Bədavi Hüseynov: "İkinci Rəşad olmayacaq" MÜSAHİBƏ

18:56 - 1 Fevral 2018

“Qarabağ”ın və Azərbaycan yığmasının müdafiəçisi Bədavi Hüseynov apasport.az saytına müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Zədə ilə əlaqədar uzun müddətdi yaşıl meydanlardan kənarda qalmısız. Futboldan ötrü darıxırsızmı?

- Darıxıram. Üç aydan çoxdu ki, oynamıram. Komandanın matçlarını, məşqlərini kənardan seyr etmək çox çətindi. Amma nə etmək olar? Zədə də futbolun bir hissəsidi. Buna görə də, təmkinli olmağa çalışıram. Daha güclü vəziyyətdə geri dönmək istəyirəm. Hələlik fərdi məşqlərlə kifayətlənirəm. Təxminən aprel ayında yaşıl meydanlara qayıdacam.

 

- Karyeranızda ilk dəfədi bu cür halla üzləşirsiz?

- Bəli, heç vaxt belə ağır zədə almamışdım. Əvvəllər də zədələndiyim məqamlar olub. Amma uzağı 1-2 həftə oynamamışam. Bu dəfə isə uzun müddətə sıradan çıxdım. Belə zədədən sonra qayıtmaq çox çətindi.

 

- “Qarabağ”ın qışa qədərki çıxışını necə dəyərləndirirsiz?

- “Qarabağ” yaxşı təşkilatlanmış komandadı. Kimsə zədələnirsə, onu başqa futbolçu layiqincə əvəzləyir. Komandamız Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı və qrupda da yaxşı oyun nümayiş etdirdi. “Atletiko”dan həm Bakıda, həm də Madriddə 1 xal almağı bacardıq. Düzdü, zəif keçirdiyimiz matçlar da oldu. Amma ümumilikdə Azərbaycanı Çempionlar Liqasında layiqincə təmsil etdiyimizi düşünürəm. Artıq bizə daha ciddi yanaşırlar. Ümid edirəm ki, komanda inkişafını davam etdirəcək.

 

- “Qarabağ” çempionatda birinci yerdə qərarlaşsa da, ölkə kubokunda mübarizəni dayandırıb. “Sumqayıt”ın komandanızı mübarizədən kənarlaşdırması sürpriz olmadı?

- Düzü, belə olacağını gözləmirdim. Çünki bizim futbolçular həm texniki cəhətdən, həm də təcrübə baxımından rəqibi üstələyirlər. Amma bir daha təsdiq olundu ki, Azərbaycan komandaları asan rəqib deyillər. “Sumqayıt”a məğlubiyyət bizə dərs olmalıdı. Arxayınlaşmamalıyıq. Hər matça sonuncu oyun kimi yanaşmaq və tam ciddi hazırlaşmaq lazımdı. Artıq bütün diqqətimizi çempionata yönəldəcəyik. Premyer Liqada birinci yerdəyik və bu pilləni sona qədər qoruyub saxlamalıyıq.

 

- Zədəli olduğunuz vaxtlarda “Qarabağ”da sizin mövqeyinizdə gah Yakub Jezniçak, gah Elvin Yunuszadə oynadı. Onların çıxışını necə dəyərləndirirsiz?

- Yakub təcrübəli futbolçudu, 10 il ”Legiya”da oynayıb, bu komandanın kapitan sarğısını daşıyıb. Onun haqda çox danışmağa ehtiyac yoxdu. Jezniçak nəyə qadir olduğunu Çempionlar Liqasındakı çıxışı ilə göstərdi. Onu gəldiyi gündən yaxşı transfer sayıram. Elvin də layiqli oyunu ilə yadda qaldı. Arada baş məşqçi Qurban Qurbanov müdafiənin mərkəzində Maksim Medvedevi də oynatdı. Düşünürəm ki, ümumilikdə özlərini yaxşı tərəfdən göstərdilər.

 

- Rəşad Sadıqovun yayda futbolçu karyerasını bitirəcəyi gözlənilir. Bundan sonra sizə çətin olmayacaq? Çünki uzun müddət yanaşı oynamısız. Rəşad təcrübəsi, siz isə cəldliyinizlə bir-birinizi sığortalayırdız...

- Rəşad bizim liderimizdi, böyük kapitandı. O, meydanda mənə çox şey öyrədib. Rəşadın yanında oynaya-oynaya təcrübə toplamışam. Təbii ki, onun karyerasını bitirməsi Azərbaycan futbolu üçün böyük itki olacaq. Amma futbolda daim oynaya bilmərsən. Vaxt çatanda gedirsən və yerinə başqaları gəlir. Gənc müdafiəçilər üzərlərində daha çox işləməlidilər. Rəşad karyerasını bitirəndən sonra onlara boş yer yaranacaq. Həmin yeri tutmaq üçün özlərini sübut etməlidilər. İkinci Rəşad olmayacaq, bu, dəqiqdi. Ancaq çalışacam ki, onun karyerasını bitirməsi “Qarabağ”a ciddi zərbə vurmasın. Ümid edirəm ki, Sadıqovu layiqincə əvəzləyə biləcəyik.

 

- “Qarabağ”ın “qol silahı” olan Dino Ndlovu Çin klubuna keçdi. Onun gedişi komandanızın oyununa mənfi təsir göstərməyəcək?

- Dino səviyyəli, qol vurmağı bacaran hücumçudu. Oyunun taleyini həll edə bilirdi və bu bacarığını bir neçə matçda nümayiş etdirib. Ümid edirəm ki, onu əvəzləyəcək futbolçu tapılacaq. Komandamızda Mahir Mədətov və Ramil Şeydayev kimi bu mövqedə oynaya biləcək yerli hücumçular var. Onlar özlərini göstərməlidilər. Açığı, Dinonun gedişini gözləmirdim. Amma futbolda belə hallar normaldı. Görünür, yaxşı təklif alıb və bu səbəbdən getməyi üstün tutub.

 

- Azərbaycan yığması yeni baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında ilk görüşündə Moldova ilə qolsuz heç-heçə etdi. Oyundan razı qaldızmı?

- Matça baxdım. “Qarabağ”ın digər futbolçuları ilə birlikdə milliyə dəstək olduq. Nəzərə alaq ki, yığmaya dəvət alanların hamısı yorğundular, hazırda klublarının heyətində toplanış keçirlər. Bu mənada, onlardan çox şey gözlənilmirdi. Görünürdü ki, meydanda istədikləri hər şey alınmır. Amma ilk oyunda çox şey tələb etmək olmaz. İnanıram ki, milli növbəti matçlarda daha yaxşı çıxış edəcək.

 

- Moldova ilə görüşün start heyətində müdafiənin mərkəzində Maksim Medvedev və Ruslan Abışov tandem təşkil etdilər. Aydın məsələdi ki, siz qayıtdıqdan sonra Maksim öz mövqeyinə çəkiləcək. Ruslanla yanaşı oynamaq rahat olacaqmı?

- Buna baş məşqçi qərar verəcək. Mənə kiminlə yanaşı oynamağımın fərqi yoxdu. Ruslan da təcrübəli futbolçudu. Onunla bir yerdə oynadığımız matçlar olub. Düşünürəm ki, heç bir problem yaşamayacağıq.

 

- Yığmamızın Millətlər Liqasındakı rəqibləri haqda hansı fikirdəsiz? Komandamız Kosovo, Malta və Farer adalarını qabaqlayıb, qrup birincisi ola biləcəkmi?

- Qrupdakı komandalar eyni səviyyədədi. Bu mənada, heç kimi fərqləndirmək olmaz. Kim daha çox istək və xarakter nümayiş etdirəcəksə, o da qrupda birinci yeri tutacaq.

Xəbər xətti