Cavid İmamverdiyev: "Milliyə dəvət şansımı 50-50-yə düşünürdüm"

18:58 - 29 Yanvar 2018

“Çox sevindirici haldır ki, milliyə yenidən dəvət aldım. Buna çox şadam. Baş məşqçiyə təşəkkür edirəm ki, mənə şans verdi. Məşqlərdə əlimdən gələni edirəm”.

 

Sportal.az xəbər verir ki, bu sözləri milli komandamızın və “Sumqayıt”ın futbolçusu Cavid İmamverdiyev deyib. Yığmamızın Antalyadakı toplanışında iştirak edən yarımmüdafiəçi Moldova ilə yoxlama oyunundan öncə jurnalistlərin suallarını cavablandırıb. O, sabah baş tutacaq oyun haqda bunları deyib:

 

“Oyuna ciddi hazırlaşırıq. Başqa nəsə deməyim düzgün çıxmaz. Matç barədə məşçimiz danışsa, yaxşı olar. Onu deyim ki, çox sevincliyəm. Start heyətdə oynayıb-oynamaycağımıza baş məşqçi qərar verir. Biz başımızı aşağı salıb futbolumuzu oynamalıyıq. Milli komanda və klub ayrıdır. Meydana çıxan hər bir futbolçu bacardığından artığını etməlidir”.

 

Cavid İmamverdiyev yığmaya dəvət alacağı ilə bağlı inamının 50-50-yə olduğunu deyib:

 

“Çempionatda oynayan futbolçu millidən hər an dəvət gözləməlidir. Dəvət şansımı 50-50-yə düşünürdüm. Çox dəqiq bilmirdim. Şükürlər olsun ki, dəvət aldım”.

 

Milli komandamız Millətlər Liqasında Kosovo, Malta və Farer adaları ilə eyni qrupda mübarizə aparacaq. Uzun müddət sonra milliyə dəvət alan yarımmüdafiəçi qrup barədə danışıb:

 

“Kağız üzərində favoritik. Amma zəif komanda anlayışı yoxdur. Qrupda zəif komanda yoxdur. İrəli getmək istəyiriksə, elə özümüzü ilk növbədə zəif bilməliyik”.

Xəbər xətti