İki dövrəyə qısa baxış: 42 matçda 303 qol

15:30 - 17 Yanvar 2018

Sentyabrın 30-da strat götürən futzal üzrə Yüksək Liqada dekabrın 26-da keçirilən XIV turun oyunları ilə mövsüm yarılanmış oldu.

 

Sportal.az xəbər verir k, ikisi debütant olmaqla yeddi komandanın iştirak etdiyi Yüksək Liqada bir-birindən maraqlı oyunların şahidi olduq. Fasilə müddətindən istifadə edib, müəyyən statistik göstəriciləri qeyd etməyə çalışdıq. 


Ümumilikdə “Ekvator xətti”nə qədər ümumilikdə 42 matç keçirilib, 303 qol vurulub. Bu oyunlardan ikisi "ABU Arena"da, bir o qədəri də "Olimpik Star"da keçirilib. Qalan qarşılaşmalara Bakı İdman Sarayı evsahibliyi edib.

 

İlk dəfə Yüksək Liqada

Qeyd etdiyimiz kimi, cari mövsüm iştirakçılarından ikisi – “FK.İD.Futsal” və “Marafon Futsal” komandaları ilk dəfə Yüksək Liqa həyəcanı yaşayır. Buna qədər komandalar Birinci Liqada mübarizə aparırdı. Arxada qalan iki dövrədə “FK.İD.Futsal”dan fərqli olaraq “Marafon Futsal” böyundan hündürə tullanmağı bacardı. Belə ki, təcrübəli rəqiblərini qabaqlayan debütant fasiləyə liderin ən yaxın izləyicisi kimi yollandı. 
Yeri gəlmişkən, “FK.İD.Futsal”ın digər komandası – “İtaldizayn” Birinci Liqada çıxışını yenə davam etdirir. Bu komandanın yaradılmasında məqsəd Yüksək Liqa üçün ehtiyat baza hazırlamaqdı.

 

Yeganə məğlubiyyətsizi
 

Ən çox qələbə “Araz”ın aktivindədi. Son çempion 11 matçda xal itiriməyib. Yeganə heç-heçə “Neftçi” ilə dueldə əldə edilib. Çempionatda məğlubiyyətin nə olduğunu bilməyən komandadır hələlik “Araz”dı. Düzdü, VI tur çərçivəsində “Neftçi” ilə keçirilən oyunun birinci hissəsi “Araz” üçün uğursuz alınıb. Alesionun yetirmələri fasiləyə 0:1 hesabı ilə məğlub yollanıb. Ancaq ikinci hissədə toparlanan lider son saniyələrdə buraxdığı qola görə, heç-heçə ilə barışmalı olub.

 

İki antirekordçu

İki komanda– “Yasamal” və “Xəmsə” isə ən çox məğlubiyyətlə barışanlardı. 10 qarşılaşmada komandalar meydanı xalsız tərk edib.

 

Qələbənin nə olduğunu bilməyən

Yeganə qələbə qazana bilməyən iştirakçı isə “Xəmsə”dir. Əzmkar oyunu ilə seçilən autsayder 2 dueldə heç-heçə edib, amma qələbə qazana bilməyib. Əslində, bəzi oyunlarda buna yaxın olan “Xəmsə” birinci hissədə qazandığı üstünlüyü fasilədən sonra əldən verib.

 

Ən böyükhesablı....

Çempionatda ən böyükhesablı qələbəni də “Araz” qazanıb. Komanda VII turda “Xəmsə”nin qapısından nə az, nə çox, 16 cavabsız top keçirib. “Araz” növbəti dəfə 16 qolu 2 tur sonra “Yasamal”la dueldə vurub. Ancaq qapısını toxunulmaz saxlaya bilməyib. Belə ki, autsayder buraxdığı qollardan ikisinin əvəzini çıxmağı bacarıb.

 

...Və ən kiçikhesablı qələbə 

Hələ ki, cəmi bir oyunun taleyini 1 qol həll edib. Bu da II turda baş verib. “FK.İD.Futsal” və EKOL komandalarının qarşılaşmasında yeganə qol oyunun başa çatmasına 3 dəqiqə qalmış vurulub. Namiq Məmmədkərimov komandasına 3 xal qazandırmağı bacarıb. Ümumiyyətlə, 5 oyunda minimalhesablı qələbə qeydə alınıb. 4 qarşılaşmada isə komandalar xalları yarı bölüb ki, həmin oyunlardan 3-ü 2:2 hesabı ilə başa çatıb.

 

Qısır hissə

Beş oyunda fasiləyə qədər komandalar qol sevinci yaşamayıb. İlk belə nəticə II turda qeydə alınıb. “FK.İD.Futsal” – EKOL oyununun taleyi ikinci hissədə həll olunub. III, V, XII və XIV turlarda müvafiq olaraq EKOL – “Marafon Futsal”, “Xəmsə” – “FK.İD.Futsal”, “Neftçi” – EKOL və “Neftçi” – “Marafon Futsal” oyunlarında komandalar birinci hissədə qol vura bilməyib.

 

Erkən qol

Erkən qol isə VII turda vurulub. “Yasamal” – EKOL duelində ikincilərin kapitanı Namiq Məmmədkərimov 30-cu saniyədə hesabı açıb. Bu, qış fasiləsinə qədər vurulan ən erkən qoldu.

 

Bir komandanın buraxdığı qolların sayı vurulandan çoxdu

12 oyunda rəqib torunu ən çox - 79 dəfə silkələyən “Araz”ın oyunçuları olub. Ən çox qol buraxan komanda isə “Yasamal”dır. Onlar 81 dəfə topu qapılarından çıxarmalı olublar. Nəticədə bu göstəricidə buraxılan qolların sayı vurulandan çoxdu. “Araz” 12 oyun ərzində cəmi 14 top buraxıb. Ən az qol sevincini isə “Xəmsə”nin oyunçuları yaşayıb – 29 qol. Heç-heçələr qrafasında üstünlük “FK.İD.Futsal” və “Neftçi”yə məxsusdu. Komandalar hərəyə 3 oyunda xalları yarı bölüb. “Marafon Futsal” və “Yasamal” isə heç bir oyunda 1 xal qazanmayıb.

 

Bir oyunda ən çox fərqlənən

Bu göstəricidə də “Araz”ın üzvü öndədi. Millinin də formasını geyinən Eduardo Borges “Xəmsə” ilə matçda aktivinə 5 qol yazdırıb. Ona qədər isə poker edənlər üstünlük təşkil edirdi.

 

Beş avtoqol

14 tur ərzində 5 avtoqol qeydə alınıb. İlk avtoqol müəllifi “Yasamal”dan Mortoza Cahandost olub. Daha sonra “Araz”ın kapitanı Rizvan Fərzəliyev topu öz qapısından keçirib. EKOL-un oynayan baş məşqçisi Radik Əhmədov da bir matçda qapıları səhv salıb. Dubl avtoqol edən isə “Neftçi”nin kapitanı Rüfət Balakişiyev olub. O, “FK.İD.Futsal”la oyunda komandası hesabda iki dəfə öndə olan vaxt topu ardıcıl olaraq öz qapısından keçirib və hesabın bərabərləşməsində pay sahibi olub.

 

Ən intizamsız tur

III turu bu nominasiyanın “qalibi” elan etmək olar. Məhz həmin turun oyunları zamanı hakim 4 qırmızı vərəqədən istifadə edib. “Xəmsə”dən Qüdrət İsmayılov, “Yasamal”dan Teymur Mirzəyev, EKOL-dan Əsgər Abasov və “Neftçi”dən Elnur Zamanov oyunu erkən başa vurmalı olub. Bundan başqa, referilər 9 dəfə sarı vərəqədən istifadə ediblər.

 

Renata kim çata bilər?

Yarım mövsümün bombardiri “Marafon Futsal”ın kapitanı Renat Sultanov olub. Kapitanın aktivində 16 qol var. Ən yaxın izləyicisi isə autsayderin hücumçusudur. Samir Əmirov (“Xəmsə”) Sultanovdan 3 top az vurub. “Araz”dan Telez Thiaqo 12, Eduardo Borges isə 11 qolla nəfəslərini hiss etdirirlər. “5-liy”i “Yasamal”dan Mortoza Cahandost qapayır. İranlı legioner 10 qol vurub.

 

10 oyun mavi ekranda

Yüksək Liqanın oyunlarının canlı yayımı cari mövsümün qazancalarından biridi. Belə ki, CBC Sport arxada qalan 14 turdan 10 oyunu canlı yayımlamaqla xeyli vaxtdı ekranlardan kənarda qalan futzalı yenidən tamaşaçıların menyusuna daxil edib. Yalnız I, III, XI və XIV turdan heç bir oyun birbaşa yayımlanmayıb. Bunun da səbəbi həmin turların Bakı İdman Sarayında deyil, ABU və Olimpik Starda keçirilməsidir. Təəssüf ki, həmin arenalardan canlı yayım təşkil etmək üçün lazımi şərait yoxdu. Bir faktı da qeyd edək ki, Yüksək Liqanın oyunlarının həftəsonundan həftəiçinə keçirilməsi məhz canlı yayımla bağlıdı.

Xəbər xətti