"Yeni mövsümdə 8 və ya 10 komanda iştirak edəcək" MÜSAHİBƏ

16:11 - 18 Yanvar 2018

Azərbaycan Futzal Federasiyasının baş katibi Mahmud Sadıqov qurumun rəsmi "facebook" səhifəsinə ünvanlanan sualları cavablandırıb.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Yüksək Liqanın arxada qalan 2 dövrəsini necə dəyərləndirirsiz? 
- Dekabrın 26-da keçirilən oyunlarla Yüksək Liqada ikinci dövrəyə yekun vurduq və komandalar istirahətə yollandılar. Təbii ki, arxada qalan dövrələr haqda danışarkən, gərgin, rəqabətli oyunlar izlədiyimizi qeyd edə bilərəm. Dediklərimizin əyani sübutu turnir cədvəlidi. Diqqət yetirsəniz, xeyli dəyişikliyin baş verdiyini görəcəksiz. Elə federasiya da buna nail olmaq istəyirdi. Çünki inkişaf üçün rəqabətli mühitin yaradılması mütləqdi. Federasiyanın prezidenti Zaur Axundovun rəhbərliyi ilə Azərbaycan çempionatının daha baxımlı, nüfuzlu yarış olması üçün işlər görülüb və bu proses davam etməkdədi. Onu da qeyd edim ki, yanvarın 1-dən etibarən isə “transfer pəncərəsi” açılıb və istənilən keçidin baş tutması üçün tam zəmin yaradılıb. Komandalar özləri arxada qalan 2 dövrənin təhlilini aparıb, heyətlə bağlı qərarlar verə bilərlər.

 

- Cari mövsümdə hansı yeniliklər tətbiq olundu? 
- Yeniliklərdən biri federasiyada yeni şöbənin - mətbuat xidmətinin yaradılması ilə bağlı oldu. Bu da zamanın tələbindən irəli gəldi. Çünki bu vaxta qədər bizdə belə şöbə yox idi. Əlbəttə, bu şöbənin yaradılması federasiya ilə media arasındakı münasibətlərin qurulmasına müsbət mənada kömək etdi. Təəssüf ki, hələ rəsmi saytımız fəaliyyət göstərmir, amma "facebook" səhifəsi vasitəsilə lazım olan informasiya mediaya və ictimaiyyətə çatdırılır. Mətbuat xidmətinə rəhbərlik edən Mahal Məmmədovun işindən razıyıq. O, mediayla aramızda körpü yarada bilib. Jurnalistlər üçün artıq federasiyamızla bağlı bir informasiya mənbəyi var ki, bundan sonra lazım olan məlumatı rahat şəkildə əldə edə bilsinlər. Medianın xüsusilə də Yüksək Liqanın oyunlarına marağının artması, xəbər lentlərində mütəmadi futzalla bağlı bilgilərin yer alması bizi məmnun edir. Yeniliklərdən biri də mövsümdən əvvəl bütün oyunçuların AFFA-nın qeydiyyat bazasında qeydiyyatdan keçməsi və oyunçu lisenziyası əldə etməsidi.

 

- Yüksək Liqada hər turun bir oyunu "CBC Sport" televiziya kanalında canlı yayımlanır. Futzalın mavi ekrana dönüşünün bəhrəsi hiss olunur?
- Uzun fasilədən sonra ölkə çempionatının oyunları efirə qaytarıldı. "CBC Sport" artıq federasiyamızla əməkdaşlığa başlayıb. Fürsətdən istifadə edib, kanalın rəhbərliyinə təşəkkürümüzü bildiririk. Yüksək Liqada hər turun mərkəzi oyunu canlı yayımlanır. Əməkdaşlığımızın uzunmüddətli olacağına, mövsümün qalan turlarından da oyunların mavi ekranlara gətiriləcəyinə ümid edirik. Əlbəttə, matçların yayımlanması futzala marağın artmasına, bu idman oyununun təbliğinə və auditoriya yığmasına kömək edəcək. Artıq bunun cücərtiləri hiss olunur. Futzalın inkişafı üçün bu addımın böyük əhəmiyyəti var.

 

- Debütantlar necə, ümidləri doğrulda bilirmi? 
- İki komanda - “FK.İD.Futsal” və “Marafon Futsal” Yüksək Liqada debüt edir. Turnir cədvəli onların çıxışı haqda müsbət fikir söyləməyə əsas verir. “Marafon Futsal” fasiləyə 2-ci, “FK.İD.Futsal” isə 4-cü pillədə yollanıb. Təsəvvür edin, debütant “Marafon” 12 oyundan cəmi 3-də xal qazana bilməyib. Aktivində 9 qələbəsi olan bu komanda liderin ən yaxın izləyicisidi və cəmi 7 xal geri qalır. Əvvəlki illərdə “Araz” ən azı 15 xal fərqi ilə üstünlük qazanırdı. İndi rəqibin nəfəsini hiss edir. Üstəlik, lider ən yaxın izləyicisi “Marafon Futsal”la hər iki oyunda qələbə qazansa da, buna çətinliklə nail oldu. “FK.İD.Futsal”a gəldikdə, komanda tamamilə yerli oyunçulardan qurulub, öz dəsti-xətti var. Hər iki komandada baş məşqçi işi hiss olunur. Belə deyək də, bura qədər ümidləri doğruldublar, hətta bir qədər irəli addım atıblar.

 

- Bütün oyunları izləmisiz. Müşahidələriniz kimləri tapıntı kimi tədim etməyə imkan verir? 
- Əlbəttə, istedadlı futzalçılarımız var. Cari mövsümdə rəqabətin artması həmin futzalçıların bir qədər püxtələşməsinə, artımasına şərait yaradır. Qeyd etmək istədiyim oyunçulardan biri “FK.İD.Futsal”ın üzvü Nihad İsmayılovdu. Müəyyən dövrlərdə o, milli komandaya da dəvət alıb. Anar Ağayev və Elvin Quliyev də diqqəti cəlb etməyi bacardılar. “Yasamal”dan Vladislav Vorobyovun adını çəkə bilərəm. 22 yaşlı futzalçının potensialı böyükdü. “Marafon Futsal”dan Seymur Məmmədov, Renat Sultanov, İlkin Hacıyev kimi futzalçılar “ikinci bahar”larını yaşayırlar. Autsayder olmasına baxmayaraq, “Xəmsə”nin heyətində də diqqətimizi cəlb edən oyunçular var. Elçin Zeynalov, Qüdrət İsmayılov, Əli Həsənov, Samir Əmirov kimi oyunçular bir qədər də üzərlərində işləsələr, istənilən komandanın heyətində görmək istədiyi futzalçılardan ola bilərlər. “Neftçi”nin kapitanı Rüfət Balakişiyev komandasını arxasınca aparmağı bacarır, lider funksiyasını yerinə yetirir. Təbii ki, hazır oyunçuların çox olması baş məşqçinin də seçim baxımından işini xeyli yüngülləşdirəcək.

 

- Milli ardıcıl beşinci dəfə Avropa çempionatında iştirak edəcək. Komandamızın yer aldığı qrupla bağlı nə deyə bilərsiz? 
- Bu sevindirici məqamdı ki, ardıcıl beşinci dəfə Avropa çempionatının final mərhələsində Azərbaycan millisi də iştirak edəcək. Yanvarın 30-dan fevralın 10-dək Sloveniyada keçiriləcək yarışa hazırlaşmaq məqsədilə milli bu ayın 10-dan etibarən təlim-məşq toplanışına başlayıb. Hazırlıq üçün hər cür şərait yaradılıb. Təbii ki, çətin qrupda yer almışıq. İspaniya haqda çox danışmağa ehtiyac yoxdu, çünki komandanın nəticələri gücünün göstəricisidi. Fransa isə debütantdı, amma keçdiyi yola diqqət yetirsək, kifayət qədər güclü rəqib olduğunu görərik. Ancaq komandanın qarşısına 1/4 finala yüksəlmək tapşırığı qoyulub. Yarımfinala yüksəlmək şansımız da var və bundan maksimum istifadə etməliyik. Artıq futzal aləmində Azərbaycan millisi ciddi rəqib kimi qəbul edilir, hesablaşırlar. Bu da bizi sevindirir və federasiyamıza verilən yüksək qiymətdi. Təsadüfi deyil ki, indi hansısa komandaya yoldaşlıq oyunu üçün müraciət edəndə dərhal razılaşır, eyni zamanda tez-tez turnirlərə dəvət edirlər.

 

- İranla oyun da bu nüfuzun nəticəsidi? 
- Baş məşqçi yoldaşlıq oyunu keçirmək istədiyini və mümkünsə, rəqib tapılmasını istədi. Qısa vaxt ərzində bu məsələ həllini tapdı. Düzdü, əksər komandalar əvvəlcədən başqa millilərlə razılaşdığından seçim imkanımız az idi. İran yığmasının da Asiya çempionatına hazırlaşması bu oyunu hər iki komanda üçün zərurətə çevirdi. Rəqibimiz kifayət qədər güclüdü. Son dünya çempionatının bürünc mükafatçısı olmaqla yanaşı, Asiya çempionatının aşkar favoritidi. Ötən ay İranda keçirilən turnir çərçivəsində də onlarla qarşılaşmışdıq. Əlbəttə, bu oyunun ərsəyə gəlməsi həm də millimizin güclü rəqib olmasının göstəricisidi.


- Ölkə kubokunun oyunları nə vaxt keçiriləcək? 

- Hər il olduğu kimi, çempionatla bərabər kubok oyunları da keçirilir. Hazırda milli komandamız Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirir. Onların yaxşı hazırlıq keçməsi üçün kubok oyunlarını AÇ başa çatdıqdan sonra - mart ayında keçirəcəyik. Yarımfinal və final qarşılaşmalarını isə may ayında keçirməyi planlaşdırırıq.

 

- Yeni mövsümdə komandaların sayının artırılması gündəmdə varmı? 
- Cari mövsümdə 7 komanda çıxış edir. Biz də iştirakçıların sayının cütrəqəmli olmasının tərəfdarıyıq. Cari çempionat üçün bunu reallaşdıra bilmədik, amma əlimizi yanımıza salmamışıq. Artıq növbəti çempionatla bağlı da işlər görülür. Çalışacağıq ki, komandaların sayını artıraq. Hazırda bir neçə komanda ilə danışıqlar davam etdirilir. Güman edirəm ki, yeni mömsümü 8 və ya 10 komandanın iştirakı ilə keçirəcəyik. Hətta bu rəqəmi 12-yə də çatdırıla bilər. 

 

- Birinci Liqada da fasilə yaranıb. Ümumi mənzərə necədi? 
- Yanvarın 13-də keçirilən 13-cü turun oyunlarından sonra komandalar fasiləyə yollandı. 14 komandanın yarışdığı liqada ən qızğın mübarizə ilk “9-luq” arasında gedir. Diqqət yetirsəniz, xal fərqinin az olması da bunun sübutudu. Liderlə ikinci pillədə yer alan komanda eyni xala malikdi, sadəcə, şəxsi oyunlara görə sıralama qurulub. Digər pillələrdə də vəziyyət bu cürdü. Əksər komandalar çox yaxşı oyun nümayiş etdirir. Hətta bəziləri Yüksək Liqada da çıxış edə bilər və bu istiqamətdə işlərimizi davam etdiririk. Yəqin ki, yeni mövsümün debütantları arasında hazırda Birinci Liqada oynayan komandalardan da bir neçəsini görəcəksiniz.

Xəbər xətti