"Kəpəz"in baş məşqçisi: "3 futbolçu ilə müqavilə bağlayacağıq"

17:49 - 11 Yanvar 2018

“Kəpəz”in əvəzedici heyəti çempionatın ikinci hissəsi üçün məşqlərini davam etdirir.

 

Sportal.az xəbər verir ki, yanvarın 8-dən başlayan hazırlıq prosesi əsasən bərpaedici və seleksiya xarakteri daşıyır. 

 

Komanda Göygöl rayonunun Üçtəpə kəndi ərazisində gündə bir dəfə olmaqla alçaq təpəli sahədə məşq keçir. Əvəzedicilərin baş məşqçisi Ceyhun Tanrıverdiyev hazırlıqla bağlı klubun saytına açıqlama verib:

 

“Uşaqların əhval-ruhiyyəsi yaxşıdı, məşqlərə həvəslə yanaşırlar. Əsas olan budu. Arada istirahət olduğu üçün çəkisi az da olsa, artan oyunçular var. Amma onları diqqətdə saxlayırıq, həkim tərəfindən hər gün çəkilərinə nəzarət olunur. Yaxın 3-4 gün ərzində bu problem aradan qalxacaq və futbolçular normal vəziyyətə düşəcəklər. İndi komanda üzvləri təyin olunan zaman kəsiyində yüngül formada kross qaçırlar. Əsas işimiz növbəti həftədən başlayacaq”.

 

Komandanın heyətində 22 futbolçu yer alıb. Onlar arasında baxışda olanlar da var. Artıq bəziləri baş məşqçinin diqqətini cəlb edə bilib:

 

“Demək olar ki, üç futbolçu ilə müqavilə bağlayacağıq. Bunlar Qaraxan Əliyev, Ayxan Əsədov və Emin Zamanovdu. Adlarını çəkdiyim uşaqlar Gəncə futbolunun yetirməsidilər, onlara çox inanırıq. Ümid edirik ki, gələcəkdə əsas komandanın heyətinə dəvət ala biləcəklər”.

 

Əvəzedicilərin hazırlıq planına uyğun olaraq komandanın fasilə müddətində 5 yoxlama oyunu keçirməsi nəzərdə tutulub:

 

“Bildiyiniz kimi, ilk rəqibimiz əsas komandamız olacaq. Bu oyun həm də uşaqların özlərini baş məşqçi Yunis Hüseynova göstərməsi üçün gözəl şansdı. Növbəti rəqibimiz “Qəbələ”nin əvəzedici heyəti olacaq. Onlarla bu haqda danışıb razılıq əldə etmişik. Yoxlama oyunları üçün digər rəqiblərin müəyyənləşməsi istiqamətində işlərimiz davam edir. Birinci divizion komandaları ilə də oynaya bilərik”.

Xəbər xətti