Kamran Quliyev: "Dövlət əvvəlki kimi futbola böyük maliyyə qurumlarını, biznes müəssisələrini cəlb etsə, yaxşı olar" MÜSAHİBƏ

14:39 - 2 Fevral 2018

“Sumqayıt”ın prezidenti Kamran Quliyev müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Futbol sektoruna nə vaxt və necə gəlmisiniz?

- Futbola 2009-cu ildə gəlmişəm. AFFA-nın baş katibi Elxan Məmmədov mənə Texniki Departamentdə bir vəzifə təklif etmişdi. Həmin dövrdə A milli komanda istisna olmaqla, digər yığmaların inzibati məsələlərinə nəzarət edəcək bir şəxs lazım idi. Yəni, belə bir vakansiya vardı. Elxan müəllimlə bir-birimizi çoxdan tanıyırdıq. Dəvət göndərdi. Çünki biliridi ki, mən futbol həvəskarı, azarkeşiyəm. Lakin buna qədər fuytbpol sektorunda çalışmamışdım. Oynamışam, bəli. SSRİ dövründə adı 4-5 həriflik abbreviaturadan ibarət müxtəlif komandalarda çıxış etmişəm (gülür). Bu sahəyə həvəsim vardı.

 

- Futboladək hansı işlərlə məşğul olmusunuz?

- İki ixtisasım var – həm beynəlxalq əlaqələr, həm də informasiya texnologiyaları. Bank sektorunda fəaliyyət göstərmişəm. İqtisadi əlaqələrlə profilim idi. “Most Bank”, sonradan adını dəyişərək “Standart Bank” oldu. Müəyyən dövrdə ABŞ-da informasiya texnologiyaları üzrə təhsil aldım. Azərbaycana qayıdandan sonra öz işim vardı, biznes qurmuşdum.2000-2001-ci illərdə aktiv sürətdə internet texnologiyaları inkişaf edirdi. Müxtəlif layihələr vardı. Fərdi sahibkar kimi işləyirdim. Hə, o ərəfədə ailə qurdum. Ondan sonra Azərbaycan Beynəlxalq Bankında 3 il yarım çalışdım. Oradan ayrılanda artıq öz ideyam var idi. 2005-2006-cı illərdə kabel televizyası aktual olan bir məsələ idi. Azərbaycanda xarici kanalları mütxəlif vasitələrlə yayımlanırdı. NTV+ və quraşdırılmış peyk antenaları daha çox istifadə olunurdu. O dönəmdə belə bir məsələ ortaya çıxmışdı. Bir çox yeni tikililərin sahibləri binalarda vahid bir sistemin qurulması üçün mütəxəssislərə müraciət etmişdilər. Müraciətlərdən biri də mənə gəldi. Bizim bütün şəhərdə bu sistemi qurmaq planımız vardı. “Ailə TV”ni yaradanlardan biriyəm. Şirkətin ilk direktoru da mən olmuşam.

 

- Ölkədə ilk kabel televizayasını siz təsis etmisiniz?

- Xeyr. Bizdən qabaq BB TV var idi. “Ailə TV” və KTV isə eyni vaxtda fəaliyyətə başlayıb. Amma ilk rəqəmsal kabel televizyasının banisi “Ailə TV” olub. Şirkəti mən idarə etsəm də, çox gözəl komandamız vardı.

 

- Təvazökarlıq edirsiniz?

- Xeyr, niyə? Burda da çox gözəl komandamız var. Burada da eyni şeydir. Tək adam heç nə edə bilməz. Hazırda ölkənin  üç aparıcı kabel televiziyasından biridir. Səhv etmirəmsə, ikincisidir. Gözəl texnologiya tətbiq etdilər. Bakı və Gəncədə hər evə bir fibroktik kabel gəlir. Bu, 2006 - 2007-ci illər üçün ağılabat bir şey deyildi.

 

- Niyə “Ailə TV”ni qoyub, AFFA-ya keçdiniz?

- Uşaqlıqdan futbol azarkeşiyəm. Həqiqətən də uşaqlıqda topla yatırdım. Beşinci sinifdə uşaqlar öz gələcək planları barədə inşalar yazırdı. O vaxt ağlıma gəlməzdi ki, kabel televziyası ilə məşğul olacağam. 1988 - 1999-cu illərdə texnologiyanın hansı səviyyədə olduğunu siz də çox yaxşı bilirsiniz. Öz inşamda futbolla məşğul olmaqla bağlı xəyallarımı yazmışdım. Düzdür, “dörd” qiyməti almışdım (gülür).

 

- Yəqin müəlliminiz futbolu sevməyib...

- Bəlkə də (gülür). Düzdür, futbolu sevməzdi, amma yəqin ki, nəsə səhv tapmışdı.

 

- Tez-tez eşitdiyimiz bir ifadə var – filankəs futbol adamı deyil. Xüsusən də futbolçu karyerası olanlar bu sektora kənardan gələnləri qəbul etmək istəmirlər. Sizcə, “futbol adamı” kimə deyilir və necə olmalıdır?

- Bu sektor yalnız futbolçudan ibarət deyil. Bura məşqçi, inzibatçı, həkim, masajçı, maliyyə meneceri, mühafizəçi, mətbuat katibi, marketoloq, sürücü və digər ixtisas sahibləri də daxildirlər. Hamısını saysam, 15-20 dəqiqəmizi alar. Həmçinin bizdən ibarətdir. Hər klubda idarəçi şəxsi fərqli postları tuta bilər. Prezident, vitse-prezident, icraçı direktor və s. Bu adamlar birgə işləməsə, futbol olmaz. Futbol adamı sayılmayan fizioterapevt  komandada olmasa, hansı peşəkar futboldan söhbət gedə bilər. Bu sektorda olan hər kəs futbol adamıdır.

 

- Sual rəhbər şəxslərə şamil olunmuşdu. Klubu idarə edən şəxs hansı keyfiyyətlərə və bilgilərə sahib olmalıdır?

- İnsanları düz başa düşməlidir. Onlarla düzgün rəftar etməlidir. Ən böyük məsuliyyət onun üzərindədir. Həm klubun, həm də əsas komandanın işini düzgün təşkil etməli, mütxəlif dövlət qurumları və media ilə münasibət qurmalıdır. Futbol ictimaiyyəti, hansı ki, bilir-bilmir, tanıyır-tanımır, hamısı bizdən danışır. Gərək hamı ilə dil tapa biləsən. Çox adam elə fikirləşir ki, futbol adamı olmaq üçün keçmişdə peşəkar səviyyədə futbol oynamalısan. Ancaq mən elə düşünmürəm. Futbol adamı bu idman növü ilə nəfəs alan,  tapşırıqları yerinə yetirən və başqasının işina qarışmayan şəxsdir. Hər kəs öz işi ilə məşğul olmalıdır. Biri başqasının sahəsinə əl atanda qarışıqlıq yaranır.

 

- “Sumqayıt” ən yaxşı sktruktura malik klublardandır. Kadrları seçərkən hansı məqamları əsas götürürsünüz?

- İnsanla söhvət edirsən və görürsən – sənin adamındır, yoxsa yox. Bir prinsip var – klubun maraqları birinci yerdədir. Elə məqamalr olur ki, hansısa qərar qəbul edirik və ictimaiyyətin qınaq obyektinə çevirilirik. Bunu ediriksə, klubun xeyri üçündür. Kadrları seçərkən, onların “CV”lərinə baxmaq lazımdır. Harada və nə işlə məğul olduğunu öyrənməlisən. Tez-tez bir yerdən başqa yerə qaçan adamları xoşlamıram. Klub yaranıb 2010-cu ildə. Mətbuat katibimiz Rəşad Məmmədov 6,5 ildir bizimlədir. Baş məşqçimizi Samir Abasov klub təsis ediləndən burdadır. Əvvəl futbolçu, daha sonra əvəzedici komandanın baş məşqçisi qismində çalışıb. Məşqçilərimiz Etibar Tarıverdiyev və Vəfadar Quliyev də ilk gündən bizimlədir. İlk gündən bizimlə çalışan xeyli insan var. Neçə illərdi birgə işləyiriksə, demək, yanılmamışıq.

 

- “Ailə TV”dəki təcrübəniz klubdakı idarəetməyə kömək edir?

- Əlbəttə. İnsaları tanımaq lazımdır. İdarəçilər bilirsiniz nə qədər səhv edirlər? Tək mən yox, digərləri də. Ela durumlar olur ki, məsələn, 4-5 variant var, birini seçməlisən. Necə ki, bizim dədə-babalarımız edib, dinimizdə də bu var – icmanın fikri önəmlidir. Məsələn, media ilə bağlı elə bir qərar yoxdur ki, Rəşadla oturub, hətta mübahisə belə etməyək. Amma bu, düzgün qərar çıxarmaq üçündür. Məsləhətləşmək lazımdır. Həmçinin  futbolla bağlı olsun. Samir Abasov, Ceyhun Soltanov, Elburus Məmmədov, Aqil Məmmədov və digərləri ilə məsləhətləşirik. Sonuçda qərarı qəbul edirəm. Çünki məsuliyyəti mən daşıyıram. İnsanları dinləməmiş, fikrini öyrənməmiş qərar vermək böyük bir səhvdir. Ən böyük siyasətçilər, rəhbərlər belə, şura yaradırdılar. Dəfələrlə jurnalistlər dəvət edib, onlarla da məsləhətləşmişəm.

 

- Olub ki, hansısa oyunu fasiləsində paltardəyişmə otağına daxil olaraq öz fikrinizi demisiniz?

- Heç vaxt. Bəli, oyundan sonra girib, ürək sözümü demişəm (gülür). Bir neçə dəfə olub ki, fasilədə camaatın gözünə baxmağa düşmüşəm. Oyun çox pis gedirdi, düşdüm görüm ki, nə var, nə yox.

 

- “Qarabağ”la Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunları zamanı baş məşqçiniz İspaniyada təcrübədə idi. Həmin matçlardan öncə də “ustanovka”da iştirak etmədiniz?

- İndiyə qədər bir dəfə “ustanovka”da olmuşam. Bu da AFFA-da işlədiyim dövrə təsadüf edib. Otelin zalında “ustanovka” gedirdi, qapını sakitcə açdım, heç kim məni görmədi də. Dedim qulaq asım görüm, bu “ustanovka” nə olan şeydir. Bu 8 il qabaq olub. Amma “Sumqayıt”da heç vaxt. Bəzən futbolçulara zarafatca tapşırıq verirəm. Məsələn, deyirəm, qol vurmasan, gözümə görünmə (gülür). Futbolçu ilə ünsiyyətim onun problemi çıxanda olur. Bizdə sistem mövcuddur. Belə problər yaranada aiddiyyatı şəxs var – baş menecerimiz Ceyhun Soltanov. O cümlədən də baş məşqçimiz.

 

- Məşqçiliklə bağlı hansısa vəsaitləri oxumusunuz?

- Xeyr. Mənlik deyil. Nə mən məşqçinin, nəd məşqçi mənim işimlə məşğul ola bilməz. Bəlkə də bacarar, amma sistem bu cür qurulub.

 

- “Sumqayıt”ın büdcəsi elə də böyük deyil. Xəyalınızdakı klubu qurmaq üçün nə qədər vəsait, resurs lazımdır?

- Demirəm ən uğurlu, amma ən stabil klub “Sumqayıt”dır. Bunu təkcə mən demirəm. Yavaş-yavaş, addım-addım irəliləyirik. Son illərin ən uğurlu klub hər kəsə məlumdur – “Qarabağ”. Amma onlar ev tapşırığını görüblər. Klubu yeni səviyyəyə çatdırmaq üçün infrastruktur baxımından irəliləyişin olması mütləqdir. Pulu infrastruka xərcləməsən, apar tulla. Ad çəkməyəcəm, Azərbaycanda bu cür klublar olub da. Nə qədər pullar gedib, amma müvəqqəti nəticələr olub. Bəlkə də sabahı fikirləşənlər olub, amma edə bilməyib. Slovakiya və ya Sloveniyadakı ortabab klubların şəraiti bizdə olsa, onda irəliyə doğru yeni addım atmış olarıq. Həmin infrastruktur olandan sonra büdcə də artmalıdır. Çünki onları saxlamalıyam. Xərclər artsa da, yeni imkanlar ortaya çıxır. Komandanın 3 günlük toplanışı olur, heç otel-filan tutmuram. Bazada qalırlar, burda yatırlar, qidalanırlar, məşq edirlər. Kadrlar da lazımdır. Demirəm indikilər zəifdir. Amma qıtlıq var. Pul lazımdır. O, ərəb nağılıdır, “Mançester Siti”yə  gəldilər, pulu ortaya atıb, hər şey etdilər. Sizə rəqəm deyə bilmərəm. Mənim üçün rəqəmdən çox, onunla nə etmək lazımdır.

 

- Azərbaycanda çempionluğa oynayacaq klub saxlamaq üçün bir mövüm üçün nə qədər vəsait lazımdır?

- Bizdə örnəklər var da. Böyük məqsədlər üçün ən azı 8 – 10 milyon manat lazımdır. Böyük məqsədlər deyərkən, avrokuboka düşməyi, yaxşı çıxış etməyi nəzərdə tuturam. Qruplara düşənlər kimlərdir? Slovakiyanın, Polşanın, Sloveniyanın klubları Avropa Liqasının qrupuna düşürlər? Düşürlər. Çempionlar Liqası (ÇL) başqa şeydir. ÇL-ə bu gün gəl, 10-15 milyon qoy, mümkün deyil. O hədəfə yavaş-yavaş çatmaq olur. Gərək “bişəsən”, 3-4 il lazımdır. Bəli, 50 milyon qoysan, olar. Amma yenə də həmin məbləğ sənə zəmanət vermir.  Yoxlama oyunu keçirdiyim Rusiyanın “Anji” klubuna yaxın keçmişdə nə qədər vəsait qoyulduğunu bilirsiniz? Son 30 ildə Azərbaycan futbolunda xərclənən vəsaiti onlar 2-3 ilə sərf etdilər. “Anji”ni ÇL-də görmüsünüz? Samuel Etosu, Qus Hiddinki var, amma birdən birə dayandı. Düzdür, çox işlər görüblər. O klubla yaxınlıq edirəm. Çempionatda 3-cü yeri tutdular. Heyətdə Roberto Karlos oynayıb. Bu adları duyanda, adam ayağa qalxmaq istəyir. Amma maksimum bürünc medal əldə etdilər.

 

- Avropa Liqasının da qrupuna düşüblər...

- Həmin pulla Avropa Liqasında bunu bacarmaq hədəfdən aşağıdır. Komanda bir günə qurulmur. Vaxt lazımdır. Gəl pul tök, “transfer pəncərəsi”ndə oyunçu yığım, mümkün deyil.

 

- Bizdə belə bir fikir var ki, çempionatda komanda sayı az olduğu üçün rəqabət azdır və bu da təmsilçilərimizin avrokuboklarda çıxışna mənfiə təsir edir. Lakin reallıq budur ki, Premyer Liqada 8 komanda olandan sonra qitə miqyaslı turnirlərdə daha uğurlu çıxış etdik. Bu barədə nə deyə bilərsiniz?

- Burda bir bağlılıq yoxdur. Mənim fikrim başqa cürdür. Pulları daha səmərəli istifadə etməyə başladıq. Həm 2012-ci ilin “Neftçi”si, həm “Qarabağ”, həm də “Qəbələ”. Əvvəl daha çox pul və daha böyük rəqabət vardı. İndi niyə qrupa düşə bilirik? Çünki vəsaiti düzgün istifadə edirik. Mütəxəssislərimizin, yerli futbolçuların da səviyyəsi artıb. Həm də legioner gətirəndə düzgün seçim edirlər. Son illərin ən uğurlu klubların heyətinə baxın. Baxın görün hər il “Qarabağ”ın heyətində neçə futbolçu dəyişir. Cəmi 5 – 6 nəfər. Əvvəlki illəri yadınıza salın, 15-i gəlirdi, 15-i gedirdi. Bu da peşəkar idarətmə deyil.

 

- Klublarımız 2005-2015-ci illəri əhatə edən futbolun inkişafına dair Dövlət Proqramı çərçivəsində bu sektora axan milyonlardan düzgün istifadə etmədilər. Hazırlanmaqda olan yeni Dövlət Proqramı necə olmalıdır? Məsələn, hər bir kluba 2 milyon ayrılır, qalan vəsaiti də özləri nə qədər bacarsalar tapırlar...

- Allah etsin, yeni Dövlət Proqramımız olsun. Bunun futbola çox böyük dəstəyi olar. Yaxşı olardı ki, proqram qəbul olunan zaman Premyer Liqada 12-14 klubdan söhbət getsin. Dövlətin dəstəyi indi də var. SOCAR nə qədər kluba dəstək olur. Amma təbii ki, bu iş tək SOCAR-ın işi deyil. Dövlət əvvəl kimi bu işə böyük maliyyə qurumlarını, biznes müəssisələrini cəlb etsə, yaxşı olar. Peşəkar futbol komandaların sayı artmalıdır. Birinci bundan başlamaq lazımdır. Səkkiz komandalı çempionat heç kimin ürəyincə deyil. Reallıq budur, nə etmək olar.

 

- “Sumqayıt” klubun prezidenti olmaqla yanaşı, bir dönəm Klublar Komitəsinin (KK) sədri olmusunuz. KK Azərbaycan futboluna nə verib?

- Həmişə kəmiyyətin yox, keyfiyyətin tərəfini tutmuşam. Mənim sədrliyim dövründə KK 4 dəfə yığışıb. Həmin vaxt görülən işlərlə bağlı hesabat verdim. Amma elə söhbətlər olub ki, açıqlamamışıq. Danışmışıq, müəyyən məsələlərdə bir-birimizə dəstək olmuşuq. Verilən təkliflər səsə qoyulur, geci-tezi bir layihəyə çevrilir. Klublar alasında olan həmin ünsiyyət çox vacibdir. Əvvələr klub təmsilçiləri bir-birlərini az qala tanımırdılar. Rəqabət olsa da, mehribançılıq var. Bunu yaradan klublardır. Səkkiz klubuq, gərək mehriban olaq (gülür). Səndən futbolçu gedir ona, ondan digərinə. KK-nın futbolumuza faydası var. Bu, könüllü olan bir qurumdur. Bir-birimizə hörmət edirik ki, gəlirik.

 

- Ancaq bəzi klublar iclaslarda rəhbər şəxslərlə təmsil olunmurlar...

- Düzdür, yaxşı olardı ki, klubu ali rəhbər təmsil etsin. Ancaq burada balaca bir “əmma” var. Biz icra yox, tövsiyyə orqanıyıq. Ona görə də, məsələn, iclasda əvəzimə Rəşad Məmmədov iştirak etdi. Amma yekunda hansısa təklifin hazır olması üçün mənimlə məsləhətləşəcək. Hər iclasdan sonra KK-nın katibi bizə məktub göndərir. Məsələn, “Sumqayıt” klubun təklifi hamıya çatır, onlar da fikir bildirirlər. Həm az hallarda klubu 3 və ya 4-cü dərəcəli şəxslər təmsil ediblər. “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl dəfələrlə gəlib. “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfobv demək olar ki, həmişə orada olub. “Neftçi”dən Orxan Hüseynzadə, “Zirə”dən prezident Natiq İsmayılov da həmçinin.

 

- “Sumqayıt”ın legionerlərdən yararlanamaq siyasəti büdcə ilə bağlıdır, yoxsa başqa amil var?

- Bu büdcə ilə 3-4 legioner gətirənlər də olub. “Sumqayıt” Azərikimya İstehsalat Birliyinin nəzdində yaradılan bir klubdur. Klub təsis ediləndə məni ora dəvət etdilər. Həmin vaxt milli komandanın maraqları nəzərdə tutulurdu. AFFA-da işləyəndə 16-17 yaşlı yığma üzvlərini görüb, tanıyırdım. Bu məsələdə şəxsi təcrübəmdən istifadə etmək istəyirdilər. Siyasətimiz belə olub ki, milli komandaya yeni nəsil yetişdirmək lazımdır. Biz başlayanda legioner limiti 8+3 idi. Bu, indiki ilə müqayisədə böyük fərq idi. Çıxırsan, görürsən ki, azərbaycanlılar oynayır. O vaxtı axtarırdın. Amma indi elə deyil. Son illər ərzində klublar akademiyalara xeyli pul qoydular, yeni futbolçular üzə çıxdı. Bir problem vardı – bu uşaqla nə vaxt və harada oynayacaqlar? Bu, çox aktual sual idi. Ona da cavab olaraq “Sumqayıt” klubu yarandı.

 

- Bir növ ikinci milli komanda kimi...

- Elə deməzdim. Məsələn, SSRİ dövründə Valeri Lobanovski Kiyev “Dinamo”sunun əksər futbolçularınə yığmaya aparırdı. Bax, o, ikinci milli komanda idi. “Sumqayıt” cücələrin yetişməsi üçün bir inkubatordur. Gəlin, buna belə bir ad qoyaq. Həmin cücələri bir neçəsini tanıyırsınız. Onların bəziləri hazırda millidədir.  

 

- AFFA-da çalışdığınız dönəmdə Rusiya vətəndaşı olan Aleksandr Səmədov, Emin Mahmudov kimi futbolçuların Azərbaycan yığmasına cəlb olunması işi ilə məşğul olmusunuz...

- O vaxtı seleksiya ilə məşğul olacaq ayrıca şəxs yox idi. Amma bizim Texniki Departamentin rəhbəri Bernard Lippert futbolyönümlü işlərlər məşğul idi. Həm U-19-un, sonra U-21-in baş məşqçisi idi. Məşqçi kursları təşkil etməklə yanaşı, seleksiya işi də aparırdı. Xaricdən futbolçu tapmaq isə mənə həvalə olunmuşdu. O vaxt çox adam tapmışıq. Məsələn, Ramil Şeydayevi, Ayaz Quliyevi bizim departament tapıb. Şeydayevlə ilk söhbətimiz olanda onun 14 yaşı vardı. Mahmudov və Səmədovla da həmçinin.

 

- Səmədovun Azərbaycan yığmasında oynaması niyə mümkün olmadı?

- Rusiyada belə bir məsələ var: Rusiya yığmasında oynamaq hüququ olmayan şəxs legioner sayılır. Deyək ki, anası və atası rus olan bir şəxs gedib Qazaxıstan yığmasında oynasa, legioner hesab edilir. Səmədov Azərbaycanı seçsəydi, həm Rusiya yığmasının qapıları onun üzünə bağlanacaqdı, həm də legioner sayılacaqdı. Avropa İttifaqına daxil olan ölkələrdə isə qayda fərqlidir. Məsələn, “Bavariya”da çıxış edən hollandiyalı legioner sayılmır.

 

- “Sumqayıt”a cəlb edilən dağıstanlı futbolçular – məsələn, Bədavi Hüseynov, Məhəmməd Mirzənəyov və Şahrudin Məhəmmədəliyev hələ də yüskək dəstədə çıxış edən klublardadırlar və yığmada yer alıblar. Ancaq Almaniyadan gətirilən Cihan Özkara, Əli Gökdəmir, Ufuk Budak, Uğur Pamuk, Tuğrul Erat və daha onlarla futbolçu özlərini doğrutmadılar. Bu gün əksəriyyəti 3 və ya 4-cü liqalarda çıxış edirlər və yığamaya düşmürlər. Azərbaycan klublarında belə heyətə düşə bilməyənlərin bəziləri bizim vətəndaşlıqdan da imtina ediblər. Bunun səbəbi nədir?

- Həmin türklərin milliyə cəlb olunmasında özüm də iştirak etmişəm. Niyə özlərini doğrutmadıqlarına dair sualı onların özünə vermək lazımdır. Onlardan çox şey gözələyirdik. Məsələn, Cem Fələk vardı, bütün Türkiyə həmin uşaqdan danışdırdı. Hər şey futbolçunun özündən asılıdır. Lippert və mən bir komanda formasında işləmişik. Biz həm də yaxın dostuq. Lippetin Azərbaycan futboluna gözə görünməyən o qədər xeyri var ki. İndiki gənc nəslimiz – qara qarayevlər, araz abdullayevlərin yetişməsində bu adamın əməyi var. Bəli, onlar öz klublarında da oynayıblar. Amma onların üzərində bu adamın haqqı çoxdur. Bu uşaqlar ilin 16-17 həftəsini Lippertin yanında olurdular. Necə onun təsiri olmaya bilər? 1992-1993 təvəllüdlülərlə elit raunda çıxıb. Araz Abdullayev, Tərlan Quliyev, Andrey Popoviç, Rəhman Hacıyev və digərləri vardı. İndi ən azı üçü millidədir.

 

- Ancaq məsələn, Araz Abdullayev Lippert gəlməzdən öncə də vardı...

- Razıyam. Demirəm ki, onu yetişdirib. Lippert heç vaxt deməyib ki, kimisə yetişdirib. O uşaqları U-21-ə qədər çatdıra bilib. Təkcə onlar deyil. Niyə Vaqif Cavadovu, Maksim Medvedevi, Elvin Məmmədovu, Vurğun Hüseynovu, Rauf Əliyevi, Əfran İsmayılovu deyən yoxdur? Açın statistikaya baxın. Həmin uşaqlar həmin dövrdə Premyer Liqa klublarında əsas heyət üzvü deyildilər. Tək Lippetin olmasa da, həmin uşaqların böyüməsində Lippertin də rolu var.

 

- Ancaq Almaniyadan gətirilən türklərin heç birinin özünü niyə doğrultmadığının səbəbini demədiniz...

- Futbolçudan futbolçuya fərq var. O uşaqlarla biz U-21 komandamızla İslaniya yığmasını evdə və səfərdə məğlub etdik (1:0, 2:1). Sonra İslaniya yığmasın heyətində yer alan 6 futbolçu Avropa çempionatında qan edib. Bizim uşaqlarda isə artım olmadı. Məsələn, Cihan gəlib Azərbaycanda oynayıb. Amma artırmayıb da. Bu, Kamran Quliyevdən və digərindən asılı deyil. Ona hər cür şərait yardılırdı. İndi Almaniyada 3-ce divizionda oynayır. Halbuki Özkaranı bura böyük işlər üçün gətirmişdik. Özü də həmin uşaqlar Almaniyanın aparıcı klublarının yetirmələridirlər. Onların akademiyalarından futbolçu çıxanda, elə üzərilərində 500 min qiymət olur (gülür). Elə yerlərdən gətirmişik və U-21-ə böyük dəstəkləri olub. Millidə uzun illərdi problemli olan sol cinah müdafiəçisi mövqeyinə Ufuk Budakı gətirmişdik. Adamda Allahdan bir vergi vardı. Avstriyaya, Qazaxlstana qarşı necə yaxşı oynadı. Hamımız dedik ki, vəssalam, bu problemi qoyduq qırağa. Amma qabağa getmədi. İndi Türkiyədə I divizionda çıxış edir. Alınmayıb da bu adamda.

 

- Bəlkə, bu, milliyətlə bağlıdır?

- Əksinə, onlarda alınmalıdır. Biz bir millət, iki dövlətik. Türkiyəni çox istəyirəm. Şimali Kiprdə oxumuşam. Türkpərəstəm.

 

- Bayaq adlarını sadaladığınız yerli futbolçuların əksəriyyəti niyə Avropaya gedə bilmirlər? Nə çatışmır?

- Ciddilik və peşəkarlıq. Eyni sualı Rusiya futbolçularına da şamil etmək olar. Niyə gedib bir oynayıb, sonra qovulurlar? Çünki “evdə hər şey yaxşıdır” formasında düşünürlər. Nə xoşuma gəlir, Son dövrlərdə bizim futbolçuları aparırlar Çexiyaya. Bax, əsil yeri oradı. Tab gətirən qabağa gedəcək. Bizimkilər bu peşəni ciddiyə almırlar. Həm də təhsillə məşğul olmurlar.

 

- Bəs xarici klublarda işləmək üçün məşqçilərimizdə nə çatmır?

-  Bizimkilərə də təlabat olacaq. Amma azdırlar. Bu gün əlimizdən Qurban Qurbanovu alsalar, kim qalacaq (gülür)? Məşqçilərimizin böyüməsini istərdim. Yaxşı məşqçiyə böyük ehtiyacımız var. Bizdə seçim çox olanda, tələbat da olacaq. Onları saymaq üçün əllərimdəki barmaqlar kifayət edər. Futbolçularla yanaşı, məşqçilərimiz də ciddi deyil. Təbii ki, bu hamıya aid deyil.

 

- Futbolçular və məşqçilər ciddi deyilsə, bəs, rəhbərlər necə?

- Ciddi rəhbərlər var. Məncə, indi Premyer Liqa klublarının hamısının rəhbəri ciddi şəxslərdir. Ad çəkmək istəmirəm, I divizionda futboldan ümumiyyətlə anlayışı olmayanlar var. İştirak ərizəsinin belə nə olduğunu bilmirlər.

 

- Hakimlərimizlə aranız necədir?

- AFFA-da işləyəndə hamısını görmüşəm. Onlar da klublar kimi azdır.  Biz onları qorumalyıq ki, onlar da bizi qorusunlar. Hər səhvi faciəyə döndərmək düzgün deyil.

 

- Ötən mövsüm Avropa Liqasına vəsiqəni son anda əldən verdiniz. Bu mövsüm komanda daha yaxşı inamlı təsir bağışlayır və “Qarabağ”ı keçərək Azərbaycan kubokunun yarımfinalına vəsiqə qazanıb. Müqayisə aparsanız, nələr dəyişib?

- Heyətimizin 70 faizi qalıb. Uşaqların özləri böyüyüb, təcrübələri artıb. Bu il uğurlu transfer etdik. Ən axsıyan yerimizi yarımmüdafiə idi, ora da kifayət qədər oyunçu götürdük.

 

- “Qarabağ”ı keçmək sizin üçün sürpriz oldu?

- Bəli. ÇL-dəki oyunlardan sonra “Qarabağ”da mental yorğunluq vardı. Yəqin ki, ilk matçda biz qol vurduq, sonra onlar iki dəfə fərqlənib qalib gəlidilər deyə, bizi asan keçəcəklərini düşündülər. Komandamız “Qarabağ”a normal şans vermədi. Sürpriz də olsa, layiqli qələbə idi.

 

- Avrokuboka vəsiqə qazanmaq sizin üçün hansı anlamı kəsb edir?

- Bu, bir nailiyyət olacaq. Sonra oturub gələcyi düşünəcəyik. Əlbəttə, bizim üçün böyük uğur olar. Klubumuz yerli futbolçularla çıxış edir. Bir məqamı da qeyd edim. İndiyə qədər bizim “11-lik”də bu qədər sumqayıtlı olmayıb.

 

- Avrokuboka vəsiqə qazanmaq üçün daha çox kuboka bel bağlayırsınız, yoxsa Premyer Liqaya?

- Hər oyuna qələbə üçün çıxırsan. Çox böyük, geniş heyəti olan klublar bir yarışda əsas, digərində ehtiyatda qalanlarla oynayır. Amma bizim türklər demiş, “bir buçuk” heyətimiz var (gülür). Yeri gəlmişən, son olaraq bir məqamı qeyd etmək istəyirəm. Baş məşqçimiz Samir Abasovun yubileyidir. Fevralın 1-də 40 yaşı tamam oldu. “Sumqayıt” yaranan gündən bizimlədir. Klubumuzun adından uğurlar arzulayıram. Arzum budur ki, bizi Avropa Liqasına aparsın. Hələ qrup mərhələsini demirəm. Can sağlığı diləyirəm. Abasova həm bizim, həm də Azərbaycan futbolu üçün böyük ümidlər var. Allah ona karyerasında böyük anları yaşamağı nəsib etsin. (Futbol11.az)

Xəbər xətti