Maksim Medvedev: "Çoxdan idi ki, bu qədər qaçmırdım" MÜSAHİBƏ

00:00 - 31 Yanvar 2018

Antalyada təlim-məşq toplanışında olan Azərbaycan millisi yoxlama oyununda qüvvəsini sınayıb. Yığmamız “Mardan” stadionunda keçirilən matçda Moldova millisi ilə qolsuz bərabərə qalıb. Oyundan sonra yığmamızın müdafiəçisi Maksim Medvedev jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az saytı həmin müsahibəni təqdim edir:

 
- Millidə nə yenilik var idi?
- Bu mənada yenilik yalnız Qurban Qurbanovla bağlıdır. O, yığmada debütünü etdi. Meydanda olan futbolçular isə daha öncə də yığmada oynayırdılar. Azərbaycada tanınmış futbolçulardır. Hamısı Qurban müəllimi tanıyır, Qurbanov da həmin oyunçular. Ümumi yenilik meydanda yox idi. 4 gün ərzində nələri məşq etmişdiksə, onları tətbiq etmək üçün çalışdıq. Qismən bizdə alınırdı. Bu gün 50 faiz alınırsa, gələcəkdə faiz ehtimalı daha çox olacaq. Növbəti oyunlarda qol epizodlarımız da çox olacaq.
 
- Milliyə klubların düşərgəsində qoşulmusuz. Yorğunluq nə dərəcədədir?
- Klubların heyətində toplanışda çox qalanda yorğunluq həmişə olur. Futbolçular bu toplanışa qısa müddətdə gəlir. Psixoloji cəhətdən faydası çoxdur. Futbolçular 20 gün ərzində birgə olurlar. Çox futbolçu məşqçiyə özünü göstərmək üçün daha səylə çalışır. Məşqlər intensiv olur. Bu gün bəzi şeylər alınmasa da, uşaqlar “vuruşurdu”.
 
- Müdafiənin mərkəzində çıxış etdin. Bu alternativ variant idi, yoxsa gələcəkdə də baş verəcək?
- Yaxşı olardı ki, bu sual baş məşçimizə ünvanlansın. Müdafiənin hansı nöqtəsinə qoysalar, oynaya bilərəm. Çünki 28 yaşım var və müəyyən qədər təcrübə toplamışam. Hansı mövqeydə necə oynamaq lazım olduğunu bilirəm. Ola bilər ki, gələcəkdə sağ, sol və ya mərkəzdə oynayım. Bu, baş məşqçinin qərarından asılı olacaq.
 
- Qurban Qurbanovun yığmada debütü idi. Heyətdə “Qarabağ”ın oyunçusu çox idi və millidə Qurbanovun sistemi sizin üçün yad deyildi. Bəs digər klublardan gələn futbolçular baş məşqçinin sisteminə nə dərəcə uyğunlaşırlar?
- Bütün bura gələn futbolçular “Qarabağ”ın oyun üslubuna bələddir və bu oyuna uyğunlaşmaq asandır. Çünki baş məşqçimiz futbolçulardan fantastik nəsə tələb etmir. Oyunçulara sadə oynamağı tapşırır və epizodlarda sona qədər mübarizə aparmağı tapşırır. Çatışmayan cəhətləri isə başa salır,  kömək edir. İlk toplanış idi. Gələcəkdə digər futbolçular baş məşqçimizin sisteminə oturuşacaqlar.
 
- Sənin doğma mövqeyində oynayan Abbas Hüseynovun oyunu necə alındı?
- Səhv etmirəmsə, millidə debüt elədi. Həyəcanlı olduğu hiss olunurdu. Oyundan öncə də tapşırmışdım ki, özünü sıxmasın. Kömək edirdim. İstedadlı futbolçudur. Məşqlərdə də hiss olunur. Sürətlidir, mübarizə aparmağı sevir. Oyunu xoşuma gəlir. Milli səviyyəsində bir neçə belə oyun keçirsə, daha səviyyəli komandalarla qarşılaşmalarda toplayacağı təcrübə onun işinə yarayacaq və daha yaxşı olacaq. Abbas talantlı futbolçudur.
 
- Öz formanı ona verməyə hazırsan?
- Mən sevinərəm ki, milliyə gələn futbolçular bizdən daha da yaxşı oynasınlar. Gec-tez bizim yerimiz tutulacaq. Bu gün komandada rəqbət də olsun ki, məşqminin seçimi çox olsun.
 
- Moldova nə dərəcədə təhlükəli idi?
- Rəqib xoşuma gəldi. Çoxdan idi ki, bu qədər qaçmırdım. 90 dəqiqə pressinq etdilər, mübarizə apardılar. İmkan vermirdilər ki, rahat oynayaq. Çox dəyişiklər etmişdilər. Yeni futbolçuları bizi yordu.
 
- Heç-heçə ədalətli idi?
- Top daha çox bizdə idi. Bizi analiz etmişdilər. Ona görə də əks-hücumlar üzərində oyunu qurmuşdular. Çünki açıq futbol oynayasaydılar, təhlükəli olacağdıq.
 
- Milllimizdən oyunda ən yaxşı kim idi?
- Bu gün kiminsə adını çəksəm inciklik olardı. Hamı çalışırdı. 10 ballıq sistemlə hamıya 7 verərdim. Kimsə fantastik bir iş də görmədi.

Xəbər xətti