Ayxan Abbasov: "Hücumameyilli universal futbolçu axtarırıq" MÜSAHİBƏ

14:28 - 1 Fevral 2018

"Zirə"nin baş məşqçisi Ayxan Abbasov Komanda.az saytına müsahibə verib.

 

Sportal.az gənc mütəxəssisin müsahibəsini təqdim edir:

 

- Antalyadakı toplanış barədə danışardınız...

- Bura gəlməkdə əsas məqsədimiz odu ki, 3-cü dövrəyə tam hazır olaq. Çatışmazlıqlarımız var, çalışacağıq ki, onları aradan qaldıraq. Burda bir çox rəqiblə yoxlama oyunu keçirə bilirik ki, bu da, bizim xeyrimizədi. Toplanış yaxşı davam edir. Çatışmazlıqlarımızı görürürk. Çalışacağıq ki, bunları aradan qaldıraq.

 

- Bu gün “Qəbələ”nin oyununu izləməyə gəlmisiz. Məqsəd çempionatdakı rəqibinizi yaxından izləməkdi?
- Bundan öncə “Sumqayıt”ı, “Neftçi”ni izləmişdik. Bu gün istirahət günümüz idi. Buna görə, istədim ki, “Qəbələ”nin də oyununu izləyim. Bu komandayla 3-cü dövrənin ikinci turunda qarşılaşacağıq. Çalışırıq ki, bütün komandalarımız barədə məlumatımız olsun.

 

- Son yoxlama oyununda Rusiyanın “Avanqard” komandasına 0:3 hesabıyla uduzduz. “Zirə”nin sonuncu dəfə nə vaxt belə böyük hesabla uduzduğunu xatırlamıram...
- Yoldaşlıq görüşü olsa belə, uduzmaq istəməzdik. İlk hissədə futbolçularımdan razı qaldım. İkinci hissədə isə bir çox dəyişiklik elədik. Yeni futbolçuları yoxlamaq istəyirdim. Həm də, ola bilsin, onlar bizdən daha hazırlıqlı idi. Oyundu, burda hər şey olur. Yoxlama oyununda uduzmağımızda elə də böyük problem yoxdu. Əsas odu, çempionatda bu səhvləri təkrarlamayaq.

 

- Belə başa düşdük ki, hesab oyuna görə olmayıb...
- Bəli, hesab oyuna görə deyil. İlk hissədə cəmi bir dəfə qapımız qarşısında təhlükə yaratdılar ki, bu da qolla nəticələndi. İkinci hissənin 15-ci dəqiqəsindən etibarən isə tamamilə gənclərə şans verdik. İstəyirdim ki, onların da oyun təcrübəsi olsun. Oyun normal keçdi. Böyük bir faciə baş verməyib.

 

- Baxışda olan fransalı futbolçu İbrahim Tandia ilə bağlı qərar verdiz?
- Onunla razılığa gəlmədik. Ancaq yeni transfer gözlənilir. Düzdü, qış fasiləsində oyunçu transfer etmək çox çətindi. Azarkeşlərimiz də bizdən yeni transfer gözləyir. Lakin tələsik addım atmaq istəmirik. Ona görə, hələ ki, gözləyirik. Yaxın günlərdə ola bilsin, yeni transfer etdik.

 

- Onunla niyə razılığa gələ bilmədiz, çox zəif idi?
- Tam hazır deyildi. Biz təklif etdik ki, ikinci oyunda da onu yoxlayaq. Ancaq ona başqa təkliflər də var idi. Ümumilikdə o, axtardığımız oyunçu deyildi. 

 

- Bir futbolçu transfer etmək istəyirsiz, yoxsa daha çox?
- Alınsa, iki futbolçu transfer etməyi planlaşdırırıq. Ancaq transfer xətrinə transfer etməyəcəyik. Dayanmırıq, axtarışdayıq.

 

- Yeni transfer hücumçu olacaq?
- Bəli, hücumameyilli universal futbolçu axtarırıq.

 

- Neçə namizəd var?
- Namizədlər çoxdu. Bəzilərinin klubuyla müqaviləsi var. Bəziləri ilə isə maddi məsələlərdə danışıqları davam etdiririk.

 

- Milli Qurban Qurbanovun rəhbərliyi altında ilk oyununu keçirdi. Bu barədə nə deyə bilərsiz?
- Yığma yaxşı təsir bağışladı. Cəmi üç gün vaxtları var idi. Məncə, ilk hissədə bir qədər həyəcan hiss olunurdu. İkinci hissədə isə komandamız rəqibi tam üstələdi. Bu, topa sahibolma faizində də aşkar görünürdü. Bu oyunda iştirak etməyən futbolçular da yığmaya qoşulduqdan sonra daha yaxşı olacaq. Məncə, ilk oyun üçün heç də pis deyildi, normaldı. Əsasən, futbolçuların əzmkarlığı, isəyi görünürdü. Məğlub olmaq istəmirdilər. Həm də, nəzərə alaq ki, futbolçular klubların təlim-məşq toplanışlarından gəliblər. Yəni tam hazır deyildilər. Gələcəkdə daha yaxşı olacaq.

 

- Mövsümün ikinci yarısı üçün “Zirə”dən nə gözləyirsiz?
- Yenə əsas vəzifəmiz avrokuboklara vəsiqə qazanmaq olacaq. Çempionatda əsas məqsədimiz budu. Bilirik, çətin olacaq. Rəqiblərimizin hazırlığına, yeni transferlərinə baxırıq. Məncə, 3-cü dövrə çox kritik keçəcək. Ancaq biz də məqsədimizə nail olmaq üçün maksimum çalışacağıq.

Xəbər xətti