"Kəpəz"in məşqçisi: "Kim bizə uyğun olsa, komandada qalacaq"

10:00 - 10 Yanvar 2018

"Kəpəz"ə gəlişimi müsbət dəyərləndirirəm. Hazırda komanda Premyer Liqada yaxşı yerdə deyil. Bu vəziyyəti dəyişməliyik. Məşqlərimizə start vermişik. Heyətdə yeni oyunçular var və hazırlıqlara davam edirik. Baxışda olan futbolçulardan kim bizə uyğun olsa, heyətdə qalacaq".

 

Bu sözləri Sportal.az saytına açıqlamasında "Kəpəz"in məşqçisi Yaşar Vahabzadə söyləyib. Mütəxəssis "Kəpəz"ə baş məşqçi Yunis Hüseynovun dəvəti ilə gəldiyini bildirib:

 

"Yunis Hüseynov mənimlə əlaqə saxladı və "Kəpəz"ə dəvət etdi. Mən də bu təklifə müsbət cavab verdim".

 

U-21 millimizin sabiq baş məşqçisi "Hansı gənc futbolçunu "Kəpəz"də görmək istəyərdiniz" sualına belə cavab verib:

 

"Yunis müəllimlə bəzi futbolçularla bağlı söhbətimiz olub. Amma demək olar ki, hamısının müqaviləsi var və qışda transfer etmək çətin olur. Klubumuzda limitə uyğun olan bir çox futbolçu var: İlkin Sadıqov, Yusif Cəfərov və İlyas Səfərzadəni deyə bilərəm".

 

Mütəxəssis son pillədən qurtulmaq istədiklərini deyib: 

 

"Çalışacağıq ki, mübariz komanda quraq. Son pillədən qurtulmaq istəyirik".

 

Yaşar Vahabzadə U-21 millisindən ayrıldıqdan sonra onu yığmada "Qarabağ"ın kapitanı Rəşad Sadıqov əvəzlədi. Vahabzadə yeni baş məşqçiyə uğurlar arzu edib:

 

"Rəşada uğurlar arzu edirəm. Çətin işdir, səbirli olsun. Mən ona bu işdə müvəffəqiyyətlər arzulayıram".

Xəbər xətti