. Çünki hamısı göz qabağındadır. “Keşlə”ni nümunə göstərək. Kiminsə hesabına oynasalar, nə ala, nə də sata bilirlər. Artıq belə söhbətlər yoxdur. Ola bilər ki, hər klubda bir nəfər olsun. Ona qalsa mənim oğlum futbolçu olardı. Məndən böyük “dayı”sı olacaqdı?

 

- Ola bilərmi ki, klubların qarşısına "Aşağı yaş qruplarında həkim, psixoloq və s. olsun" tələbi qoyulsun?

- Bunların hamısı sənəddə var. Amma qalan məsələlər klubun problemidir. Uşaq futbolu barədə danışmağım düz deyil.

 

- Belə hal olubmu ki, məşqçi özü gəlməyib və sürücüyə deyib ki, komandanı oyuna çıxart.

- O klubda heç bir irəliləyiş ola bilməz. Ümumiyyətlə uşaq futbolumuz zəifdir.

 

- Qarşıdan yeni il gəlir. Yeni ilin bəzəyi Şaxta baba və qar qızdır. Ciddi də olmasa, ondan arzu istəyirik. Sizin qarşınıza Şaxta baba gəlsə, ondan hansı klubumuz üçün arzu istəyərsiniz?

- Mən klub adı çəkə bilmərəm. Vəzifəmə görə yox, qəlbimə görə. İstəyərəm ki, Premyer Liqadakı komandaların 8-i də yaxşı olsun. Amma 4 komanda avrokuboklara vəsiqə qazanacaq. Vəsiqə qazanmayanlar da pis vəziyyətdə olmamalıdır. Qar qızdan xahiş edərəm ki, qəşəng geyinsin və stadiona gəlsin. Bəlkə onda azarkeşlər də gələr (gülür).

Xəbər xətti